PDF Oxu

İqtisadiyyat

  • 16

Azərbaycan müstəqil enerji siyasəti yeridir

Azərbaycan müstəqil enerji siyasəti yeridir
Azərbaycanın iqtisadi yüksəlişi, beynəlxalq aləmdə nüfuzunun getdikcə artması təkcə dünyanın müxtəlif ölkələrinin rəsmi dairələrinin deyil, ictimaiyyətin, elm adamlarının və hətta tələbələrin də diqqətini cəlb etməyə başlayıb. Fransanın ali məktəblərinin doktorantları arasında Azərbaycan iqtisadiyyatına, yeraltı sərvətlərinə, apardığı siyasətə maraq gündən-günə artmaqla bərabər, onlar ölkəmizin ayrı-ayrı sahələri ilə maraqlanır və ölkəmizdən bəhs edən elmi işlər üzərində çalışırlar.
Fransanın Şərq Dilləri və Sivilizasiyaları İnstitutunun siyasi elmlər üzrə doktorantı Aliks Drüjea öz elmi işini Azərbaycanın enerji sektoruna həsr edib. Onun elmi əsərində ölkəmizlə bağlı çoxsaylı maraqlı məqamlar var.
Müəllif əsərinin əvvəlində göstərir ki, keçmiş Sovet İttifaqı respublikalarının bir çoxu ərzaq təminatı və yanacaq sahəsində hələ də Rusiyadan asılı olduğu halda, Azərbaycan yeganə ölkədir ki, belə asılılığı olmadan, müstəqil enerji siyasəti yeridir. Hələ sovet məkanında yanacaq sahəsində Azərbaycan Cənubi Qafqazda və Orta Asiya respublikaları arasında çox mühüm yer tuturdu.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yeraltı sərvətlərinin sahibi olub və müstəqil dövlət kimi yanacaq məhsulunun ixracatını həyata keçirir.
Əsərdə göstərilir ki, dünyanın görkəmli siyasətçilərindən biri və uzun zaman Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə gəldikdən sonra uzaqgörən dövlət başçısı kimi, ilk növbədə, iqtisadi cəhətdən tənəzzülə uğramış, ağır və böhranlı dövr yaşayan ölkəsinin inkişafını əsas vəzifə kimi qarşısına məqsəd qoyub.
Bu məsələdə xarici investorların ölkəyə sərmayə yatırmalarını iqtisadi dirçəlişin əsas amili hesab etmiş Heydər Əliyev 1994-cü ildə xarici neft şirkətləri ilə "Əsrin müqaviləsi" adlandırılan və ölkəmiz üçün müstəsna əhəmiyyət daşıyan müqavilənin bağlanmasına nail olub.
Xarici şirkətləri enerji təhlükəsizliyinə inandırmağa müvəffəq olmuş Azərbaycan çoxlu sayda əcnəbi sərmayədarın diqqətini cəlb edib və enerji ehtiyatlarının birgə istismarını həyata keçirə bilib.
1999-cu ildə Rusiya ərazisindən yan keçməklə, Gürcüstanın Supsa limanındakı teminalla neft kəmərini birləşdirməklə Azərbaycan öz neftinin Qərbə nəqlində yeni yol seçib.
Müəllif qeyd edir ki, Azərbaycan neftinin Gürcüstan və Türkiyə ərazisindən keçməklə Qərb bazarlarına nəqli ilə bağlı Bakı, Tbilisi və Ankara arasında razılıq sənədinin imzalanması mühüm hadisə kimi yadda qalıb. Qısa şəkildə BTC adı almış və neftin nəqlində üçüncü yol hesab edilən bu neft kəməri siyasi narazılıqlar yaradıb. Amma Azərbaycan hakimiyyəti yeni neft kəmərinin çəkilişində və istifadəyə verilməsində israrlı olduğunu bariz şəkildə nümayiş etdirib.
Nəhayət, 2005-ci ildə BTC kəməri vasitəsilə Azərbaycan nefti axmağa başlayıb. Hətta neft kəmərinin münaqişə zonası yaxınlığından keçməsi belə Azərbaycanı bu yoldan çəkindirməyib, hər dəfə olduğu kimi, Azərbaycan öz diplomatik siyasətində dönməz mövqe tutduğunu bəyan edib.
Müəllif əsərində qeyd edir ki, neft nəqlindən sonra Azərbaycan təbii qaz ehtiyatları zənginliyi ilə yenidən xarici ölkələrin diqqətini cəlb etməyə başlayıb. Avropa ölkələri enerji böhranını aradan qaldırmaqda Azərbaycana maraqlarını gizlətmir və bu sahədə hər vəchlə Azərbaycanla əməkdaşlıq etməyə səy göstərirlər.
Azərbaycan hakimiyyəti öz üstünlüklərini yaxşı başa düşür və bundan yararlanmağa çalışır. Prezident İlham Əliyev bütün bunlardan ölkəsinin inkişafı naminə istifadə etməyə çalışır.
Tanınmış dövlət xadimi Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi və siyasi sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanın tez bir zamanda dünyanın inkişaf etmiş qabaqcıl ölkələri sırasında öz layiqli yerini tutacağı əminliyi yaradır.

Digər xəbərlər