PDF Oxu

İqtisadiyyat

  • 9

İnfrastruktura qoyulan vəsaitlər...

İnfrastruktura qoyulan vəsaitlər...
İşsizliyin aradan qaldırılması, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi, regional inkişaf haqqında Dövlət Proqramının qəbul edilməsi və s. kimi mühüm vəzifələr qeyd olunan irəliləyişlərin bariz nümunəsidir. Xalqımız regionların inkişafına nail olmaq üçün kənd təsərrüfatı məhsulları istehsalının artırılması, qeyri-neft sektorunun, o cümlədən, emal sənayesinin, xidmət və digər infrastruktur obyektlərin yaradılması, turizmin inkişafının təmin edilməsi, məşğulluq səviyyəsinin yüksəldilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, bölgələrdə müasir tipli elektrik stansiyalarının tikilməsi, yolların və kommunikasiya xətlərinin qurulması, sahibkarlığın inkişafı istiqamətində kompleks tədbirlərin görülməsi, regionlarda təhsil və səhiyyənin inkişafının təmin edilməsi kimi vəzifələrin öhdəsindən layiqincə gəlir. Azərbaycan Respublikasının təbii şəraiti, olduqca zəngin təbii ehtiyatları, xarici və daxili turizmin və əhalinin istirahətinin təşkili üçün hər cür şəraitə malikdir. Respublikamızın əlverişli iqlim şəraiti, ilboyu zirvələri qar və buzlaqlarla örtülü olan ecazkar quruluşu, cəlbedici landşaftı, çoxsaylı dağ çayları və şirinsulu gölləri, insanı heyrətə gətirən şəlalələr, yüzlərlə mineral və müalicəvi bulaqlar, narın qumlu dəniz çimərlikləri, palçıq vulkanları, tarixi-mədəni və dini abidələr və s. ölkədə daxili və xarici turizmin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Təbii ki, bu imkandan səmərəli formada yararlanmaq üçün bir sıra digər tədbirlərin də həyata keçirilməsi zəruridir. Son illər sürətlə dəyişən Azərbaycan Respublikasında irimiqyaslı yerli, regional və beynəlxalq layihələr həyata keçirilməkdədir. Bu layihələr müxtəlif istehsal və xidmət sahələrini əhatə etməklə ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynamaqdadır. Həyata keçirilən layihələrin prioritet istiqamətlərindən biri də infrastruktur sahələrin təkmilləşdirilməsi və müasir tələbata uyğunlaşdırılmasıdır. Bu da təbiidir, çünki köhnə, müasir standartlara cavab verməyən infrastruktur sahələrlə hər hansı inkişafa nail olmaq qeyri-mümkündür. Bu gün infrastruktur layihələrinə dövlət büdcəsindən ayırmaların ilbəil yüksək templə artması dövlətin bu məsələyə necə böyük həssaslıqla yanaşdığını göstərir. Əgər 2006-cı ilin dövlət büdcəsində investisiya layihələrinin maliyyələşdirilməsinə 600 milyon manat, 2007-ci ildə 1,5 milyard manat ayrılmışdısa, 2008-ci ildə infrastruktur layihələrin həyata keçirilməsinə 3 milyard manatın ayrılması Azərbaycan hökumətinin bu sahədə yeniləşməyə xüsusi diqqət yetirdiyini sübut edir. Nəqliyyat sistemində həyata keçirilən layihələrin ölkədə turizmin inkişafına təsiri artıq hiss olunur. Azərbaycan Respublikasında son 5 ildə sürətlə inkişaf edən sahələrdən biri də nəqliyyat sektoru, xüsusən, avtomobil nəqliyyatıdır. Başqa sözlə desək, avtomobil nəqliyyatının, yolların və yol ötürücülərinin sürətlə inkişaf etməsi ölkədə nəqliyyat xidmətlərinin kəmiyyət və keyfiyyət yüksəlişinə nail olmağa imkan verir. Eyni zamanda, nəqliyyat xidmətlərinin, yolların və s. inkişafı isə sahibkarlıq, turizm və s. sahələrin dirçəlişinə təkan verir. Bu gün Azərbaycanın ən ucqar kəndlərinədək rahat yolların çəkilməsi, ölkəmizin Şərq-Qərb, Şimal-Cənub kimi iri beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi turizm sektorunun da inkişafına ciddi təsir göstərməkdədir. Belə ki, həm ölkə daxilində, həm də beynəlxalq səviyyəli yolların yenidən qurulması, yeni yolların çəkilişi ölkənin Avropa və Asiya arasında yerləşən nəqliyyat qovşağı kimi əhəmiyyətini daha da yüksəldir. Azərbaycanın tranzit potensialı artdıqca isə ölkə ərazisindən tranzit kimi istifadə edən xarici daşıyıcıların sayı da çoxalır. Bu da turizmin inkişafında mühüm rol oynayır. Son illər ölkədə həyata keçirilən genişmiqyaslı islahatlar, əksər regionlara və sahələrə dair dövlət proqramlarının qəbulu, onların uğurla icra edilməsi və s. nəticəsində bir çox problemlər tədricən öz həllini tapıb, ölkədə kənd turizminin inkişafı üçün münbit şərait formalaşdırılıb. Bu sahədə isə nəqliyyat əlaqələrinin genişlənməsi, ən ucqar yaşayış məntəqələrinədək abad yolların çəkilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəlməsi və s. xüsusilə, əhəmiyyətli olub. Avtomobil yollarının yenidən qurulması və təkmilləşdirilməsi turizmin inkişafında mühüm rol oynayır. Təbii ki, regionların abadlaşdırılması, yeni yolların çəkilməsi sahibkarlıq və turizm kimi sahələrin də inkişafına güclü təkan verəcək. Burada ölkə başçısı cənab İlham Əliyevin bir fikrini xatırlatmaq yerinə düşərdi: "Harada ki, müasir yol var, o bölgədə mütləq və mütləq inkişaf olacaqdır. Əgər yol yoxdursa, o bölgə inkişaf edə bilməz. Orada istənilən təbii sərvətlər, istənilən infrastruktur, gözəl binalar, mehmanxanalar olsa da, əgər yol yoxdursa və ya bərbad vəziyyətdədirsə, oraya heç kim gəlməyəcəkdir". Təbii ki, yol olmadıqda və ya yararsız halda olduqda, nəqliyyat vasitələri, normal nəqliyyat vasitələri olmadıqda isə, yollar əhəmiyyətsiz olur. Eyni zamanda, tələbata uyğun nəqliyyat xidmətləri olmadan hər hansı sahədə istənilən inkişafa nail olmaq qeyri-mümkündür. Deməli, turizmin, o cümlədən, kənd turizminin inkişafı nəqliyyat və onun infrastruktur sahələrinin inkişafı ilə bir kompleks əmələ gətirir. Bütün bunlar isə ölkədə həyata keçirilən infrastruktur layihələrin turizmin inkişafında, konkret olaraq, regionlarda aparılan quruculuq işləri, yeni yol çəkilişlərinin isə kənd turizminin inkişafında xüsusi əhəmiyyəti olduğunu bir daha sübut edir. Beləliklə, yaxın perspektivdə ölkə infrastrukturunun inkişafına qoyulan vəsaitlərin nə qədər böyük gəlirlər gətirdiyi görünəcək. Qeyri-neft sektorunun kompleks inkişafı fonunda ölkənin strateji iqtisadi inkişafı da məhz belə faktorlardan asılı olacaq. Elçin Bayramlı

Digər xəbərlər