Qlobal böhran şəraitində sosial müdafiə siyasəti
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, cari il iyul ayının 1-i vəziyyətinə 287,3 min nəfər sosial müavinətlər alıb. Yaşa görə müavinət alanların sayı 18 min nəfər, əlilliyə görə 91,3 min nəfər, ailə başçısının itirilməsinə görə 31 min nəfər, sağlamlıq imkanları məhdud olduğuna görə müavinət alan 18 yaşadək uşaqların sayı isə 57 min nəfər təşkil edib.
Əmək pensiyasını almaq hüququ olmayan 55,7 min nəfərə kommunal, nəqliyyat və digər xidmətlərə görə güzəştlərin əvəzinə aylıq müavinət təyin olunub. Bu müavinətləri şəhid ailələrinin, müharibə əlillərinin, I və II qrup Çernobıl AES əlillərinin və müddətli hərbi xidmət qulluqçularının uşaqları almışlar. Həmçinin, yetim və valideyn himayəsindən məhrum olmuş uşaqların 1030 nəfər qəyyumlarına müavinət təyin olunub.
Bundan əlavə, 53,2 min nəfərə, o cümlədən, 47,3 min uşağın doğulmasına görə, radiasiya qəzası nəticəsində zərər çəkərək əlil olmuş 4,9 min şəxsin müalicəsi üçün və bir min nəfərin dəfni üçün birdəfəlik müavinət verilib.
2009-cu il iyul ayının 1-i vəziyyətinə Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 32,1 min nəfər 2989,7 min manat məbləğində aylıq təqaüd alıb.
Ölkədə 131,9 min ailənin 595,7 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı alıb, onların da 311,2 min nəfəri qadın, 282,3 min nəfəri uşaq olub və 1 nəfərə düşən orta aylıq məbləğ 20,03 manat təşkil edib.
DSMF-nun ictimaiyyətlə əlaqələr sektorundan bildiriblər ki, pensiya alanların 512167 nəfəri kişi, 780435 nəfəri qadındır. Qadınlardan 380540 nəfəri çoxuşaqlı analardır. Bundan başqa, əmək pensiyası alanların arasında dövlət qulluqçusu kimi pensiya alanların sayı 9692 nəfər təşkil edir. Ümumilikdə, əmək pensiyaçılarının 129513-ü işləyən pensiyaçılardır.
Fonddan, həmçinin, bildiriblər ki, əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı 308 670 nəfər təşkil edir. Onlardan 22 276 nəfəri 1-ci qrup, o cümlədən, 7580 nəfəri 1-ci qrup gözdən əlillərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə əmək pensiyası alan şəxslərin sayı isə 4582 nəfərdən ibarətdir.
Bundan başqa, 37 031 nəfər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərdir. Ailə başçısını itirməyə görə əmək pensiyası alan şəxslərin sayı isə 138 146 nəfər təşkil edir. Onlardan 22-si Azərbaycan Milli Qəhrəmanlarının ailə üzvləridir.
Qeyd edək ki, əmək pensiyası- "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyasının 3 növü vardır: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.
Azərbaycanda qanuna uyğun olaraq 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır.
Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığortaolunan bir il sosial sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə 1 il sosial sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda təyin edilir.
"Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq ailə başçısını itirməyə görə əmək pensiyası isə vəfat gününədək ailə başçısının yuxarıda göstərilən qaydada (əlilliyə görə əmək pensiyası hüququ yaranması şərtlərinə uyğun) sosial sığorta stajı olduqda təyin edilir.
Ölkənin hərtərəfli inkişafını nəzərdə tutan regionların 2009-2013-cü illərdə sosial -iqtisadi inkişafı Dövlət Proqramında qeyd olunduğu kimi ötən illərdə əldə olunan nailiyyətlər əhalinin həyat səviyyəsinin yüksəldilməsində mühüm rol oynayıb. Əsas prioritetlərdən biri də çevik iqtisadi siyasət sayəsində əhalinin sosial müdafiəsinin etibarlı təminatı üçün yüksək dinamikanı davam etdirmək, qeyri-neft sektorunu inkişaf etdirməklə əhali arasında məşğulluq səviyyəsini artırmaq, yoxsulluğu minimuma endirməkdir.
Həyata keçirilən əmək haqqı və pensiya siyasətinin uğurlu tətbiqi nəticəsində ölkədə yoxsulluğun səviyyəsi 12,5 faizə endirilib. Bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF), ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev məlumat verib.
DSMF-nin əməkdaşının sözlərinə görə, əmək pensiyası "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilir: "Əmək pensiyası məcburi dövlət sosial sığorta olunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığorta olunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Əmək pensiyası 3 növ üzrə təyin olunur: yaşa, əlilliyə, ailə başçısını itirməyə görə. 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var".
Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığortaolunana bir il sosial sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığorta olunana isə 1 il sosial sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda təyin edilir.
Ailə başçısını itirməyə görə əmək pensiyası isə vəfat gününədək ailə başçısının yuxarıda göstərilən qaydada (əlilliyə görə əmək pensiyası hüququ yaranması şərtlərinə uyğun) sosial sığorta stajı olduqda təyin edilir. 2010-cu ilin əvvəlindən ölkədə ehtiyac meyarı həddinin 65 manata çatdırılacağı gözlənilir.
Qeyd edək ki, ölkədə ünvanlı dövlət sosial yardımı mexanizminin icrasına başlanılarkən, ehtiyac meyarının həddi 30 manat idi. Hazırda bu rəqəm 2 dəfə artırılaraq 60 manata çatdırılıb. Təbii ki, ehtiyac meyarı həddinin artması ünvanlı sosial yardımın əhatə dairəsinin daha da genişlənməsinə müsbət təsir göstərəcək.
İqtisadiyyatın sürətlə inkişafı ölkə əhalisinin gəlirlərinin də mütənasib olaraq artımını təmin edir. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin yanvar-iyul aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin gəlirləri 13,6 faiz artaraq 12,5 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 12,1 faiz artaraq 1423 manata çatıb.
Muzdla işləyənlərin orta aylıq əmək haqqı ötən yeddi ayda 17,8 faiz artaraq 298 manata çatıb. Sənayedə çalışanların orta aylıq əmək haqqı 448,1 manat, tikinti kompleksində işləyənlərin orta aylıq əmək haqqı isə 444,4 manat olub və ötən illə müqayisədə müvafiq olaraq 8,2 və 12,6 faiz artıb.
Rəqəmlərdən göründüyü kimi, ölkədə sosial inkişaf davam edir. Ölkə vətəndaşlarının sosial müdafiəsi və əhalinin gəlirlərinin artması fonunda insanların həyat səviyyəsi yüksəlir. Prezident İlham Əliyevin sözlər ilə desək, "Azərbaycan iqtisadi potensialını xalqın həyat səviyyəsinin yüksəldiməsi üçün sərf edir".