PDF Oxu

İqtisadiyyat

  • 12

Azərbaycanın valyuta ehtiyatları 20 milyard dollardan 24,7 milyard dollara çatıb

Azərbaycanın valyuta ehtiyatları 20 milyard dollardan 24,7 milyard dollara çatıb
Dövlətin iqtisadi siyasətinin əsas istiqamətlərindən biri bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməklə yanaşı, sosialyönümlü problemlərin həllidir. Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna davamlı dövlət qayğısı yoxsulluğun səviyyəsinin ildən-ilə aşağı düşməsinə zəmin yaradıb. 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" və onun davamı olaraq dövlət başçısı İlham Əliyevin 4 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq olunan "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkədə işsizlik probleminin həllinə, regionların tarazlı inkişafına xüsusi təkan vermişdir. Bu proqramlardan irəli gələn vəzifələrin uğurla icra olunması, ölkə vətəndaşlarının kəndlərdən şəhərlərə axınının qarşısını almış, Azərbaycanda qeyri-neft sektorunun dayanıqlı inkişafına hərtərəfli şərait yaratmışdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı birinci Dövlət Proqramının ən mühüm nəticələrindən biri kimi bölgələrdə yeni iş yerlərinin açılması Azərbaycanın bütün regionlarını əhatə edir. 2003-2008-ci illər ərzində Azərbaycanda bütün regionları əhatə etməklə 27 min 500 yeni müəssisə və 766 mindən çox yeni iş yeri açılıb. Bu müəssisələrin 40 faizi, iş yerlərinin isə 80 faizi məhz regionların payına düşüb, açılan 766 min yeni iş yerinin 547 mini daimi olub.
Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın sürətli inkişafına və bir sıra nəticələrin əldə olunmasına gətirib çıxarmışdır. Dövlət başçısının 2003-cü ildən iqtisadi siyasətin ana xəttinə çevirdiyi regional inkişaf konsepsiyasına əsaslanan dövlət siyasəti Azərbaycan xalqının sosial təhlükəsizliyinin daha da güclənməsi üzərində köklənərək, inamla davam etdirilib. Bütün sahələrdə yeniləşən Azərbaycan da hazırkı yüksək inkişaf mərhələsində infrastrukturun müasir tələblərə uyğun qurulması, insanların firavan və rahat yaşayışı, sahibkarlığın dinamik inkişafı ilə şərtlənir. Bu gün həm də ölkənin milli təhlükəsizliyi ilə bağlı məsələdir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat ayrılmışdısa, 2007-ci ildə bu rəqəm 1,5 milyard, 2008-ci ildə 4,3 milyard, 2009-cu ildə 5,6 milyard vəsait ayrılmışdır.
Sözügedən Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasının Azərbaycanın sosial-iqtisadi inkişafında əhəmiyyətini nəzərə alan dövlət başçısı regionların sərvətlərindən və təbii şəraitindən səmərəli istifadə edilməsi ilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına, qeyri-neft sənaye sahələrinin inkişafını proritet vəzifələrdən biri kimi müəyyənləşdirdi. Azərbaycanın neftdən asılılığının aradan qaldırılması və qeyri-neft sektorunun inkişaf etdirilməsini diqqət mərkəzində saxlayan Prezident İlham Əliyev emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərinin, turizmin inkişafının təmin olunması, məşğulluğun səviyyəsinin yüksəlməsinə zəmin yaradan sosial-iqtisadi siyasətə önəm verməsi ölkədə sosial təhlükəsizliyin qarantına çevrilib. Azərbaycanda son altı ayda 36 min yeni iş yerləri açılması bütün bunları deməyə əsas verir. Dövlət proqramalarının icrası nəticəsində 900 min yeni iş yerləri açılmışdır ki, onlardan 600 mindən çoxu daimi iş yerləridir.
Uğurla reallaşdırılan iqtisadi siyasət ölkəmizdə inflyasiya göstəricisinin, bir sıra xarici dövlətlərdə olduğu kimi, ikirəqəmlə ifadə olunmasına imkan vermir. Son 6 ayda ölkədə inflyasiya 4,9 faiz təşkil edib. Ümumilikdə, bu göstəricinin normal olması, əhalinin pul gəlirlərinin 9 faiz artdığının göstəricisidir. 2009-2010-cu illərin tarixdə böhranlı illər kimi qalacağına baxmayaraq, Azərbaycan vətəndaşlarının gəlirləri artır və inflyasiyanın templərini qabaqlayır. Bununla yanaşı, 2010-ci ilin birinci yarımilliyində ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əməkhaqqı keçən ilin eyni dövrünə nisbətən 5 faiz artıb. Nəticədə, bu sahədə orta aylıq əmək haqqının 315,2 manat olması dövlət başçısının imzaladığı mühüm dövlət proqramları, fərman və sərəncamlarında qarşıya qoyulan məqsədlərə daxildir. Dövlət Statistika Komitəsinin məlumatına görə, mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, inzibati və yardımçı xidmətlərin göstərilməsi, peşə, elmi və texniki fəaliyyət sahələrində, tikintidə orta aylıq əmək haqqı daha da yüksəkdir. Azərbaycanda regionların inkişafı proqramı uğurla davam edir və regionlarda gedən quruculuq-abadlıq işləri artıq reallıqdır. Azərbaycanın yeni reallıqları ondan ibarətdir ki, hər bir bölgədə inkişaf var, hər bir bölgədə sosial-iqtisadi proqramlar icra olunur, investisiyalar qoyulur.
Ölkəmizdə həyat səviyyəsinin yaxşılaşmasına təsir edən daha bir amil dövlət büdcəsinin sosialtutumlu olmasıdır. Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev Azərbaycanda aparılan islahatları, xüsusilə, qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların bugünkü reallıqları təmin etdiyini qeyd edib: "Bundan sonra da qeyri-neft sektoruna xüsusi diqqət göstəriləcək və qeyri-neft sektorunun 15 faizdən çox artması Azərbaycan iqtisadiyyatının çoxşaxəli iqtisadiyyat olduğunu göstərir. Bizim məqsədimiz neft amilindən uğurla istifadə edib Azərbaycanın bütün sahələrini inkişaf etdirməkdən ibarət olmuşdur və biz bu məqsədə çatmışıq".
Azərbaycanda böyük maliyyə resurslarının yaradılması nəticəsində cari ilin əvvəlindən Azərbaycanın valyuta ehtiyatları artaraq - 20 milyard dollardan 24,7 milyard dollara çatmışdır. Əldə olunan nəticə Azərbaycanın iqtisadi sahədə istənilən məsələnin, istənilən infrastruktur layihəsinin öz gücünə arxalanaraq icrasına təminat yaradır. Azərbaycan xalqının sosial təhlükəsizliyinə hesablanan dövlət siyasəti ölkədə islahatların davamlı aparılması, şəffaflığın təmin olunması bu siyasətin tərkib hissəsidir. Azərbaycan hakimiyyətinin vətəndaşların sosial problemlərinin həllinə həssaslıqla yanaşması digər istiqamətlərdə də aydın hiss olunmaqdadır. Belə ki, büdcədən maliyyələşən strukturlarda çalışan vətəndaşlarımızın aylıq məvacibləri və pensiyalar da ilbəil əhəmiyyətli dərəcədə artır.

Digər xəbərlər