İqtisadçılar maliyyə böhranı ilə mübarizə üçün müvafiq üsullar axtarır
SİA-nın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ - ITU) mütəxəssisləri tərəfindən hazırlanan məruzədə qeyd olunub ki, qlobal maliyyə böhranı zamanı telekommunikasiya sahəsi tam defoltdan qurtara bilib, genişzolaqlı sistemlərə olan istehlakçı tələbatı isə əsas dünya bazarlarında artmaqda davam edir.5 il ərzində ev təsərrüfatlarına yeni xətlərin çəkilməsi (Fibre-To-The-Home) sahəsində 30 faizlik davamlı artım proqnozlaşdırılır.
Bununla yanaşı məruzədə bildirilib ki, maliyyə böhranı yüksək texnologiyaların yeni məhsullarının tətbiqini ləngidib. BTİ mütəxəssislərinin fikrincə ölkə hökumətləri telekommunikasiya sahəsinin təşviq imkanlarına baxmalıdır. Burada əsasən telefon, şüşə-lif və genişzolaqlı texnologiyalar üçün yeni həllərin işlənib hazırlanması nəzərdə tutulur.
Beynəlxalq Telekommunikasiya İttifaqının ekspertləri hesab edir ki, telekommunikasiya sahəsinin təşviqi iqtisadiyyatların inkişafına müsbət təsir göstərəcək. "İqtisadçılar hələ ki qlobal maliyyə böhranı ilə mübarizə üçün müvafiq üsullar axtarır. Lakin biz inanırıq ki, informasiya kommunikasiya texnologiyaları və genişzolaqlı şəbəkələrə sərmayə qoyuluşu iqtisadiyyatın təşviqində vacib rol oynayır", - deyə BTİ-nin baş katibi Hamadun Ture qeyd edib.