"Meşələrdə baş verən yanğınların səbəbi vətəndaşların yanğın təhlükəsizlik qaydalarına əməl etməmələridir"
"Meşələrdə baş verən yanğınların səbəbi bəzi üzdəniraq vətəndaşların yanğın təhlükəsizlik qaydalarına əməl etməmələridir". Bu sözləri SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin aparıcı məsləhətçisi Siyasət Qarayev deyib. Onun sözlərinə görə, yanğınlar əsasən aran rayonlarında və dağətəyi ərazilərdə - Şabran, Quba, Hacıqabul, Oğuz, Yalamada baş verir.
Mütəxəssis qeyd edib ki, bir çox hallarda yanğınlar taxıl zəmilərində, kövşənlərdə baş verdiyi halda kütləvi informasiya vasitələri bunları meşə fonduna aid edirlər. S.Qarayev bildirib ki, yanğınların böyük əksəriyyəti insanların məsuliyyətsizliyindən irəli gəlir: "Zəmilərin kənarı ilə gedilən yollarda avtomobillərdə siqaret çəkən insanlar hələ sönməyən kötükləri pəncərədən atırlar. Yol kənarında yığılmış otlar isə barıt kimi yanğına meyilli olur. Yanan quru otlar isə külək vasitəsilə yaxınlığdakı meşə zolaqlarına keçir. Və yaxud meşələrdə dincələn insanlar istirahət edəndən sonra ocaqları söndürmürlər".
Nazirlik rəsmisi qeyd edib ki, torpaq mülkiyyətçiləri və fermer təsərrüfatı rəhbərləri ilə nə qədər təbliğat işləri aparılsa da onlar yenə də zəmiləri biçəndən sonra, kövşənlərə od vururlar. Mütəxəssisin fikrincə bu, həm torpağın münbit qatını yararsız hala salır, həm də meşə zolaqlarında yanğın təhlükəsi yaradır. S.Qarayev vurğulayıb ki, yanğın təhlükəsizliyinə əməl edilməsi üçün həm mətbuatda, həm də əhali arasında maarifləndirmə işləri aparılır: "Hətta Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları ilə birgə regional müşavirələr keçirilir. Amma əfsuslar olsun ki, insanlar buna əməl etmirlər".