İqtisadi İnkişaf Nazirliyi çörək və unun qiymətinin monitorinqini aparır
Son zamanlar dünya bazarında taxılın qiymətində müşahidə edilən artımla əlaqədar ölkə ərazisində taxıl məhsullarının süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən çörəyin və unun qiymətinin gündəlik monitorinqi aparılır.
Qurumun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, aparılan monitorinqlər nəticəsində çörəyin qiymətində dəyişiklik müşahidə edilməyib. Bundan başqa, monitorinqlər zamanı un istehsal edən müəssisələrin topdansatış qiymətlərində artım müşahidə edilməsə də, bəzi pərakəndə satış obyektlərində bir kisə 50 kq-lıq əla növ unun qiymətinin 2 manatadək bahalaşdığı müşahidə edilib. Qeyd olunanlarla əlaqədar, Dövlət Xidməti tərəfindən ticarət obyektlərində unun qiyməti ilə bağlı yoxlamalara başlanılıb. Yoxlamalar nəticəsində süni qiymət artımına yol verdiyi müəyyən edilən təsərrüfat subyektləri barəsində qanunvericiliyə müvafiq tədbirlər görüləcək.