PDF Oxu

İqtisadiyyat

  • 14

Uğurlu iqtisadi siyasət öz müsbət nəticələrini verir

Uğurlu iqtisadi siyasət öz müsbət nəticələrini verir
Azərbaycanda həyata keçirilən çevik iqtisadi siyasət dövlət büdcəsinə, onun gəlir və xərclərinin dinamikasına və strukturuna, eyni zamanda, bank sektoruna öz müsbət təsirini göstərib. Aparılan uğurlu islahatlar və ardıcıl iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə nisbəti ilbəil dəyişib. Büdcə-vergi, eyni zamanda, bank siyasəti, əsasən, makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına və büdcə kəsirinin minimuma endirilməsinə yönəldilib.
Həyata keçirilən çevik bank-maliyyə siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər, davam etdirilmiş, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsinə çevrilmiş, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi kimi çıxış edib.
Dünyada baş verən maliyyə böhranı ölkəmizdən yan keçib. Azərbaycanda mövcud bankların həyata keçirdiyi antiböhran planı hazırda uğurla icra olunmaqdadır. Daşınmaz əmlak bazarında qiymətlərin qeyri-stabil dəyişmə prosesi izlənilməklə, qarşıya çıxacaq risqlər minimuma endirilib.
Daşınmaz əmlak girov təminatı olaraq təqdim edildiyi halda, qiymətləndirmə bazar dəyərinin 50-60 faiz həcmində təyin edilir ki, bu, bankların kredit komitələri tərəfindən kredit üzrə qərar qəbul edilərkən, mütləq şəkildə nəzərə alınır. Bu cür qiymətləndirmə mexanizminin yenidən gözdən keçirilməsi gələcəkdə bankda yaranacaq girov risqinin minimuma endirilməsinə şərait yaradacaq.
Ötən müddətdə ölkənin ticarət sektorunda da böhran müşahidə olunmayıb. Cari ilin yeddi ayında pərakəndə ticarət və iaşə şəbəkələrində əhaliyə 6505,5 milyon manatlıq və ya ötən ilin müvafiq dövründəkindən 8,5 faiz çox istehlak malları satılıb və iaşə xidmətləri göstərilib.
Əhalinin həyat səviyyəsinin yüksəlməsi və müasir ticarət infrastrukturunun genişlənməsi əmtəə bazarının strukturunun formalaşmasına öz müsbət təsirini göstərib. Ticarət müəssisələrində satış qiymətlərinin bazar və yarmarkalar ilə müqayisədə nisbətən baha olmasına baxmayaraq, əmtəə satışı nəzərəçarpacaq dərəcədə yüksək olub.
Hüquqi şəxs statuslu və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fərdi sahibkarların ticarət müəssisələrində pərakəndə əmtəə dövriyyəsinin real həcmi keçən ilin yeddi ayına nisbətən 13,1 faiz azaldığı halda, bazar və yarmarkalar üzrə bu artım 3 faiz təşkil edib.
Pərakəndə əmtəə dövriyyəsinin real həcminin 84 faizi ticarət müəssisələrinin, 16 faizi isə yarmarka və bazarların ticarət fəaliyyəti sayəsində yaranıb.
Bu ilin əvvəlindən ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla ayda 105,2 manatlıq və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,2 manat çox müxtəlif istehlak malları alıb. Artım ticarət müəssisələrində 7,5 manat, bazar və yarmarkalarda 1,7 manat təşkil edib.
Cari ilin yeddi ayında pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində ərzaq mallarının xüsusi çəkisi üstünlük təşkil etməkdə davam edərək 65,6 faiz olub. Hesabat dövründə əhaliyə 4268 milyon manatlıq ərzaq, 2237,5 milyon manatlıq qeyri-ərzaq malları satılıb, onların real həcmi uyğun olaraq 10,8 və 3,7 faiz artıb. Artımın analoji tendensiyası demək olar ki, bütün istehlak mallarının alınmasında özünü büruzə verib.
Bu ilin yeddi ayında pərakəndə əmtəə dövriyyəsinin artımının 99,8 faizi özəl müəssisələrin fəaliyyəti sayəsində təmin edilib. Bu sektorun müəssisələrində əhaliyə 6455,9 milyon manatlıq və ya 8,5 faiz çox istehlak malları satılıb.
Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsinin ümumi həcminin 2,6 faizini iaşə müəssisələrinin dövriyyəsi təşkil edib. İaşə müəssisələri istisna olmaqla pərakəndə ticarət şəbəkəsindən əhaliyə 6337,8 milyon manatlıq və ya 4,8 faiz çox əmtəə satılıb.
Yeddi ay ərzində əhaliyə 167,7 milyon manatlıq və ya ötən ilin eyni dövründəkindən 15,8 faiz çox iaşə xidmətləri göstərilib. Özəl iaşə müəssisələri üzrə dövriyyənin real həcmi 17,8 faiz artaraq 160,6 milyon manat olub.
Göstərilən faktlar sübur edir ki, dünyada müşahidə olunan iqtisadi böhran Azərbaycanda iqtisadi inkişafla paralel gedir. Başqa sözlə desək, inkişaf etmiş ölkələrin belə böhran məngəsəində boğulduğu zamanda ölkəmizdə əks mənzərədir. Bu da həyata keçirilən iqtisadi siyasətin düzgünlüyünü göstərən amillərdədnir.

Digər xəbərlər