İqtisadi uğurlar xalqa firavanlıq gətirir
Son illər regionlarda gedən inkişaf prosesi sosial-iqtisadi cəhətdən canlanmaya səbəb olub və yerlərdə sosial infrastrukturun yaxşılaşdırılması, son nəticədə, əhalinin ictimai təşəbbüskarlığının artmasına, sahibkarlığın, xüsusi mülkiyyətin inkişafına təkan verir. Bütün bunlarla yanaşı, qeyri-neft sektorunun, xüsusən, aqrar sahənin inkişafına böyük diqqət yetirilir. Bu da ərzaq təhlükəsizliyi strategiyasının reallaşması baxımından müstəsna əhəmiyyət kəsb edir.
Bu barədə "Səs" qəzetinə açıqlama verən millət vəkili Vahid Əhmədov bildirdi ki, dünyada yoxsulluğun səviyyəsi artdığı, ərzaq təhlükəsizliyinin təmin edilmədiyi bir vaxtda Azərbaycanda yoxsulluğun səviyyəsi aşağı düşür: "Azərbaycanda yoxsulluğun 49%-dən 12%-ə endirilməsi dövlətin uğurlu iqtisadi strategiyasının nəticəsidir. Azərbaycan iqtisadiyyatına qoyulan investisiyanın 80%-i yerli sahibkarların payına düşür. Bu isə, ölkədə normal biznes mühitinin bir daha ortaya qoyulduğunu sübut edir. Ümumilikdə, Azərbaycanda biznes-investisiya mühiti kifayət qədər əlverişli və cəlbedicidir. Azərbaycanda iqtisadi fəaliyyətin çox şaxəli inkişafı üçün kifayət qədər geniş potensial və zəngin ehtiyatlar mövcuddur".
Vahid Əhmədov onu da bildirdi ki, ölkədə torpağın məhsuldarlığı, su təhcizatı sistemi olduqca əlverişlidir. Təbii sərvətlərin zənginliyi yerli iqtiasadiyyatın dinamik inkişaf edən modelini qurmağa imkan verir.
İqtisadi zonaların yaradılmasının gecikməsinə gəlincə isə, millət vəkili bildiridi ki, ümumiyyətlə, iqtisadi zonaların gecikməsinin səbəbi başa düşülən deyil: " Azad iqtisadi zonaların yaradılmasının gecikməsi bizi narahat edir. Xüsusi iqtisadi zonalar haqqında qanun yox idi, onu qəbul etdik. Amma yenə də ortada bir nəticə yoxdur. Bu, İqtisadi İnkişaf Nazirliyinə aid olan məsələlərdən biridir və bu məsələyə xüsusi olaraq diqqəti artırmaq lazımdır. Azərbaycan üçün iqtisadi zonaların çox böyük əhəmiyyəti var. Hətta bu yaxınlarda Türkiyənin ticarət naziri Azərbaycanda olarkən, iqtisadi zonanın yaradılmasını təklif etmişdi".
Millət vəkili vurğuladı ki, azad iqtisadi zonalarının yaradılması iqtisadi inkişafın sürətləndirilməsi kimi əlverişli üsullardan sayılır: "Belə zonalar müxtəlif istiqamətlərdə azad, sərbəst iqtisadi fəaliyyətə imkan verir. Bu da həm istehsal, həm də ticarət dövriyyəsinin stimullaşdırılmasına bütövlükdə iqtisadi səmərənin artmasına səbəb olur. Azad iqtisadi zonaların investisiya üçün mümkün qədər ən əlverişli şərtlər tətbiq olunmalıdır".
"Rəqabət Məcəlləsinin Milli Məclis tərəfindən qəbul olunmasının bazarda rəqabət mühitinin yaranmasına zəmin yaradarmı" sualını cavablandıran millət vəkili qeyd etdi ki, qanunun qəbulu bazarda ədalətli rəqabət mühitinin yaranmasına imkanlar yaradacaq. Yəqin ki, Milli Məclisin payız sessiyasında Rəqabət Məcəlləsinin qəbulu reallaşacaq.