PDF Oxu

İqtisadiyyat

  • 13

Dövlət ipoteka kreditlərinin həcmi 100 milyona çata bilər

Dövlət ipoteka kreditlərinin həcmi 100 milyona çata bilər

Əhalinin yaşayış şəraitini yaxşılaşdırmaq, mənzil tikintisinin səmərəli maliyyələşdirmə mexanizmini yaratmaq, bu sahədə formalaşan təklifin alıcılıq qabiliyyətli real tələbə uyğunlaşmasını təmin etmək və ipoteka kreditləşməsinə yerli və xarici investorları cəlb etmək məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu fəaliyyət göstərir. Hazırda Azərbaycanda ipoteka kreditlərinin verilişi hansı vəziyyətdədir? Bu suala cavab tapmaq üçün iqtisadçılara müraciət etdik.
İqtisadçı-ekspert
Vüsal Qasımlı :

- Azərbaycan 2006-cı ildən ipoteka kreditləşdirməsinə başlayıb. 2006-cı ildə adambaşına cəmi 20 qəpik ipoteka krediti düşürdüsə, 2007-ci ildə bu göstərici 5 manat 28 qəpik, 2008-ci ildə 7 manat 34 qəpik, 2009-cu ildə 17 manat 5 qəp, bu il iyun ayının hesablanmasına görə, 22 manat 60 qəpiyə qədər çatıb. Bütün bunlar onu göstərir ki, ölkədə ipoteka həcmi getdikcə artıb inkişaf edir. Eyni zamanda, ipoteka kreditləşməsinin əsas mənbəyi 2005-ci ildə 6 milyon manat olub. 2006-cı ildən isə 3 mənbədən formalaşıb. Birinci mənbə dövlət büdcəsi, ikinci mənbə banklar tərəfindən verilmiş ipoteka kreditləri və Azərbaycan İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləridir. Əsas yük 2006-cı ildə dövlət büdcəsi tərəfindən verilən ipoteka kreditləri üzərinə düşüb. Bu ipotekanın xərci 20 milyon manat təşkil edib. 2010-cu ilin göstəricisinə görə dövlət büdcəsindən ipoteka kreditləşməsinə 5,1 milyon manat ayırılıb. Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi isə 52,1 milyon manat olub. Azərbaycanın İpoteka Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi isə 45,7 milyon manat olaraq hesablanıb. Gördüyümüz kimi, dinamika var. İpoteka bazarı inkişaf etməkdədir. Borc alanların tərkibinə nəzər salsaq, görərik ki, ipoteka kreditlərinin alınmasında ən çox ipoteka krediti alan şəxslər əsasən 18-29 yaş arası olan gənclərdir. Bu göstərici 41% təşkil edir. Bu göstəricini 30-35 yaş arası olan insanlar izləyir. Bu da təxminən 31% olaraq müəyyənləşib. 36 yaşdan yuxarı olan insanlar isə 28 % olaraq hesablanıb. Onu da qeyd edək ki, bu göstərici zamanla dəyişilir və daha da yüksək səviyyəyə çatması gözlənilir. Azərbaycanda yeni tikilən mənzillərə tələb təklifdən 2 dəfə çoxdur. Bu da, onu göstərir ki, dövlət mütəmadi olaraq, ipoteka kreditlərinin genişlənməsində maraqlı olmalıdır. Hazırda vəziyyət bizə, bu prosesin getdiyini deməyə əsas verir. Bundan əlavə, bu haqda müxtəlif mexanizmlər işə düşməlidir. O cümlədən, mənzil sertifikatlarını və tikinti işlərinə malik bankların yaradılmasına ehtiyac var. Bu iki mexanizm əhalinin həm girov məsələsini həll etməyə kömək edəcək, həm də ilkin ödəniş problemini həll etməyə yardımçı olacaq. Eyni zamanda, ipoteka kreditləşməsinin həcmi artdıqca dövlət daha ehtiyatlı siyasət yürütməyə başlayır. Rusiya və Amerikada da, gördüyümüz kimi, böhran əsasən ipoteka bazarından başlayıb. Onun üçün də ipoteka kreditlərinin verilməsi zamanı müştərilər etibarlılığı götür-qoy etməlidir.
İqtisadçı millət vəkili Vahid Əhmədov :
- Bildiyimiz kimi, ipoteka krediti dünyada ən məşhur kredit formasıdır. Azərbaycanda da bu kredit növünün olması hamımıza məlumdur. O cümlədən, ipotekanın bir neçə forması ölkəmizdə fəaliyyət göstərir. Sosial ipoteka, kommersiya ipotekası və başqa ipoteka növləri daha çox istifadə olunan növlər sırasına daxil olub. Qeyd etmək lazımdır ki, bu fəaliyyət müəyyən müddət işləsə də, daha sonra saxlanıldı. Saxlanılma səbəbi kimi, dünyada baş verən maliyyə böhranı və vəsaitin az olması göstərildi. Eyni zamanda, banklarda müəyyən problemlərin yaranması da buna səbəb kimi göstərilə bilər. Fikrimcə, ipoteka kredit imkanlarından geniş istifadə etmək lazımdır. Müəllimlərə, gənc ailələrə, ümumiyyətlə, ehtiyacı olanlara bu imkandan istifadə etmələri üçün şərait yaratmaq lazımdır. O cümlədən, kommersiya ipotekasına geniş imkanlar yaratmaq lazımdır. Yüksək faizlərin olmamasına geniş diqqət ayırmaq lazımdır. Azərbaycan iqtisadiyyatının ipoteka sahəsinə ehtiyacı olduğu bir faktdır. Onu da qeyd etmək lazımdır ki, 14 milyon vəsait ayrılmışdı. Bu rəqəmi 90 milyon 100 milyona qaldıracağını düşünürdük. Lakin təəssüflər olsun ki, bu rəqəm qaldırılmadı. Buna səbəb tikintilərdə istənilən qədər yüksəliş tempi yoxdur. Qeyd edək ki, mənzilə ehtiyacı olan insanlarımızın sayı həddindən artıq çoxdur. Ümumiyyətlə, ipoteka krediti alan vətəndaşlarımızın sayı çox azdır.

Digər xəbərlər