Ölkənin dinamik inkişafı davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının yekunlarına həsr edilmiş iclasında səslənən fikirlər bunu bir daha təsdiq etdi. 15 oktyabr 2009-cu ildə sonuncu prezident seçkilərinin bir ili, ümumilikdə isə, cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin altı ili tamam oldu. Əlbəttə, altı il vaxt göstəricisi kimi çox qısa bir müddətdir, amma bu illər ərzində əldə edilən nailiyyətləri analiz etdikdə, son altı ili, ən azı 6 əsrə bərabər hesab etmək olar. İlk baxışdan istər siyasi arenada, istərsə də sosial-iqtisadi göstəricilərdə təmin edilmiş dinamikliyə, insanların yaşayış şəraitinin yüksəldilməsinə, ölkədə demokratik inkişaf tempinin əldə edilməsinə və s. yalnız əsrlərlə müddət lazım olur. Amma cənab İlham Əliyevin qətiyyətli, düşünülmüş və məqsədyönlü siyasi addımları Azərbaycan Respublikasında mövcud təbii-iqtisadi resurslardan düzgün və səmərəli istifadəni təmin etməklə qısa müddətdə böyük uğurların qazanılmasına şərait yaratdı.
Bu gün Azərbaycan Respublikası beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və siyasi stabilliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq o, mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir olan, zəngin iqtisadi potensiala malik bir dövlətdir. Bu gün ümummilli liderimiz Heydər Əliyevin siyasi strategiyasının layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev uğurla davam etdiri.
"Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam" - deməklə fəaliyyətə başlayan cənab İlham Əliyev ötən illər ərzində öz praktiki fəaliyyətində, sözün əsil mənasında, hər bir kəsin prezidenti olduğunu sübut edərək ölkəmizdə dinamik sosial-iqtisadi tərəqqini təmin edən ictimai-siyasi sabitliyin qorunub saxlanması, Azərbaycan Respublikasının beynəlxalq arenada nüfuz və mövqelərinin möhkəmləndirilməsi, ictimai həyatın bütün sahələrində mütərəqqi islahatların aparılması istiqamətində çoxlu mühüm addımlar atmışdır.
"Biz Azərbaycanı güclü dövlətə çevirməliyik. Bu vəzifə, bir müddət əvvəl, qarşıya qoyulmuşdur və biz bu məqsədə doğru irəliləyirik. Azərbaycanda aparılan iqtisadi islahatlar öz səmərəsini verməkdədir."- deyən İlham Əliyev ümummilli liderin iqtisadi strategiyasını inamla həyata keçirir. Elə bu siyasətin nəticəsidir ki, Azərbaycan dövləti müstəqilliyin möhkəmləndirilməsi, ölkədə tarazlı və davamlı inkişafın təmin edilməsi istiqamətində atdığı addımlar və əldə edilən iqtisadi uğurları ilə dünyanın aparıcı dövlətinə, eləcə də beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilibdir. Artıq dünya birliyinə yaxından inteqrasiya olunan müstəqil Azərbaycan Respublikasında bütün proseslər xalqımızın milli mentalitetinə və dövlətçilik prinsiplərinə uyğun olaraq beynəlxalq birliyin, nüfuzlu beynəlxalq təşkilatların rəyləri nəzərə alınmaqla, müasir dövrün tələbləri səviyyəsində qurulmaqdadır. Ölkə başçısı cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr nəticəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə dünyanın sürətlə inkişaf edən ölkələri sırasındadır. Artıq Azərbaycan aparılan islahatların nailiyyətləri ilə davamlı inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkə başçısı cənab İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında səslənən fikirlər də qeyd olunanları bir daha təsdiq edir. İclasda vurğulandığı kimi, artıq ölkəmiz bazar iqtisadiyyatının tələblərinə uyğun fəaliyyət subyektlərinin formalaşdırılması və inkişaf etdirilməsi istiqamətində ciddi nailiyyətlərə imza atmışdır. Bu gün ümumi daxili məhsulda özəl sektorun payı 85 faiz təşkil edir. Bu da onu göstərir ki, Azərbaycanda bazar iqtisadiyyatı prinsipləri tam şəkildə tətbiq olunur və davamlı inkişaf üçün münbit şərait formalaşdırılmışdır. Təbii ki, bütün bunların əsas səbəbi kredit sisteminin yaxşılaşdırılması, ayrı-ayrı sahələrin texniki təchizatının gücləndirilməsi ilə yanaşı, həm də həyata keçirilən islahatların istiqamətinin düzgün müəyyənləşdirilməsindən ibarətdir. Məhz bunun nəticəsidir ki, ölkəmizdə özəl sektorun inkişafı ilə, xüsusilə, bizneslə məşğul olmaq üçün gözəl şərait yaradılmışdır. Bütün bunların beynəlxalq təşkilatlar tərəfindən dəqiqliklə qiymətləndirilməsi və 2008-ci ilin yekunlarına görə Dünya Bankı kimi nüfuzlu bir beynəlxalq təşkilatın Azərbaycanı "Doing Business" proqramında bir nömrəli islahatçı ölkə kimi tanıması, dünyanın ən mötəbər qurumlarından olan Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastruktur təminatının və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın 133 ölkə arasında 51-ci, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlməsi, onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çoxşaxəli, sabit və dinamikdir. Məlumat üçün qeyd edək ki, adıçəkilən hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir. Bu isə, təbii ki, ölkəmizdə aparılan islahatların, düşünülmüş siyasət və atılan düzgün addımların real nəticəsidir.
Qeyd edildiyi kimi, nəinki müstəqilliyini yeni qazanmış MDB respublikalarında, hətta dünyanın uzun illər ərzində sürətlə inkişaf etmiş ölkələrində ciddi tənəzzülün baş verdiyi bir vaxtda Azərbaycan Respublikasında 2009-cu ilin doqquz ayı ərzində ümumi daxili məhsul 6,1 faiz artıbdır. Cari ilin doqquz ayında rabitə sektorunda 10,4 faiz, nəqliyyatda 5,4 faiz artıma nail olunub. Doqquz ayda ölkədə inflyasiya cəmi 2,1 faiz, strateji valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 1 milyard dollar artaraq 19,1 milyard dollara çatıb. 2009-cu ilin yanvar-avqust ayları ərzində xarici ticarət dövriyyəsi 12,4 milyard, o cümlədən, ixrac 8,6 milyard dollar, idxal 3,8 milyard dollar təşkil edib. 2009-cu ilin ən əhəmiyyətli uğurlarından biri də, əksər ölkələrdən fərqli olaraq, Azərbaycanda milli pul vahidinin - manatın sabitliyinin təmin edilməsi və əhalinin banklara olan inamının daha da artmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində keçən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətlərinin həcmi 11 faiz artaraq 2 milyard manata, kreditlərin həcmi isə 18,2 faiz artaraq 7,6 milyard manata çatıbdır. Eyni zamanda, bu müddətdə, büdcə xərclərinin 30,1 faizi və ya 1 milyard 942 milyon manatını sosialyönümlü xərclər təşkil etməklə, ötən ilin eyni dövrü ilə müqayisədə 426,5 milyon manat və ya 28,2 faiz çox olub. O cümlədən, təhsil xərclərinə 182,1 milyon manat və ya 30,3 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 183,5 milyon manat və ya 29,7 faiz, səhiyyə xərclərinə 52,1 milyon manat və ya 25,4 faiz çox vəsait yönəldilibdir.
Ölkəmizin əldə etdiyi uğurlarda və davamlı iqtisadi inkişafa nail olunmasında qəbul edilmiş dövlət proqramlarının rolu xüsusi qeyd edilməlidir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər proqramlara əsasən, ölkə iqtisadiyyatının gücləndirilməsi, tarazlı inkişaf etdirilməsi və dünya iqtisadiyyatına səmərəli inteqrasiyası, sürətli regional inkişafın təmin olunması, regionlarda infrastruktur təminatının və kommunal xidmətlərin səviyyəsinin yaxşılaşdırılması, xalqın rifah halının daha da yüksəldilməsi, əhalinin etibarlı ərzaq təminatının ödənilməsi üçün makroiqtisadi sabitliyin qorunması, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, sahibkarlığa, xüsusilə, regional sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi, ixracyönümlü məhsul istehsalının artırılması və s. istiqamətində ciddi uğurlar əldə edilmişdir. Bütün bunlar dövlət proqramlarının real nəticələrinin çox az bir hissəsidir. Eyni zamanda, uğurların çeşidinin və miqyasının daha da artırılması məqsədilə sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin tənzimlənməsi, ölkədə sağlam rəqabətin təmin edilməsi, biznesə başlama prosedurlarının sadələşdirilməsi, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, vergi yükünün davamlı azaldılması, maarifləndirmə və digər istiqamətlərdə tədbirlər davam etdirilməkdədir. İlin 9 ayı ərzində regionlarda sənaye, kənd təsərrüfatı və xidmət sahələrinə aid 70-dən çox yeni müəssisənin tikintisinin başa çatdırılması və 173 müəssisənin tikintisinin isə davam etdirilməsi gələcəkdə regional inkişaf istiqamətində daha ciddi uğurların əldə ediləcəyinə zəmin yaradır.
Onu da qeyd edək ki, respublikamızın regional inkişaf siyasətinə uyğun olaraq maliyyələşdirilmiş layihələrin 99 faizi regionların payına düşür. Eyni zamanda, kreditlər hesabına 7 mindən çox yeni iş yeri açılması, qeyri-neft sektorunun inkişafına önəmli təsiri olan 73 yeni istehsal, emal və xidmət müəssisəsinin yaradılması nəzərdə tutulur ki, bütün bunlar da regional inkişaf baxımından ciddi uğurlar vəd edir. Bəli, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə istər 2003-2008-ci illəri əhatə edən birinci prezidentlik dövründə, istərsə də ikinci prezidentlik müddətinin birinci ili ərzində ardıcıl və qətiyyətlə həyata keçirilən islahatlar ölkənin davamlı iqtisadi inkişafı üçün zəngin potensial və ciddi zəmin yaratmışdır.
Dünyada belə bir reallıq da mövcuddur ki, hər hansı bir milləti və ya dövləti inkişafdan saxlamaq üçün onun təhsilini, elmini məhv etmək kifayətdir. Bunu çox gözəl qiymətləndirən ölkə hökuməti ilbəil təhsilin inkişafı istiqamətində ayrılan vəsaitləri daha da çoxaldır, eləcə də həyata keçirilən tədbirlərin miqyasını genişləndirir. Məhz bunun nəticəsidir ki, istər təhsil, istərsə də digər sosial istiqamətlərdə büdcə xərcləri çoxalır və bu da öz nəticəsini verir. Təhsilə dövlət qayğısının real nümunəsidir ki, bu sahəyə ayrılan vəsait 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 1,3 milyard manata çatmış, investisiya qoyuluşları isə 5,8 milyon manatdan 220 milyon manata yüksəlmiş, eləcə də bütün dünyanı cənginə alan iqtisadi böhrana baxmayaraq, cari ildə investisiya xərcləri 45 milyon manat nəzərdə tutulmuşdur. Bu müddətdə, "Ən yaxşı müəllim", "Ən yaxşı məktəb" və s. stimullaşdırıcı tədbirlər keçirilməklə təhsil sistemində ədalətli rəqabət mühitinin formalaşdırılması istiqamətində də ciddi addımlar atılmışdır. Yeni məktəblərin tikintisi və ya təhsil müəssisələrinin əsaslı təmir olunması kimi məsələlər xüsusi qeyd edilməlidir. Belə ki, son iki il ərzində ölkədə 28 yeni uşaq bağçası istifadəyə verilmiş, 21-i əsaslı təmir olunmuş, 6 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlamış, son 20 ildə, ilk dəfə olaraq, həmin müəssisələr 37 adda təlim vəsaitləri ilə təmin edilmişdir. Nəticədə Bakı şəhərində bağçalara gedən uşaqların sayı 4 min nəfər artmış, təhsilin bu pilləsi ilə əhatə səviyyəsi 26 faizi ötmüşdür. Məktəb infrastrukturunun müasirləşdirilməsi tədbirləri ardıcıl olaraq davam etdirilmiş, cari ildə 68 yeni məktəb binası tikilmiş, 15 məktəb əsaslı təmir olunmuş, 87 məktəbin istilik sistemi bərpa edilmiş, 118 məktəb müasir avadanlıqla, 119 məktəb isə müasir kimya və fizika laboratoriyaları ilə təmin edilmişdir. Əlbəttə, bütün bunlar təhsilin inkişafı istiqamətində cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü tədbirlərin kiçik bir nümunəsidir.
Beləliklə, ölkəmizin son illərə və aylara aid iqtisadi vəziyyətinin qısaca təhlilindən bu nəticəyə gəlmək mümkündür ki, ölkəmizdə bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi uğurlar ulu öndərin layiqli davamçısı olan ölkə Prezidenti İlham Əliyev tərəfindən daha genişmiqyaslı və fundamental şəkildə davam etdirilir.