PDF Oxu

İqtisadiyyat

  • 11

Azərbaycanın sıxılmış qazının nəqlinə dair prezidentlər görüşəcək

Azərbaycanın sıxılmış qazının nəqlinə dair prezidentlər görüşəcək
Azərbaycanın sıxılmış qazının Gürcüstana, buradan isə Rumıniyaya və daha sonra digər Avropa ölkələrinə nəqlinə dair qəbul olunan cari ilin 13 aprel tarixində "Maye qazın nəqli sahəsində əməkdaşlıq haqqında" Buxarestdə imzalanan memorandum çərçivəsində tərəflər arasında iqtisadi münasibətlər daha da dərinləşdirib.
Azərbaycan qazının Rumıniyaya və oradan da Avropa ölkələrinə nəqli imkanları gələcəkdə çox sərmayə gətirən bir layihə kimi dəyərləndirilir. 12 may 2010-ci ildə Tbilisidə Azərbaycan, Gürcüstan və Rumıniyanın hökumət rəsmilərinin iştirakı ilə görüş çərçivəsində ölkələr arasında bir protokol imzalanıb. Protokolda qeyd olunur ki, Azərbaycan, Gürcüstan və Rumıniya yeni bir şirkət yaradacaq. Rumıniya prezidenti tərəfindən irəli sürülən bu ideyanı Azərbaycan prezidenti İlham Əliyev də dəstəkləyib. Buxarest şəhərində imzalanan anlaşmada qeyd olunur ki, Rumıniya və Gürcüstanda Qara dəniz sahilində yeni terminallar tikilsin, eyni zamanda, boru kəməri sahillə birləşdirilsin. Üç elementdən ibarət olan layihə Azərbaycan üçün yeni bir dəhliz rolunu oynamaqla, "Azerbaijan-Georgia-Romania İnterconnection" marşrutu üzrə sıxılmış Azərbaycan qazının Rumıniyaya çatdırılmasını nəzərdə tutur. Layihənin həyata keçirilməsi istiqamətində bu il sentyabrın 14-də Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentləri İlham Əliyev, Mixail Saakaşvili və Trayan Besesku arasında "Azerbaijan-Georgia-Romania Interconnection" marşrutu üzrə qaz nəqli layihəsinə dəstək məqsədilə görüşün keçirilməsi planlaşdırılır.
Azərbaycan Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, tərəflər qarşıdakı sammitin yekunları üzrə Bakı bəyannaməsini imzalayacaqlar. Verilən məlumatda qeyd edilir ki, bütün lazımi sənədlərin razılaşdırılması üçün sentyabrın 6-da Bakıda işçi qrupunun, sentyabrın 13-də isə üç ölkənin energetika nazirlərinin görüşü keçiriləcək: "Bakı sammitində Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun və energetika üzrə Avropa komissarı Günter Ottingerin iştirakı gözlənilir. Bundan əvvəl "Azerbaijan-Georgia-Romania İnterconnection" layihəsi çərçivəsində üçtərəfli işçi qrupu yaradılıb. İşçi qrupu birgə müəssisənin yaradılması prosesi ilə də məşğul olur".
Payızda Rumıniyada birgə müəssisənin yaradılması prosesinin başa çatacağı gözlənilir. Onun tərkibinə layihənin iştirakçısı olan hər üç ölkənin nümayəndələri daxildir. Birinci mərhələdə BM texniki-iqtisadi əsaslandırmanı hazırlayacaq və artıq bundan sonra şirkət investisiyaların axtarışı, Gürcüstanda və Rumıniyada terminalların, eləcə də, layihə iştirakçısı olan hər üç ölkənin ərazisində müvafiq infrastrukturların tikintisi ilə məşğul olacaq. Sentyabrdan BM artıq layihənin TİƏ-sinin hazırlanması üzrə tender elan edə biləcək.
Qeyd edək ki, marşrut üzrə sıxılmış Azərbaycan qazı, nəinki Rumıniyaya, həm də Qara dəniz ölkələrinə - Ukrayna və Bolqarıstana çatdırmaq iqtidarındadır. Bu kəmərin Bosfor boğazından Aralıq dənizinə qədər perspektiv imkanlara malik olduğunu nəzərə alan Azərbaycan yaranmış yeni imkandan istifadə edəcək. Layihənin icrası istiqamətində Azərbaycan qazının sıxılması üçün dəyəri 4-6 mlrd. avro təşkil edən Kulevi neft terminalının da tikintisi nəzərdə tutulub. Digər terminalın isə Rumıniyada tikilməsi nəzərdə tutulub. Layihəyə görə, Azərbaycan qazı Gürcüstanda sıxılacaq, Rumıniyaya nəql edilib, orada maye halına salınacaq və bundan sonra Avropa ölkələrinin qaz təminatı ödəyəcək. Layihə Azərbaycan qazının Gürcüstanın Qara dəniz sahillərindən qaz kəmərləri vasitəsilə nəqlini, orada xüsusi terminalda mayeləşdirilməsini və bundan sonra tankerlərlə Rumıniyanın Konstansa limanındakı terminala çatdırılmasını nəzərdə tutur. Sonra maye qaz təbii qaz halına gətiriləcək və ölkə ərazisində mövcud olan qaz infrastrukturlarından istifadə etməklə, Rumıniya və digər Avropa ölkələrinin qaz təchizatının təmin edilməsinə yönəldiləcək.

Digər xəbərlər