PDF Oxu

İqtisadiyyat

  • 29

2010-cu ilin birinci yarısı ölkə iqtisadiyyatı üçün uğurlu olub

2010-cu ilin birinci yarısı ölkə iqtisadiyyatı üçün uğurlu olub

Məlum olduğu kimi, iyul ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. Müşavirədə ölkə miqyasında iqtisadi inkişaf nəzərə çatdırılmış, ilin ilk altı ayının sosial-iqtisadi göstəriciləri müzakirə olunmuşdur. Prezident İlham Əliyev giriş nitqi zamanı ölkədə qeydə alınan iqtisadi inkişafın yüksək göstəricilərini nəzərə çatdıraraq ilin birinci yarısında iqtisadi inkişafın 3,7 faiz olduğunu nəzərə çatdırdı. Azərbaycan iqtisadi inkişafının istiqamətlərinin çoxşaxəli olduğunu nəzərə çatdıran cənab Prezident bu inkişafın istər neft, istərsə də qeyri-neft sektorunda qeydə alındığını bildirdi. Neft sektorunda artımın 2,4 faiz, qeyri-neft sektorunda isə 15,3 faiz olmuşdur. Eyni zamanda, valyuta ehtiyatlarımızın 20 mlrd dollardan 24,7 mlrd dollara çatması barədə Prezidentin verdiyi açıqlama yüksək iqtisadi inkişafdan xəbər verir.
Ölkə rəhbərliyi tərəfindən aparılan davamlı iqtisadi siyasət nəticəsində ölkəmizdə sosial-iqtisadi göstəricilər artmış, yeni iş yerləri açılmış, əhalinin orta əməkhaqqı artaraq 400 dollara çatmışdır. Ən əsası da ondan ibarətdir ki, bütün bu göstəricilər məhz ilin ilk altı ayı ərzində əldə olunmuşdur. Əldə olunmuş bu yüksək göstəricilərin Azərbaycanın gələcəkdə öz iqtisadi potensialını inkişaf etdirmək üçün hansı perspektivləri vəd etdiyin barədə isə iqtisadçı ekspertlərin fikirləri öyrəndik. Onlar da bu inkişafdan razı qaldıqlarını və bu göstəricilərin Azərbaycanın gələcək iqtisadi inkişafı üçün müsbət zəmin yaratdığını nəzərə çatdırdılar.

"AZƏRBAYCAN İQTİSADİYYATI HƏR AN MÜHARİBƏ RELSİ ÜZƏRİNƏ KEÇİRİLMƏYƏ HAZIRDIR"

İqtisadçı ekspert Vüsal Qasımlı:

"İlk növbədə, onu nəzərinizə çatdırmaq istərdim ki, dünyada hazırda iqtisadi böhran davam edir. Bu böhranın bəzi görünən istiqamətləri açıq-aşkar hiss olunur. Bu, birinci növbədə xarici borclanmadır, ikincisi tədiyyə balansının kəsiridir, daha sonra büdcə kəsiridir, valyuta ehtiyatlarının azalmasıdır, iqtisadi artımın zəifləməsidir və sosial gərginlikdir. Sadalanan bu altı istiqamətin heç biri Azərbaycanda hiss olunmur. Məsələn, xarici borclanma ilə bağlı mən sizə deyim ki, Azərbaycanın hazırda dövlət borcu 3 mlrd dolların ətrafındadır və bu da MDB-də ən aşağı göstəricilərdən biridir. Və yaxud da tədiyyə balansı hətta Avropa ölkələri üçün çox ciddi problemdir. Amma Azərbaycanın tədiyyə balansında müsbət iqtisadi meyillər get-gedə artır. Büdcə kəsiri barədə ümumiyyətlə danışmaq olmaz. Son dəyişiklikdən sonra Azərbaycanın büdcəsi 15 mlrd dolların üstündədir və ilin sonuna kimi büdcənin 20 mlrd dollara çatacağı gözlənilir. Çünki büdcədə neftin qiyməti 60 dollar götürülübsə, biz gözləyirik ki, bu qiymət 70-90 dollar intervalında olacaq. Hər bir dollar artım ölkənin xəzinəsinə 200 mln dollardan artıq illik gəlir vəd edir. Eyni zamanda, bütün dünyada iqtisadi artım bu il 4 faizdən artıq proqnozlaşdırılır, amma Azərbaycanda sevindirici haldır ki, qeyri-neft sektoru ilin ilk altı ayında 15 faizdən artıq artıb. Neft sektorunda artım 2,5 faizdir. Bu, o demək deyil ki, biz neft sektorunda artım əldə edə bilmirik. İstəsək, biz bu faiz göstəricisini artıra bilərik. Sadəcə olaraq, cənab Prezidentin də, qeyd etdiyi kimi, biz çalışırıq ki, nefti dünya bazarına qiymət siyasətini nəzərə alaraq çıxaraq. Yəni neft ucuz olan vaxt onu çıxarıb satmağın heç bir mənası yoxdur.
Sosial gərginliklə də bağlı onu deyim ki, indi dövlət tərəfindən bəzi xarici ölkələrdə, xüsusilə, Avropada büdcə kəsirlərini azaltmaq üçün vergiləri artırırlar və sosial ödənişlər azaldırlar. Nəticədə İspaniya, Yunanıstan, Almaniya, Fransa kimi ölkələrdə sosial gərginlik yaşanır. Azərbaycanda isə sosial gərginliyin artması gözlənilmir. Çünki bizdə əksinə vergilərin azaldılması, ölkədə maaşların, pensiyaların, müavinətlərin artırılması prosesi davam edir. İlin ilk altı ayı ərzində əhalinin gəlirləri 9 faizdən çox artıb, halbuki inflyasiya 4,9 faiz təşkil edir. Bu, o deməkdir ki, əhalinin gəlirlərinin artım sürəti yüksəkdir. Bütün bunlar, əlbəttə ki, Azərbaycanın iqtisadi inkişafı üçün çox yüksək perspektiv vəd edir. Burada bəzi faktorlar var ki, onlar xüsusilə nəzərə alınmalıdır. Məni çox sevindirən qeyri-neft sektorunun 15 faizdən çox artımıdır. İkincisi ilk altı ayda Azərbaycanın investisiya agentliyində mənfi 3 B investisiya reytinqi almasıdır. Bu, çox ciddi bir məsələdir. Üstəlik də, ölkədə makroiqtisadi sabitlik, inflyasiyanın ram olunmuş səviyyədə saxlanılması, xarici borcların aşağı olması, tədiyyə balansında müsbət profisit onu göstərir ki, ölkənin makroiqtisadi inkişaf istiqaməti düzgün istiqamətdədir. Bu siyasət davam etdirilməlidir. Cənab Prezident də bildirdi ki, biz xüsusilə regionların inkişafı ilə bağlı siyasət həyata keçirməliyik, infrastruktur gücləndirilməlidir, kiçik və orta sahibkarlığın inkişafına dəstək verilməlidir, ölkəyə xarici investisiyaların cəlbi artırılmalıdır. Eyni zamanda, ölkənin ixrac potensialı gücləndirilməlidir. Bunlar çox vacibdir. Məsələn, mənfi tendensiyalardan biri odur ki, ölkəyə xarici investisiya axını zəifləyir. Mənə elə gəlir ki, bu, çox ciddiyə alınası bir məsələdir. Buna görə Rəqabət Məcəlləsi və investisiya haqqında qanun qəbul edilməlidir, xarici investisiyaların cəlb edilməsi üçün təşviqedici vasitələrdən istifadə olunmalıdır. Biz heç bir halda inkar edə bilmərik ki, ölkəyə xarici investisiyaların əhəmiyyəti azalmalıdır. Çünki bu, ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinə mənfi təsir göstərir. Və yaxud da qeyri-neft ixracının üzərində xüsusilə düşünməliyik. Prezidentin 2009-cu ildə İqtisadi İnkişaf Nazirliyinə tapşırığı olub ki, ixracın diversifikasiyası üzrə Dövlət Proqramını qəbul etsinlər. Bu aylar ərzində artıq bu proqramın Prezidentə təqdimatı gözlənilir ki, bu proqramın da qəbulundan sonra, düşünürəm ki, qeyri-neft sektorunun ixracı ilə bağlı ciddi irəliləyişlər əldə edilsin.
Azərbaycanın valyuta ehtiyatları da artıq 25 mlrd dollara yaxınlaşıb. Bu, o deməkdir ki, bizim valyuta ehtiyatlarımız ölkənin illik idxal həcmini üç-dörd dəfə üstələyir. Bu isə, o deməkdir ki, əgər müharibə başlayarsa, heç bir idxal olmadan biz öz valyuta ehtiyatlarımız hesabına ölkəni 3-4 il saxlaya bilərik.
Sonda bir məsələni də deyim ki, müşavirədə mən hiss elədim ki, Azərbaycan iqtisadiyyatı hər an müharibə relsi üzərinə keçirilməyə hazırdır. Bütün məsələlər də buna hesablanıb. İstənilən vaxt biz müharibəyə başlaya bilərik. Müharibəyə başlamaq üçün müharibənin maliyyələşdirilməsi lazımdır və bunun üçün bizim kifayət qədər maliyyə ehtiyatımız var. Həmçinin, hərbi sənaye kompleksinin inkişafı istiqamətində kifayət qədər işlər görülüb və 50-dən artıq yerli məhsul istehsal olunur. İqtisadiyyatımız, həmçinin, ölkənin ərzaq təhlükəsizliyinə də lazımınca cavab verir. Biz ərzaq məhsulları ilə, demək olar ki, özümüz özümüzü təmin edə bilirik. Ən nəhayət, ölkə makroiqtisadi cəhətdən tam sabitdir. Bütün bunları nəzərə alaraq biz istənilən vaxt müharibəyə başlaya və müharibəni qələbə ilə başa vura bilərik."

"2010-CU İLİN İKİNCİ YARISININ BİRİNCİ YARISI İLƏ MÜQAYİSƏDƏ DAHA UĞURLU OLACAĞI GÖZLƏNİLİR"

İqtisadçı-ekspert Vüqar Bayramov:

"Müşavirə barədə danışmazdan əvvəl, onu demək istərdim ki, bu il inkişaf etmiş ölkələrlə yanaşı, eyni zamanda, qonşu MDB ölkələri içərisində də ÜDM-in artımını qeydə almaq mümkün olmamışdır. Burada diqqətçəkən məqamlardan biri odur ki, məhz son iki ildə Azərbaycanda qeyri-neft sektorunda formalaşan ÜDM-dəki artımın faizi, neft sektorunda formalaşan ÜDM-in artım faizindən daha çoxdur. Bu da iqtisadi inkişafın davamlılığı baxımından çox əhəmiyyətlidir. Buna görə də bu tendensiyanın qorunub saxlanması olduqca vacibdir ki, bu da bütün hallarda Azərbaycan iqtisadiyyatı üçün yüksək əhəmiyyətli məsələlərdən biridir.
Müşavirədə qeyd olunan əsas məqamlardan biri də orta aylıq əməkhaqqında qeydə alınan artımlar idi. Çünki orta aylıq əməkhaqqı artıq 400 dollara çatıb ki, bu da praktiki olaraq, MDB ölkələri sırasında ən yüksək göstəricilərdən hesab olunmalıdır. Bu artımla biz yaxın vaxtlarda MDB-də ən yüksək əməkhaqqına malik olan Rusiya və Qazaxıstan səviyyəsinə çata bilərik ki, bu da təbii ki, kifayət qədər əhəmiyyətli bir addımdır. Qlobal maliyyə böhranı dövründə orta aylıq əməkhaqqının artması sosial təminat faktı kimi olduqca əhəmiyyətlidir.
Əlbəttə ki, müşavirədə iqtisadi inkişafla bağlı qeydə alınan rəqəmlərə diqqət yetirəndə 2010-cu ilin birinci yarısının Azərbaycan iqtisadiyyatı üçün uğurlu olduğunu söyləmək mümkündür. Onu da nəzərə alaq ki, ABŞ-da və Qərbi Avropada böhran hələ də davam etməkdədir. ABŞ-da 5 ayın yekunlarına görə işsizliyin səviyyəsi son 2 ildə ən yüksək səviyyəyə çatıb. Eləcə də, Avropa Birliyi ölkələrində böhranın dərinləşməsi prosesi davam edir. Bütün bunlar ilin birinci yarısında əldə olunan uğurların ilin ikinci yarısında da qorunub saxlanmasının kifayət qədər vacib olmasından xəbər verir. Bu baxımdan, yaxın perspektivdə və bütövlükdə il ərzində iqtisadi inkişafdakı artımların qorunub saxlanması üçün, təbii ki, 2010-cu ilin birinci yarısında həyata keçirilən islahatların, eləcə də, iqtisadi inkişafa yönəldilmiş addımların davam etdirilməsi olduqca vacibdir. Təbii ki, 2010-cu ilin ikinci yarısının birinci yarısı ilə müqayisədə daha uğurlu olacağı gözlənilir. Bu da, onunla bağlıdır ki, dövlət büdcəsinə bu ilin iyun ayında, yəni ötən ay əlavə dəyişikliklər edilmişdi. Bununla dövlət büdcəsinin gəlirlər hissəsi 2,5 mlrd man artırılmışdı. Dövlət büdcəsinin gəlirlər hissəsinin artırılması, praktik olaraq, dövlət büdcəsindən investisiya layihələrinə, eləcə də, sosial proqramlara buraxılacaq vəsaitin ayrılmasına imkan verəcək. Ölkə prezidentinin də yaxın aylarda əməkhaqqının artırılması ilə bağlı açıqlamaları da ondan xəbər verir ki, dövlət büdcəsinin imkanları yaxın vaxtlarda bu artımlar üçün maliyyə bazası formalaşdırır. Bu baxımdan, təbii ki, həm sosial proqramlara vəsaitin artırılması, eləcə də, həyata keçirilən investisiya layihələrinin sayının çoxalması baxımından növbəti aylar Azərbaycan iqtisadiyyatı üçün daha uğurlu olacaq. Çünki əgər 2010-cu ilin birinci yarısında hökumət büdcə vəsaitləri ilə bağlı daha çox qənaət prinsipinə üstünlük verirdisə, artıq büdcənin gəlirlər hissəsində profisit var və büdcəyə bu ilin birinci yarısında nəzərdə tutulduğundan 18 faiz artıq vəsait daxil olub ki, bu da, ona imkan verir ki, artıq investisiya proqramlarına və digər proqramlara, layihələrə daha çox vəsait ayırmaq mümkün olsun. Bu da, təbii ki, büdcədən maliyyələşən sektorların, həmçinin, real sektorun inkişafına stimul yarada bilər. Çünki bütün hallarda investisiya layihələrinə ayrılan vəsaitin həcmi artırsa, bu, məhz digər sektorlarda canlanmanın yaranmasına və inkişafa zəmin yaradır. Bu baxımdan, ehtimal olunur ki, gələn aylarda indiki inkişaf kursunu qoruyub saxlamaq mümkün olacaq və bütövlükdə ilin sonunadək Azərbaycanda ÜDM-in artımı proqnozlaşdırılır. Bu baxımdan 2010-cu il bütövlükdə həm birinci, həm də ikinci yarımili müşavirədə qeyd olunan göstəricilərə və faktlara əsaslanaraq, demək olar ki, uğurlu olacaq."

Digər xəbərlər