PDF Oxu

İqtisadiyyat

  • 11

Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir

Azərbaycan dünyanın iqtisadi mərkəzinə çevrilir
Ulu öndərimiz Heydər Əliyevin tərəqqi, inkişaf siyasi kursuna uyğun olaraq həyata keçirilən islahatların uğurlu nəticələri Azərbaycanın yeni əsrin ilk illərindən qədəm qoyduğu tarixi mərhələnin başlıca keyfiyyət göstəriciləridir.
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük əzmlə həyata keçirdiyi strateji inkişaf kursu sərbəst bazar iqtisadiyyatı mühitində ölkəmiz üçün ən düzgün istiqamətdir. Əldə edilən nailiyyətlərə, bu gün cəmiyyət həyatında özünü göstərən yeni meyillərə əsasən, tam qətiyyətlə söyləmək olar ki, artıq Azərbaycan demokratik inkişaf yolunun çətin məqamlarını arxada qoyub. Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü dayanıqlı, sabit, tarazlı yüksəliş modeli Azərbaycan təcrübəsində özünü tam doğrultmuşdur.
Azərbaycanın əldə etdiyi iqtisadi uğurlar beynəlxalq iqtisadi forumlar, təşkilatlar tərəfindən də qeyd edilməkdədir. Dünya iqtisadi forumunun "2009-2010-cu illərdə dünya ölkələrinin qabiliyyətli iqtisadiyyatları haqqında" hesabatında da Azərbaycan qlobal rəqabətlik indeksinə görə 133 ölkə arasında 18 pillə irəliləmişdir. 2008-ci ildə 69-cu yerdə olan Azərbaycan 2009-cu ildə 51-ci yerə yüksəlmişdir. Hesabatda qeyd olunur ki, Azərbaycan makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisiti və dövlət borcunun azalması ilə səciyyələnir.
Hesabatda Azərbaycanda iqtisadi sabitliyin və əmək bazarında vəziyyətin yaxşılaşması xüsusilə qeyd edilir. Əmək bazarının göstəricilərinə görə Azərbaycan ötənilki 34-cü pillədən 13-cü pilləyə yüksəlib. Makroiqtisadi sabitlik göstəricilərinə görə 27-ci, innovasiya potensialına görə 42-ci yerlər də ölkəmizin kifayət qədər uğur əldə etdiyinin göstəricisi hesab olunmalıdır. Ölkəmizin əmtəə bazarı üzrə göstəricilərdə isə 18 pillə sıçrayış qeydə alınıb - 89-cu pillədən 71-ci pilləyə.
Dünya İqtisadi Forumu ilə paralel olaraq Dünya Bankının (DB) və Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində Azərbaycan 183 ölkə arasında 38-ci yeri tutmuşdur. Hesabatı tərtib edən ekspertlər belə hesab edirlər ki, biznes sahəsində son islahatlar Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şərait yaradılmasına imkan vermişdir.
Bu gün Azərbaycanın ən yüksək inkişaf göstəricilərinə malik ölkələrdən birinə çevrilməsi, sənaye potensialının artımına, iqtisadi inkişaf tempinə görə bütün dünyada önə keçməsi faktı mötəbər beynəlxalq təşkilatların hesabatlarında da öz təsdiqini tapır. 2009-cu ilin dövlət büdcəsinin 2008-ci ilə nisbətən 76 faiz artaraq 19 milyard ABŞ dollarına çatdırılması, respublikamızın valyuta ehtiyatlarının Dövlət Neft Fondunda toplanan vəsaitlərlə birgə 62 milyard dolları ötməsi bu həqiqətin təsdiqidir.
Ən vacib məqamlardan biri də bundan ibarətidir ki, iqtisadiyyatın lokomotivi sayılan neft-qaz sektorundakı yüksəliş, bu sferada həyata keçirilən layihələrdən qazanılmış mənfəət digər istehsal sahələrinə də öz müsbət təsirini göstərməkdədir. Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının aradan qaldırılmasını ən başlıca vəzifələrdən biri kimi müəyyənləşdirən cənab İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, neft Azərbaycan üçün son məqsəd deyil, sadəcə, milli iqtisadiyyatımızın inkişafı üçün əhəmiyyətli bir vasitədir. Dövlət rəhbəri iqtisadi inkişafa yalnız neft amili hesabına nail olmağı məqbul saymır. Tarazlı və davamlı tərəqqi naminə qeyri-neft sektoruna xüsusi diqqət yetirilməsini önə çəkir.
Dünya İqtisadi Forumunun hesabatında diqqət çəkən məqam ondan ibarətdir ki, Azərbaycanda fərdi biznesin inkişafı və qeydiyyatı müsbət dəyərləndirilir. Yəni, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında sahibkarlıq subyektlərinin inkişafı üçün "bir pəncərə" sisteminin tətbiq edilməsindən sonra onların qeydiyyat müddəti 30 gündən 16 günə, tələb olunan sənədlərin sayının isə 13-dən 6-ya endirilməsi müsbət faktor kimi dəyərləndirilib. Dünya iqtisadi forumunun hesabatında o məlumat da öz əksini tapır ki, ölkələrin rəqabət qabiliyyəti 110 sahə üzrə vəziyyətə dair açıq informasiyalar əsasında qiymətləndirilib. Qiymətləndirmə 133 ölkədə 13 min sahibkar arasında aparılan sorğu əsasında müəyyənləşdirilib.
Onu nəzərə çatdırmaq lazımdır ki, Azərbaycan hökuməti respublikada azad sahibkarlıq fəaliyyəti üçün mövcud olan şəraitin daha da yaxşılaşdırılması, özəl sektorun inkişafı, cəmiyyətimizdə orta təbəqənin formalaşması üçün sahibkarlara maliyyə dəstəyi siyasətini də uğurla davam etdirməkdədir. Sahibkarlığın inkişafı istiqamətində atılmış addımlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. İnkişaf etmiş dövlətlərin mütərəqqi təcrübəsi belə bir həqiqəti çoxdan sübuta yetirib ki, bazar iqtisadiyyatına keçid dövründə özəl sektorun fəaliyyətinə normal şərait yaratmadan cəmiyyət qarşısında dayanmış bir sıra strateji vəzifələri həyata keçirmək, iqtisadi yüksəlişi təmin etmək, işsizliyin səviyyəsini aşağı salmaq, infrastrukturu yeniləşdirmək, eləcə də sosial xarakterli digər rroblemlərin həllinə nail olmaq çətindir. Azərbaycan Prezidenti İlham Əliyev dövlətə rəhbərliyinin ilk günlərindən bu reallığı düzgün qiymətləndirmiş, respublikamızda azad sahibkarlığın inkişafına yönələn tədbirlər son illər daha intensiv şəkil almağa başlamışdır. Dövlət rəhbəri iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara, fermerlərə güzəştli kreditlərin verilməsi məsələsinə xüsusi diqqət yetirir.
Son beş il ərzində Azərbaycanın dövlət büdcəsinin 10 dəfə artması bütövlükdə ölkə iqtisadiyyatının çox sürətlə inkişafını və bu inkişafın cəmiyyət həyatının bütün sahələrini əhatə etməsini göstərir.
Xatırladaq ki, "Doing business 2009: islahatlar necə həyata keçirilməli" hesabatında da Azərbaycan 181 ölkə arasında bir nömrəli islahatçı elan edilmişdi. Hesabata görə sahibkarlıq fəaliyyətinin əlverişliliyinə görə 33-cü yerdə qərarlaşmışdı. Həmçinin, Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının hesabatlarında Azərbaycan iqtisadiyyatı davamlı olaraq müsbət xarakterizə edilməkdədir. Ölkəmiz karbohidrogen ehtiyatların hasilatı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülmüşdür.

Digər xəbərlər