“Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən "Səs" qəzetinə verilən məlumata əsasən, Böyük Britaniya Parlamentində Britaniya Azərbaycanlıları Şəbəkəsinin (UKAN) təsis olunması ilə əlaqədar "Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu" mövzusunda tədbir keçirilib.
Səfirliyin dəstəyi ilə keçirilən tədbirdə parlamentin Lordlar və Nümayəndələr palatalarının üzvləri, dövlət qurumlarının təmsilçiləri, enerji üzrə aparıcı ekspertlər, jurnalistlər, Londonda yaşayan azərbaycanlı və türk icmasının üzvləri iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan UKAN-ın həmtəsisçisi Gülçöhrə Əliyeva yeni yaradılan qurumun məqsədləri və gələcək fəaliyyət istiqamətləri haqqında məlumat verib. Təşkilatın Britaniya azərbaycanlılarının daha da sıx birləşdirilməsi və ölkəmizin maraqlarının bu ölkədə müdafiə edilməsinə xidmət edəcəyini diqqətə çatdırıb.
Bu ölkədəki səfirimiz Fəxrəddin Qurbanov çıxışı zamanı yeni təsis olunan quruma uğurlar arzulayıb və ölkədə fəaliyyət göstərən diaspora təşkilatlarının Azərbaycan reallıqlarının Britaniya ictimaiyyətinə çatdırılmasında xüsusi rol oynadıqlarını vurğulayıb. Mövzuya dair fikir bildirərkəno, Azərbaycanın dünya enerji bazarında getdikcə artan əhəmiyyətini, etibarlı tərəfdaş kimi tanındığını və bu amillərin gələcəkdə ölkəmizin enerji sahəsində yeni layihələrin həyata keçirilməsinə təminat yaratdığını vurğulayıb.
Daha sonra çıxış edən Britaniya Parlamentinin üzvü dr. Alan Vaythed, UKAN-ın həmtəsisçisi Fiyaz Muğal, ARDNŞ-ın London nümayəndəliyinin direktoru Rüfət Əfəndiyev, Birmingem Universitetinin professoru Ceremi Smit və London Universitetinin professoru dr. Bavna Deyv Azərbaycanda neft sənayesinin inkişaf tarixi, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı rol, Xəzər hövzəsi və xüsusilə, Azərbaycanın dünya enerji siyasətində artan nüfuzu ətrafında bəhs ediblər. Tədbir iştirakçılar üçün təşkil olunmuş ziyafətlə davam etdirilib.