PDF Oxu

İqtisadiyyat

  • 14

Azərbaycanın iqtisadi uğurları davamlı xarakter daşıyır

Azərbaycanın iqtisadi uğurları davamlı xarakter daşıyır

Azərbaycanın iqtisadiyyatı surətlə inkişaf edir. Son 6 ayın sosial-iqtisadi yekunlarının göstəricilərinin artımı da bunu sübut edir.
Azərbaycan iqtisadiyyatının inşafında qarşıda duran vəzifələrindən biri də Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulma məsələsidir. Ekspertlərin fikrincə, Azərbaycanın ÜTT-yə qoşulması üçün azad iqtisadi zonaların inkişaf etdirilməsi zəruridir. Bu barədə müsahiblərimizin fikirlərini öyrəndik.

İqtisadçı-ekspert Vüqar Bayramov:

- ÜTT-nin təklifləri, iradları daha çox iqtisadiyyatın liberallaşması yönümündə olur. Azad iqtisadi zonaların yaradılması məhz ÜTT prinsiplərinə uyğun olaraq, iqtisadiyyatın qurulmasına, həmçinin, inkişafına təkan verəcəkdir. Bu barədə cənab Prezidentimizin də vurğuladığı kimi, qəti addımlarla irəliləyən Azərbaycan iqtisadiyyatı beynəlxalq təşkilatlara inteqrasiyada maraqlıdır. Nəticə etibarı ilə ÜTT-yə qoşulma başlıca məqsədlərdən biridir. Azərbaycan iqtisadiyyatının bütün sahələrində liberallaşma müşahidə olunur. Azad iqtisadi zonaların yaradılması və inkişafı ÜTT-nın liberallaşma prinsipinə uyğundur. Təbii ki, bu da Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyasının sürətlənməsi deməkdir. Ümumiyyətlə, azad iqtisadi zonaların yaradılmasında məqsəd regionlara xarici investisiyanın cəlb olunmasını sürətləndirmək və büdcə daxilolmalarında qeyri-neft sektorunun payının artmasına nail olmaqdan ibarətdir.

İqtisadçı-ekspert Aydın Hüseynov:
- İqtisadiyyatda inkişaf o dövlətlərdə güclü olur ki, ölkənin həm təbii sərvətləri, həm siyasəti yetərincə yüksək keyfiyyətə malik olsun. Azərbaycan Respublikasında da bütün bu şəraitlər mövcuddur. Azad iqtisadi zonaların yaradılması üçün əlverişli imkan var. Birləşmiş Ərəb Əmirlikliyində olan Dubay azad iqtisadi zonada yerləşdiyi üçün, ölkənin iqtisadiyyatında bu amil mühüm rol oynayır. Qeyd etmək lazımdır ki, Azərbaycanda bu ideya çoxdan var. Bu ideyanın gerçəkləşdirilməsi, ölkənin həm siyasi nüfuzunun, həm də iqtisadi qüdrətinin daha da gücləndirilməsinə xidmət edir. Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına qoşulması respublikamız üçün mühüm əhəmiyyət daşıyır. ÜTT-yə qoşulmağımız, Azərbaycan brendi altında məhsulların dünya bazarına çıxarılması, o cümlədən, layihələrin həyata keçirilməsi yönümündə perspektiv vəd edir. Onu da qeyd etmək istəyirəm ki, bütün bu iqtisadi münasibətlər ölkənin iqtisadi inkişafından əlavə, ölkənin siyasi imicinin də formalaşmasında mühüm rol oynayacaqdır.

Digər xəbərlər