Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edir
Artıq 2009-cu il başa çatmaq üzrədir. Bu il respublikamız üçün həm iqtisadi, həm də siyasi baxımdan nailiyyətlərlə yadda qalan illərdən biri oldu. Beynəlxalq iqtisadi və maliyyə böhranı dünya ölkələrinin iqtisadiyyatını iflic etsə də, bu böhran Azərbaycana ciddi təsir etməyib. Mövzu ilə bağlı məsələyə münasibətini öyrəndiyimiz iqtisadçı-ekspert Aydın Hüseynov bildirdi ki, ildən-ilə ölkə iqtisadiyyatı yüksək templə inkişaf etməkdədir: "Hər il ölkəmiz siyasi və iqtisadi sahələrdə yüksək uğurlar əldə edir. Ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində 2009-cu ildə də respublikamız iqtisadi və digər sahələrdə uğurlara imza atıb. Yəni bu il ölkəmiz üçün uğurlu bir il oldu."
Gələn ilin dövlət büdcəsini müsbət qiymətləndirən A.Hüseynov qeyd etdi ki, ölkəmizin bütün iqtisadi uğurları əhalinin sosial müdafiəsinin gücləndirilməsinə səbəb olur: "Məlumdur ki, ölkə parlamenti 2010-cu il Azərbaycanın dövlət büdcəsini təsdiq etdi. Gələn ilin ölkə büdcəsinin gəlirləri 10.015 milyon manat, xərcləri isə 11.264 milyon manat həcmində proqnozlaşdırılıb. Gələn ilin dövlət büdcəsində sosial müdafiə xərcləri 57,9 milyon artaraq, 1.192 milyard manata çatdırılıb. Qeyd edim ki, bu sektorun dövlət büdcəsinin xərclərində artım 5 faiz olub. Bütün bu göstəricilər, onu deməyə əsas verir ki, respublikamızın əldə etdiyi bütün iqtisadi uğurlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə səbəb olur. Ümumiyyətlə, Milli Məclis tərəfindən təsdiq olunan dövlət büdcəsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, gələn ilin dövlət büdcəsi məqsədyönlü, iqtisadi əsaslarla formalaşdırılan bir büdcədir."
Respublikamızın güclü iqtisadi potensiala malik olduğunu bildirən iqtisadçı-ekspert bunu ötən illərin nailiyyətlərinə nəzər saldıqda, bunun şahidi olduğumuzu qeyd etdi: "Regionun heç bir ölkəsində son beş il ərzində 700 mindən artıq yeni iş yeri yaradılmayıb. Lakin, Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin uğurlu siyasəti nəticəsində son illər ərzində respublikamızda 740 mindən artıq yeni iş yeri yaradılıb və bunun da əksəriyyəti regionların payına düşür. Bütün bunlar həm əhalinin məşğulluq probleminin həll edilməsinə, həm ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə, həm də regionların inkişafına təsir edən amillərdəndir. Bu ilin 9 ayı ərzində 23.4 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub. ÜDM-in 80 faizi özəl sektorun payına düşür və bu isə ölkə rəhbərliyinin sahibkarlığın inkişafına, özəl sektorun inkişafına, ümumən iqtisadi inkişafa diqqət və qayğısından irəli gəlir."
Əhalinin sosial müdafiəsinin diqqət mərkəzində olduğunu nəzərə çatdıran YAP Siyasi Şurasının üzvü A. Hüseynov xatırlatdı ki, respublikamızda hazırda on minlərlə ailə sosial yardım alır. "Bununla paralel olaraq, yeni iş yerləri yaradılır, əmək haqları, pensiyalar artırılır. Həmçinin, Prezident İlham Əliyev tərəfindən "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azalması və davamlı inkişaf Dövlət Proqramı" təsdiqlənib ki, bu Dövlət Proqramının uğurlu icrası nəticəsində də Azərbaycanda yoxsulluğun səviyyəsi minimuma endiriləcək"-deyə A. Hüseynov əlavə etdi.
Respublikamızda kənd təsərrüfatı sektorunun da inkişaf etdiyini qeyd edən iqtisadçı-ekspert vurğuladı ki, hər il dövlət büdcəsindən aqrar sektora vəsait ayrılır: "Məlumdur ki, hər il dövlət büdcəsindən kənd təsərrüfatına maliyyə vəsait ayrılır. Bütün bunların nəticəsidir ki, biz son illər ərzində aqrar sektorun daha da sürətlə inkişaf etməsinin şahidi oluruq. Kənd təsərrüfatına kredit və subsidiyaların ayrılması nəticəsində, ümumiyyətlə, ölkə rəhbərliyinin diqqət və qayğısı nəticəsində kənd təsərrüfatı məhsullarının artmasını görürük. Belə ki, cari ildə 2 milyondan artıq taxıl məhsulu istehsal olunub, eləcə də, ildə 150 milyon dollarlıq meyvə-tərəvəz məhsulu xaricə ixrac olunur. Gələn ilin dövlət büdcəsində kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və ovçuluq xərcləri 382. 7 milyon manat proqnozlaşdırılıb ki, bunun da bir hissəsi aqrar sektorun payına düşür."
Sonda iqtisadçı-ekspert A. Hüseynov gələn ilin də ötən illərdə olduğu kimi, nailiyyətlərlə yadda qalan illərdən olacağını bildirdi: "Ölkəmizdə regionlar inkişaf etdirilir, paytaxt Bakı abadlaşdırılır, yeni körpülər tikilir, nəqliyyat infrasturuktru yenidən qurulur. Bu da ölkəmizdə turizmin inkişafına müsbət təsir edən amillərdəndir. Azərbaycanın həm turizm, həm də digər sahələrdə uğurları, onu deməyə əsas verir ki, 2010-cu il də respublikamız üçün uğurlu il olacaq. Bir məsələni də xatırladım ki, beynəlxalq maliyyə qurumlarının proqnozlarına görə, gələn il ölkəmizdə iqtisadi inkişaf 7.4 % olacaq və iqtisadi inkişafa görə, 2010-cu ildə Azərbaycan keçmiş sovet ölkələri arasında inkişaf etmiş olacaq. Bütün bunlar Azərbaycanın inkişafının davamlı olduğunu göstərir."