PDF Oxu

İqtisadiyyat

  • 18

ƏMƏK MİQRANTLARININ AZƏRBAYCANA AXINI İQTİSADİ İSLAHATLARLA ŞƏRTLƏNİR

ƏMƏK MİQRANTLARININ AZƏRBAYCANA AXINI İQTİSADİ İSLAHATLARLA ŞƏRTLƏNİR
Azərbaycan davamlı olaraq həyata keçirilən sosial siyasət, cəmiyyət həyatında ən müxtəlif iqtisadi nailiyyətlərin əldə olunmasına öz töhfəsini verməkdədir. Qlobal enerji layihələrinin uğurlu icrası, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun davamlı inkişafı, makroiqtisadi sabitliyin qorunması, investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi bu prosesin daha da sürətləndirilməsinə gətirib çıxarıb.
İqtisadi inkişaf miqyasına görə, dünyada lider dövlətlər sırasına yüksələn Azərbaycanda əlverişli sərmayə mühiti xarici sərmayəçilərlə yanaşı, əmək miqrantlarının diqqətini cəlb edir. Azərbaycanın inkişafı, qlobal maliyyə böhranından ciddi zərər çəkməməsi ölkəyə xeyli sayda miqrant axınına zəmin yaratmışdır. Bu vəziyyət, müxtəlif yerli və xarici şirkətlərdə və digər xidmət sahələrində çoxsaylı əcnəbilərin əmək fəaliyyəti ölkəmizdə iqtisadi islahatlarla sərtlənir.
Ölkəmizdə milli təhlükəsizliyinin təşkili, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən, miqrasiya proseslərinin tənzimlənməsi istiqamətində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən davamlı olaraq tədbirlər həyata keçirir. Təsadüfi deyil ki, Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, vətəndaşlığa qəbul, bərpa, xitam, eləcə də, vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin, əmək fəaliyyətinin həyata keçirilməsi üçün fərdi icazələrin verilməsi və mövcud fərdi icazələrin müddətlərinin uzadılması ilə bağlı 3.807 müraciət daxil olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Miqrasiya Xidmətinin yeni inzibati binasının açılış mərasimində nitqində Azərbaycanın iqtisadi maraqlarının qorunmasında miqrasiya xidmətinin çox mühüm rolunu qeyd edərək bildirib ki, qanunsuz miqrasiya dünyanın müxtəlif ölkələrində, xüsusilə, inkişaf etmiş ölkələrdə də mövcuddur: "Qanunsuz miqrasiya, əlbəttə ki, o qədər də xoşa gələn hal deyildir və biz buna qarşı ciddi mübarizə aparmalıyıq. Amma müxtəlif yollarla Azərbaycana gəlmək istəyənlərin sayının artması özlüyündə Azərbaycanın nə qədər cəlbedici ölkə olduğunu göstərir".
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasına toxunan Prezident İlham Əliyev qeyd edir ki, Azərbaycana xaricdən gələnlərin sayı artır: "Azərbaycan vətəndaşları başqa ölkələrdə işləyirlər. Bu, normal proseslərdir. Əsas odur ki, bütün bu işlər qanun çərçivəsində tənzimlənsin və iqtisadi maraqlarımız tam şəkildə təmin olunsun. Azərbaycanda bütün təhlükəsizlik tədbirləri maksimum dərəcədə təmin olunsun. Biz yaxşı bilirik ki, daxildə ölkənin təhlükəsizliyinə səbəb ola biləcək heç bir amil yoxdur".
Son illər Azərbaycana əcnəbi işçi qüvvəsinin axınının ildən-ilə artması statistik rəqəmlərdə də özünü göstərir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2007-ci ildə 1783 nəfər əcnəbiyə fərdi iş icazəsi verilmişdir ki, bu da 2006-cı illə müqayisədə 35 faiz çoxdur. 2008-ci ildə işləyən əcnəbilərin sayı 4450, 2009-cu ildə isə 81 ölkədən 5784 nəfər təşkil etmişdir. Dünyada miqrant problemi ilə üzləşən ölkələrin təcrübəsi göstərir ki, əmək bazarında çalışan əcnəbilərin sayı rəsmi statistik göstəricilərdən artıq olur.
Əmək miqrantlarının Azərbaycana gəlməsi müasir texnologiyaların, innovasiyaların tətbiq edilməsi, yerli mütəxəssislərin hazırlanması ilə bağlıdır. Azərbaycanın sürətli sosial-iqtisadi inkişaf, əməkhaqlarının ildən-ilə artması ilə yanaşı, təhlükəsiz siyasi və iqtisadi mühit əcnəbilərin daha çox gəlir əldə etməsinə şərait yaradan amillər sırasına daxildir. Bununla yanaşı, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin əməkdaşları tərəfindən qanunsuz miqrasiyanın, o cümlədən, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasında olma, habelə, müvəqqəti və daimi yaşama qaydalarının pozulması hallarının aşkar edilərək qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər həyata keçirilir. Keçirilən tədbirlər nəticəsində 881 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilmiş, onlardan 185 nəfərinə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılmış, 656 əcnəbi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş qaydada 48 saat ərzində ölkəni tərk etmə, 40 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılması barədə qərarlar qəbul edilib.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində bu ilin 6 ayı ərzində uçota alınan əcnəbilərin sayı 13,1 faiz artıb. Bu barədə fondun ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, hesabat dövründə DSMF tərəfindən əlavə olaraq 1052 nəfər əcnəbi vətəndaş uçota alınıb. Qeyd olunur ki, bu göstərici 2010-cu il iyulun 1-nə olan statistikaya əsasən, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayı 9081 nəfərə yüksəlib. Ümumilikdə, 91 ölkənin vətəndaşını əhatə edən əcnəbilər arasında, əvvəlki hesabat dövrlərində olduğu kimi, Türkiyə vətəndaşları çoxluq təşkil edir - 5118 nəfər.
Məlumata görə, fərdi uçot sistemində uçota alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1303 nəfərə çatıb. Üçüncü yerdə gələn Rusiya Federasiyası vətəndaşlarının sayı isə hazırda 585 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (295 ), Hindistan (236), Çin Xalq Respublikası (131), Bosniya və Herseqovina (125), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (85), Ukrayna (85), Filippin (84), Pakistan İslam Respublikası (78), Qazaxıstan (69), Özbəkistan (66), Malayziya (65), Almaniya (61), Türkmənistan (53), İtaliya (50), ABŞ (44) və s. ölkələr gəlir.

Digər xəbərlər