Dövlət büdcəsinin makroiqtisadi parametrləri davamlı inkişafa zəmin yaradıb
Azərbaycanda formalaşmaqda olan yeni makroiqtisadi mühit - ümumi daxili məhsulun artımı, milli iqtisadiyyatda sahibkarlar sinfinin mövqelərinin əsaslı şəkildə güclənməsi, ölkənin iqtisadi inkişafında başlıca rol oynayır. Ölkənin iqtisadi inkişafında neft strategiyasından səmərəli istifadə insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Azərbaycanın valyuta ehtiyatları 20 milyarddan 24,7 milyard dollara yüksəlib Xarici ticarətdə dövlət inhisarının ölkəmizdə ləğv edilməsi, bu fəaliyyət sferasının liberallaşdırılması, bazar mexanizmlərindən istifadə geniş imkanlar açır. Respublikanın ixracat potensialının əsasını təşkil edən strateji əhəmiyyətli malların (neft, neft məhsulları, pambıq mahlıcı, qara və əlvan metallar, bir sıra kimya məhsulları və s.) bütün hüquqi şəxslər tərəfindən sərbəst ixrac olunmasına icazə verilir. Neftdən qazanılan vəsaitlərin müəyyən qisminin infrastruktur layihələrinin maliyyələşdirilməsinə yönəldilməsi həm də respublikamızın milli inkişaf modelinin mahiyyətindən irəli gəlir. Bunun nəticəsdir ki, zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsi və digər əhəmiyyətli tədbirlərin nəticəsi olaraq ötən 6 ayda Azərbaycanda ümumi daxili məhsul istehsalı 3,7, o cümlədən, neft sektorunda 2,4, qeyri-neft sektorunda 15,3 faiz artmışdır. İnflyasiya cəmi 4,9 faiz təşkil etdiyi halda, əhalinin pul gəlirləri 9,7 faiz, banklardakı əmanətləri 29 faiz artmışdır. İlin əvvəllərindən ölkənin valyuta ehtiyatlarının 4 milyard dollar artaraq 20 milyarddan 24,7 milyard dollara yüksəlməsi də hökumətin fəaliyyəti ilə bağlı kifayət qədər dolğun təəssürat yaradır. 2010-cu ilin ötən 6 ayında əldə olunmuş uğurlu nəticələrin ümumi statistikası Azərbaycan hökumətinin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslandığını, habelə, qlobal böhranın respublikamız üçün tamamilə geridə qaldığını söyləməyə ciddi əsaslar verir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi strategiya ölkəmizi dinamik inkişaf yoluna çıxarması, uzunmüddətli dövr üçün nəzərdə tutulan iqtisadi siyasət konsepsiyasına əsaslanır. İqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın daha da sürətli inkişafına səbəb olmuş, insanların sosial müdafiəsinin gücləndirilməsinə gətirib çıxarmışdır. Müasir dünyada iqtisadi inkişaf potensialının hər bir dövlətin gücünü şərtləndirən başlıca amili müəyyənləşdirən dövlət başçısı rəhbərlik etdiyi komandanın bütün səylərini də məhz bu istiqamətdə səfərbər etmişdir. Ölkə rəhbəri davamlı siyasi sabitliyə, təhlükəsizliyə, vətəndaş sülhünə, iqtisadiyyatın sürətli inkişafına çalışmış və bu sahədə həlledici uğurlara imza atmışdır.
Azərbaycanın büdcəsində sosialyönümlü xərclərin artırılması da iqtisadiyyatda bu sahənin dominantlıq təşkil etdiyini bir daha təsdiqləyir. Dövlət büdcəsinin makroiqtisadi parametrləri, əvvəlki illərdə olduğu kimi, Azərbaycanda davamlı inkişafın ümumi nəticələrini özündə əks etdirir. Büdcənin məzmunu ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri nəzərdə tutur. Azərbaycanda ən müxtəlif sahələrdə həyata keçirilən islahatlar vətəndaş maraqlarının etibarlı təminatına, eləcə də, sosial problemlərin aradan qaldırılması yolu ilə əhalinin firavan, layiqli həyat tərzinin təmin olunmasına yönəlmişdir. Dövlət başçısı İlham Əliyev tərəfindən sosial-liberalizm xəttinə üstünlük verməklə, sosial problemlərin həlli istiqamətində kompleks tədbirlər həyata keçirmişdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində yeni sosial obyektlər - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi də uğurla aparılmışdır. Əldə edilən nəticələr bölgələrimizdə əhalinin mədəni-intellektual potensialının güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin yüksəlməsinə müsbət təsir göstərmişdir. İnsan amilinin inkişafına xidmət edən informasiya və kommunikasiya texnologiyalarının yüksək səviyyədə təminatı da Dövlət Proqramında əksini tapır.
Azərbaycanın ayrı-ayrı bölgələrinə ardıcıl səfərləri zamanı Prezident İlham Əliyev dövlət proqramlarının icra vəziyyəti ilə yerində tanış olmuş, görülən işlərin səmərəliliyini artırmaq üçün icra strukturlarının rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Dövlət başçısı haqlı olaraq vurğulayır ki, Azərbaycanda iqtisadi modernləşmənin başlıca şərti hər bir sahədə yeni dövrün tələblərinə cavab verən infrastrukturun yaradılması yolu ilə insan resurslarının inkişafıdır. Respublika əhəmiyyətli magistral yolların təmiri, bölgələrin elektrik enerjisi, işıq, qaz, su kimi problemlərinin həlli, kommunal xidmət sferasında mütərəqqi islahatların aparılması kimi tədbirlər bütövlükdə Azərbaycan vətəndaşlarının firavan və rahat yaşayışının təmin edilməsi məqsədindən irəli gəlir.