PDF Oxu

İqtisadiyyat

  • 15

İqtisadi yüksəliş: sosial müdafiəni gücləndirir və yoxsulluğu aradan qaldırır

İqtisadi yüksəliş: sosial müdafiəni gücləndirir və yoxsulluğu aradan qaldırır
Azərbaycan yüksək inkişaf mərhələsinə qədəm qoyub və inkişaf tempinə görə, dünyada lider mövqeyə çıxıb. Yeni inkişaf erasının başlıca istqamətləri, ölkəmizin bütün mövcud potensialdan səmərəli istifadə etməklə regiondakı mövqeyini əhəmiyyətli şəkildə dəyişdirib və möhkəmləndirib. Hazırda ölkəmizin sürətli iqtisadi inkişafı sosial sferada çoxşaxəli islahatlar aparmağa, dünya təcrübəsindən uğurla çıxmış təkmil mexanizmləri tətbiq etməyə imkan verir. İqtisadiyyatda həyata keçirilən köklü dəyişikliklər makroiqtisadi sabitliyi təmin etməklə bərabər əhalinin sosial müdafiəsini gücləndirmək üçün də möhkəm zəmin yaradır.
Ölkə Prezidenti İlham Əliyevin "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncamı bu sahədə inkişafa nail olunmasını şərtləndirib. Belə ki, son illər ölkəmizdə aparılan uğurlu iqtisadi siyasət nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadi artımın davamlılığı təmin edilib, əhalinin gəlirlərinin artmasına və rifahının əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına nail olunub. Həmçinin, respublikamızda sosial problemlərin, o cümlədən, yoxsulluq probleminin həlli istiqamətində ölkə Prezidenti İlham Əliyevin 2003-cü il 20 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş "2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı" xüsusi əhəmiyyətə malik olub.
Həmin Dövlət Proqramının həyata keçirilməsi nəticəsində 2005-ci ildə yoxsulluq səviyyəsi 2002-ci ildəki 46,7 faizdən 29,2 faizə endirilib. Sonrakı illərdə bu istiqamətdə nailiyyətlər daha da artırılıb və 2007-ci ilin axırına yoxsulluq səviyyəsi 15,8 faiz təşkil edib. Bu il isə, bu rəqəm 13 faizədək endirilib. Yəni, son 6-7 ildə yoxsulluq səviyyəsi 3 dəfə aşağı salınıb.
Əhalinin maddi-rifah halının yaxşılaşdırılması istiqamətində əldə olunan nailiyyətləri davam etdirmək, yoxsulluq səviyyəsinin daha da azaldılmasını, bununla bağlı BMT-nin qəbul etdiyi "Minilliyin İnkişaf Məqsədləri"ndən irəli gələn vəzifələrin ölkəmizin xüsusiyyətləri nəzərə alınmaqla yerinə yetirilməsinin təmin etmək məqsədilə Prezident İlham Əliyev perspektiv fəaliyyət konsepsiyasının da əsasını qoyub.
Ölkə iqtisadiyyatı tam şəkildə bazar iqtisadiyyatı prinsipləri əsasında qurulub. Özəl sektorun inkişafı da məhz bunun nəticəsində inkişaf edir. Hazırkı şəraitdə valyuta ehtiyatlarının ölkəyə daxil olması fonunda Azərbaycanın bütün sahələr üzrə yüksək templə irəliləyişi müşahidə olunur. Strateji valyuta ehtiyatlarının 20 milyarda, dövlət büdcəsinin 15 milyarda çatması hökumətə sosial siyasəti dönmədən həyata keçirməyə imkan verir.
Dayanıqlı iqtisadi artımın təmin olunmasına dəstək verən siyasətin dərinləşdirilməsi, inflyasiyanın aşağı salınması, qeyri-neft sektorunun aparıcı sahəyə çevrilməsi, məşğulluq səviyyəsinin yüksəlməsi, çevik makroiqtisadi idarəetmənin həyata keçirilməsi, əhalinin maddi-rifah halının yaxşılaşması inkişaf strategiyasının ən başlıca istiqamətlərindəndir. Bir sözlə, ölkənin bütün bölgələrində, kənd və qəsəbələrdə bu məqsədlərin reallaşması nəticəsində tamamilə yeni mənzərə yaranıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi və sosial-iqtisadi modernləşməyə əsaslanan yüksək inkişaf strategiyası hazırda öz bəhrəsini verməkdədir. Ulu öndər Heydər Əliyevin özünəməxsus uzaqgörənliklə irəli sürdüyü və həyata keçirilməsinin elmi, nəzəri və praktiki yollarını inkişaf prioritetlərinin dövrün sosial-iqtisadi tələblərindən irəli gələn keyfiyyətcə yeni bir mərhələsində uğurla davam etdirilməsi, ölkə tarixində görünməmiş yüksəlişi reallığa çevirdi. Son dövrdə iqtisadiyyatın inkişafı, makroiqtiadi sabitliyin qorunub saxlanması, effektli xarici siyasət Prezident İlham Əliyevin fəaliyyətinin mühüm uğurları ilə əlamətdar oldu. Ölkə başçısının həyata keçirdiyi iqtisadi islahatlar xalqın sosial-iqtisadi təminatının yaxşılaşmasına yönəldi. Demokratiya və müstəqillik ideyalarına sadiq qalan Prezident İlham Əliyev ölkənin milli mənafeyini yüksək səviyyədə təmin edir.

Digər xəbərlər