Müasir dünyada neftin və qazın strateji-iqtisadi əhəmiyyətinin durmadan artması dünya dövlətlərinin karbohidrogen ehtiyatları və onların nəqlinin marşrutları uğrunda mübarizəsini gücləndirir. Hər bir ölkə özünün enerji təhlükəsizliyini maksimum dərəcədə təmin etməyə çalışır və bu sferaya öz imkanları çərçivəsində böyük maliyyə vəsaitləri ayırır. Odur ki, neft biznesi də maksimum gəlirli bir sahəyə çevrilir və neft ölkələrinə getdikcə daha çox gəlir gətirir. Bu zaman neft gəlirlərinin ölkə iqtisadiyyatının inkişafına qoyulması və gələcək nəsillər üçün saxlanılması əsas prioritetlərə çevrilir. Müasir Azərbaycanın neft strategiyası da məhz bu məqsədlərə xidmət edir.Təsdiq olunmuş məlumatlara görə, dünyanın neft ehtiyatlarının (təxminən 150 milyard ton) 70 faizindən çoxu Yaxın və Orta Şərq ölkələrində (Səudiyyə Ərəbistanı, İraq, İran, Küveyt, BƏƏ), 15,2 faizi Amerikada (Venesuela, Meksika, ABŞ, Kanada, Braziliya) yerləşir. Üçüncü yerdə 6,8 faizlə Afrika, dördüncü yerdə isə 5,6 faizlə keçmiş SSRİ (de-fakto Rusiya) gəlir. Göründüyü kimi, bu sırada Xəzər hövzəsi 1,3-2,6 faizlə yalnız beşinci yerə iddia edə bilər. Buna görə də Xəzər nefti ətrafında yaranmış qalmaqal ilk nəzərdən qəribə görünür. Amma müəyyən məqamlara diqqət yetirəndə, məsələ aydın olur.
Bakı - Tbilisi - Ceyhan və Bakı - Tbilisi -
Ərzurum layihələri
"Əsrin müqaviləsi"ndən sonra Azərbaycanın ən böyük beynəlxalq neft layihəsi olan Bakı -Tbilisi - Ceyhan əsas ixrac neft kəmərinin, təbii ki, böyük iqtisadi və siyasi əhəmiyyəti var. Məlum olduğu kimi, kəmərin layihəsinin müzakirə predmeti olduğu dövrdə Azərbaycan müxalifəti kəmərin İran ərazisindən keçməsində israr edir, Avropa ölkələri erməni lobbisinin təsiri ilə Ermənistan variantını dəstəkləyirdi. Rusiya isə bu layihənin iqtisadi yox, siyasi olmasında israr edir, böyük neftin ixracı üçün öz kəmərlərini təklif edirdi. Yalnız Heydər Əliyev şəxsiyyətinin dəstəyi, ABŞ və Türkiyə dövlətlərinin köməyi ilə çoxlarının nağıl hesab etdiyi Bakı-Tbilisi-Ceyhan layihəsi Gürcüstan və Türkiyə ərazisindən keçməklə reallaşdı və qardaş Türkiyənin və qonşu Gürcüstanın enerji təhlükəsizliyinin əsası qoyuldu. Artıq Azərbaycan 60-cı illərdən çox - ildə 40 milyon ton neft istehsal edir. 2009-cu ilin 9 ayı ərzində 37 milyon 876 min ton neft istehsal edilib ki, bunun da xeyli hissəsi "Əsrin müqaviləsi"nin payına düşür. Bu neftin üçdə ikisi məhz BTC vasitəsilə xarici bazarlara çıxarılır. Bu qədər nefti, məlum olduğu kimi, Şimal kəmərləri (Bakı - Novorossiysk və Bakı - Supsa) vasitəsilə Avropaya çıxarmaq mümkün deyildi. Məsələ ondadır ki, hər iki kəmərin nefti son nəticədə Bosfor və Dardanel boğazlarından keçir, Türkiyə də ekologiyanın qorunmasına görə boğazlara məhdudiyyət qoymalı olur. BTC isə müstəqil kəmərdir və heç bir məhdudiyyət olmadan ildə 50 milyon ton həcmində nefti (bu həcm sonralar artırıla da bilər) Avropaya çıxarmağa qadirdir. Məhz bu müstəqilliyinə görə də, Qazaxıstanın BTC-yə qoşulması və "Kaşaqan" neftinin Avropaya bu kəmərlə çıxarılması məsələsi razılaşdırılmış, iki dövlət arasında ilkin saziş imzalanmışdır. Hazırda kəmərə "Azəri - Çıraq - Günəşli" neftindən əlavə, "Şahdəniz"dən çıxarılan kondensat və müəyyən həcmdə Qazaxıstanın "Tengiz" yatağının nefti də vurulur. Gələcək illərdə Azərbaycanda neft istehsalının daha da artması və Qazaxıstanın "Kaşaqan" yatağının istismara verilməsi ilə BTC-yə daha çox neft daxil olacaq. Ümumiyyətlə, cari ilin 9 ayı ərzində Azərbaycanda 17 milyard 416 milyon kubmetr qaz istehsal edilib. Bunun 12 milyard kubmetrdən çoxu "Azəri - Çıraq - Günəşli" və "Şahdəniz" yataqlarının payına düşür. Bu gün Azərbaycanın qaz idxal etməyə ehtiyacı yoxdur, əhalinin və sənayenin yanacağın bu növünə olan tələbatı öz qazımız hesabına ödənilir. Artıq respublikamız qaz idxalçısından qaz ixracatçısına çevrilmişdir.
Azərbaycan
regionlarının
sosial-iqtisadi
inkişaf layihəsi
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi beynəlxalq layihələr Azərbaycanın dünyaya inteqrasiyasına xidmət etməklə bərabər, həm də sosial-iqtisadi inkişafına xidmət edir. Azərbaycan iqtisadiyyatının inkişafı, xüsusilə də, qeyri-neft sektorunun inkişafı bu gün Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin əsas prioritetidir. Azərbaycanda qeyri-neft sektorunun inkişafını təmin etmək üçün birinci növbədə regionların inkişafına nail olmaq lazım idi. Ölkə Prezident İlham Əliyevin 2004-cü il fevralın 11-də imzaladığı "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının (2004 - 2008-ci illər) təsdiq edilməsi haqqında" fərmanda öz əksini tapdı. Dövlət Proqramı olduqca böyük və regionların inkişafı üçün bütün zəruri məqamları əks etdirən layihə idi. Dövlət Proqramının icrası Prezident İlham Əliyevin şəxsi nəzarətində idi. Bu məqsədlə, mütəmadi olaraq, respublikanın regionlarına səfərlər edilir, problemlərin yerindəcə həll olunması üçün tapşırıqlar verilirdi. Proqramın həyata keçirilməsini sürətləndirmək üçün Azərbaycan Prezidenti regionlar üzrə ardıcıl olaraq əlavə tədbirlər planları imzalayırdı.
Dövlət Proqramının birinci hissəsinin həyata keçirildiyi 2004 - 2008-ci illər ərzində ölkənin iqtisadi və sosial həyatında dünyada analoqu olmayan nailiyyətlər əldə olundu. Respublikada yüz minlərlə yeni iş yerləri açılmış, ümumi daxili məhsul 40 faizə qədər yüksəlmişdir. Həmin dövrdə Azərbaycan iqtisadi göstəricilərinə görə bütün dünyada birinci oldu. 2009-cu ildən etibarən "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın 2-ci hissəsi həyata keçirilir. Nəticələr də göz qabağındadır: 2009-cu ildə ümumdünya maliyyə böhranı ilə əlaqədar hətta qabaqcıl ölkələr böyük ziyan çəksə də, bizim iqtisadiyyatımız inkişaf etmiş, iqtisadi göstəricilər yüksəlmiş, Azərbaycan dünyada böhrandan ən az zərər çəkmiş ölkələrdən biri olmuşdur.
İqtisadi potensial insan kapitalına çevrilir
Bu gün sivil dünyada baş verən bütün mütərəqqi proseslər - siyasi və iqtisadi islahatların paralel keçirilməsi, müasir texnologiyaların və innovasiyaların tətbiq edilməsi, demokratikləşmə, qloballaşma və s. bir məqsədə - insanın azad və firavan yaşamasına xidmət edir. Dəyişməkdə və inkişaf etməkdə olan dünya bu məqsədlə qarşıya yeni tələblər qoyur. Müasir dünyanın əldə şüar olan tələblərindən biri də iqtisadi potensialın insan kapitalına çevrilməsidir, yəni iqtisadi potensialın bütünlüklə insana xidmət etməsidir, gənc nəslin sağlam, savadlı, vicdanlı və vətənpərvər yetişdirilməsinə yönəldilməsidir. Bəli, məhz bu proses insanın azad və firavan yaşamasını, varlı dövlət-varlı vətəndaş tezisinin reallaşdırılmasını şərtləndirir. Ölkə Prezidentinin təhsilə diqqəti daim artır, təhsilin səviyyəsini, təhsil alan gənclərin maddi vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə konkret tədbirlər həyata keçirilir. Təhsilə çəkilən xərclər ilbəil artırılır. 2004-cü ildən etibarən Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində bütün ölkədə yeni məktəblərin tikintisinə başlanmışdır. 2004 - 2008-ci illərdə respublikanın müxtəlif bölgələrində 800-dən çox məktəb tikilmiş və təmir olunmuş, müəllim və şagird kollektivlərinin ixtiyarına verilibdir. 2009-cu ildə maliyyə böhranına baxmayaraq, bu proses davam etdirilir. 2004-cü il avqustun 21-də qəbul olunmuş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı" Proqramına əsasən, dövlət gündüz ümumtəhsil məktəblərinin kompüter texnikası ilə təchizatı davam edir. Məktəblərin İnternetə qoşulması kənd və şəhər uşaqları üçün bərabər şərait yaradır, onlara internet-olimpiadalarda və müsabiqələrdə iştirak etməyə imkan verir.
Ölkənin həyat səviyyəsini xarakterizə edən və gələcəyini təmin edən əsas göstəricilərdən biri də insanların sağlamlığı və səhiyyənin inkişafıdır. Azərbaycanda səhiyyənin inkişafına, bu sahədə yeni texnologiyaların tətbiqinə böyük əhəmiyyət verilir. 2005-ci ildən başlayaraq, dövlət büdcəsindən səhiyyənin inkişafına ayrılan vəsait hər il artır. Azərbaycanın bütün regionlarında müasir normalara uyğun diaqnostika mərkəzlərinin tikilməsi layihəsi həyata keçirilir və bu layihələr Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir. Azərbaycanda təhsil, səhiyyə ilə yanaşı, idmana qayğı da sürətlə artır. Respublikamızda idmanla məşğul olmaq üçün çox gözəl imkanlar yaradılır. Ölkəmizin müxtəlif bölgələrində müasir idman kompleksləri tikilib istifadəyə verilir. 10-dan çox idman kompleksi artıq fəaliyyətdədir. 20-yə qədər idman kompleksi isə tikilməlidir və onların bəzilərinin tikintisi artıq başlanmışdır. Prezident İlham Əliyev Azərbaycanın hər bir bölgəsində müasir tipli idman komplekslərinin tikiləcəyini elan etmişdir. Azərbaycanda idmana dövlət səviyyəsində yüksək qayğı idmanın sürətlə inkişaf etməsinə, idmançılarımızın daha yüksək zirvələr fəth etməsinə, olimpiya çempionu səviyyəsinə yüksəlməsinə imkan yaradır. Hazırda respublikamızda sosial problemlərin həlli başlıca vəzifədir və dövlət büdcəsi də sosial yönümlüdür. Yalnız son illər ərzində minlərlə yeni istehsal sahələri yaradılıbdır ki, bu da yüz minlərlə yeni iş yerinin açılması deməkdir. Respublikada minimum əmək haqqı, pensiyalar və müavinətlər də mütəmadi olaraq artırılır. Nəzərə alsaq ki, gələcəkdə Azərbaycana neft sektorundan daha böyük gəlirlər daxil olacaq, qeyri-neft sektoru da uğurla inkişaf edəcək, deməli, Azərbaycanda əmək haqları da yüksələcək və Avropa standartlarına yaxınlaşacaqdır.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...