Neft sosial sahənin inkişafını sürətləndirib
On beş illiyini qeyd etməyə hazirlaşdigimiz "Əsrin müqaviləsi" Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaradıb. Statistik araşdırmalar və müşahidələr sübut edir ki, Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub və digər iri layihələrdə iştirakı bölgədə təhlükəsizliyin və sülhün təminati, davamlı iqtisadi inkişafın təmınatçısı kimi həyati əhəmiyyət kəsb edir. Bu gün ölkəmizdə əldə edilən iqtisadi uğurların başlanqıcında məhz milli neft strategiyası, bu strategiyanın təməl daşını isə məhz "Əsrin müqaviləsi" təşkil edir. Bu təməl əsasında Azərbaycan iqtisadiyyatı dinamik və sürətlə inkişaf edir, xalqımızın maddi-rifah halı ildən ilə daha da yaxşılaşır.
Azərbaycanda həyata keçirilən neft strategiyasının əsas qayəsi ölkənin kompleks inkişafının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu kurs bu gün möhtərəm Prezident İlham Əliyev cənabları tərəfindən layiqincə davam etdirilir. Cənab İlham Əliyev həm respublikanın zəngin enerji ehtiyatlarından, həm də geostrateji mövqeyindən məharətlə istifadə edərək ölkəmizin uğurlu inkişafını təmin edib.
Neftdən əldə olunan gəlirlər demək olar ki, bütün istehsal sahələrinin inkişafına, sosial infrastrukturun bərpasına ciddi təsir göstərib. Bu isə Heydər Əliyevin "Neft digər istehsal sahələrinin inkişafına təkan verməlidir" ideyasının gerçəkləşməsi deməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin sosial-iqtisadi inkişafının keyfiyyətcə yeni mərhələsində vətəndaşların sosial rifah halının daha da yüksəldilməsi məqsədilə təsdiq etdiyi mühüm dövlət proqramları bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Həmin proqramlarda nəzərdə tutulan tədbirlərin icrası çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir. İnsanların həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması, sosial məsələlərin həlli, yoxsulluğun azaldılması istiqamətində mühüm işlər görülür. Ölkənin dörd bir yanında yollar çəkilir, regionlarda müalicə-diaqnostika mərkəzləri inşa edilir, vətəndaşların sosial rahatlığına xidmət edən müxtəlif təyinatlı obyektlər istifadəyə verilir. Əvvəllər təbii qaz olmayan rayonlar qazlaşdırılır, bölgələrdə olimpiya kompleksləri, turizmin inkişafının əyani təcəssümü olan otellər, istirahət mərkəzləri, yeni avtovağzallar, xəstəxanalar tikilir, təmirə ehtiyacı olanlar müasir səviyyədə yenidən qurulur. Bütün bunlar infrasrukturun yeniləşməsinə mühüm töhfələr verməklə yanaşı, ölkənin sosial-iqtisadi həyatında böyük hadisəyə çevrilir.
Ulu öndərimiz Heydər Əliyevin müdrik qərarı əsasında Neft Fondundan ilk vəsait Azərbaycan xalqının ən ağır şəraitdə yaşayan və ən həssas sosial təbəqəsi olan qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə istiqamətləndirilib. Bu sahədə görülmüş işlərin nəticəsidir ki, ölkədə artıq bir dənə də olsun qaçqın şəhərciyi qalmayıb.
Təhsilə, Səhiyyə, sosial sferaya dəstək ARDNŞ-nin prioritetidir
Dövlət Neft Şirkəti də öz vəsaitləri hesabına erməni işğalçıları tərəfindən doğma yurd-yuvalarından didərgin düşmüş həmvətənlərimizə maddi və humanitar yardımların göstərilməsi istiqamətində mühüm işlər görür. Şirkət Ağdam rayonunda yeni salınmış "Dördyol 1, 2" və "Təzəkənd" qəsəbələrində məskunlaşan 1623 məcburi köçkün ailəsini himayəsinə götürüb. Füzuli rayonunun bir neçə kəndində sığınacaq tapan qaçqın soydaşlarımızın da qayğıları diqqət mərkəzimizdədir. Onlara bayram günlərində maddi və humanitar yardımlar edir, bayram sovqatları göndərilir. Bundan başqa, ARDNŞ-nin tabeçiliyində olan yataqxanalarda, istirahət ocaqlarında məskunlaşmış 15 minə yaxın qaçqın və məcburi köçkünə də xüsusi diqqət və qayğı ilə yanaşılır. Bu günə kimi onlardan 3006 nəfəri işlə təmin olunub.
ARDNŞ ictimai məsuliyyətini dərindən dərk edən bir şirkət olaraq, ölkənin sosial həyatında fəal iştirak edir. Bu gün respublikada həyata keçirilən bütün mühüm sosial-iqtisadi layihələrdə şirkətin böyük rolu hiss olunur - desək yəqin ki, yanılmarıq.
Möhtərəm Prezidentimizin ölkəni inamla irəliyə doğru aparan sosial-iqtisadi inkişaf kursu ARDNŞ-də də daim dəstəklənir, prioritet istiqamətlərdən biri kimi həyata keçirilir. Dövlət Neft Şirkətinin sosial fəaliyyətinin daha əhatəli bir sahəsi möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının təşəbbüsü ilə təsdiq olunmuş, onun bilavasitə rəhbərliyi ilə reallaşmış "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın (2004-2008-ci illər) həyata keçirilməsi ilə bağlıdır. Proqram çərçivəsində regionlarda əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə Şirkətimizin maliyyə vəsaiti hesabına yeni məktəblər, kitabxanalar, xəstəxanalar, idman qurğuları, istirahət obyektləri tikilir, körpülər, park və xiyabanlar salınır. Hazırda Şirkətin struktur bölmələrinin tərkibində 2,5 milyon kvadrat metrə yaxın mənzil fondu (o cümlədən, 72 yataqxana), 44 məktəbəqədər uşaq müəssisəsi, Təlim-Tədris Mərkəzi, 15 mədəniyyət evi və klub, 14 idman kompleksi və meydançası, 450 çarpayılıq xəstəxana, hər biri 20 çarpayılıq Lənkəran, Şirvan, Zaqatala, Qəbələ, Bərdə və Qazax Müalicə-Diaqnostika Mərkəzləri, Gigeyena və Epidemiologiya Mərkəzi, 14 istirahət zonası və sair sosial təyinatlı obyektlər fəaliyyət göstərir.
Şirkətin sosial sferada həyata keçirdiyi ən başılca iş demək olar ki, ölkənin 10-dan artıq bölgəsində müasir standartlara cavab verən müalicə-diaqnostika mərkəzlərinin tikintisinin həyata keçirilməsidir. Naxçıvan Muxtar Respublikasında, Lənkəran, Şirvan, Zaqatala, Qəbələ, Qazax və Bərdədəki mərkəzlər artıq istifadəyə verilmişdir və region əhalisinə uğurla xidmət göstərir. Qeyd edək ki, Quba və Şamaxı rayonlarında Müalicə Diaqnostika Mərkəzlərinin isə bu il təhvil verilməsi planlaşdırılır. Bu mərkəzlərdə ən unikal cərrahi əməliyyatların aparılması üçün hər cür şərait yaradılmış, məşhur Avropa, Amerika və Yaponiya şirkətlərinin istehsalı olan qabaqcıl tibbi avadanlıqlar quraşdırılıb. Mərkəzlərin təchiz olunduğu müasir texnika Azərbaycan səhiyyəsinin yalnız paytaxtda deyil, həmçinin regionlarda da inkişaf etməsi üçün əlverişli imkanlar yaradır. Hazırda bütün postsovet məkanında tibb elminin ən yeni nailiyyətlərinə əsaslanan nadir əməliyyatların keçirildiyi müalicə-sağlamlıq ocağı kimi tanınan Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri tez-tez regional diaqnostika mərkəzlərində ezamiyyətdə olur, unikal tibbi əməliyyat və müayinələr həyata keçirirlər. Məlum olduğu kimi, elə çətin tibbi əməliyyatlar var ki, bunların regionlarda aparılması obyektiv səbəblərdən qeyri-mümkündür. Bunu və ağır xəstələrin paytaxta gətirilməsinin çətinliklərini nəzərə alaraq, Mərkəzi Neftçilər Xəstəxanasında müxtəlif təyinatlı tibb heyətlərindən ibarət səyyar qruplar yaradılıb. Həmin qruplar mütəmadi olaraq regionlardakı müalicə-diaqnostika mərkəzlərinə ezam edilir, yerlərdə keçirilməsinə imkan olmayan unikal əməliyyatlar aparır. Mərkəzi Neftçilər Xəstəxanasının kadr və maddi-texniki bazasının genişləndirilməsi işləri də davam etdirilir. Xəstəxanada insan orqan və toxumalarının transplantasiyası şöbəsi yaradılmış və burada ölkəmizdə ilk dəfə olaraq mütəxəssislərimiz tərəfindən qaraciyər və böyrək köçürülməsi əməliyyatları keçirilmişdir.
Ölkənin növbəti beş ildə də davamlı və tarazlı inkişafını təmin etmək, infrastruktur və kommunal xidmətlərini daha da yaxşılaşdırmaq, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsinə nail olmaq üçün regionlarda başlamış işlərin ardıcıl şəkildə davam etdirilməsi məqsədilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Fərman imzalayıb. Qeyd edək ki, bu sənəd əvvəlki proqramın məntiqi davamıdır. ARDNŞ növbəti beş il ərzində regionların bütün sosial, iqtisadi, infrastruktur problemlərinin həllini nəzərdə tutan yeni proqramın icrasında da ötən illərdə olduğu kimi yaxından iştirak edəcək. Dövlət Neft Şirkəti Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşdirilən "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində Naxçıvan Muxtar Respublikasında, Qaradağ, Balakən, Zaqatala, Qusar, Xanlar, Lerik, eləcə də Bakının bir sıra rayonlarında yeni məktəb binası inşa etdirmiş, bir çox köhnə məktəb binalarının təmir olunması istiqamətində mühüm işlər görmüşdür. Təbii ki, təhsil muəssisələri beynəlxalq tələblərə cavab verən, müasir texnologiya və avadanlıqlarla təchiz olunub.
Bunlara Balakən rayonu İtitala kəndində 450 şagird yerlik, Göygöl rayonunda 800 yerlik, Ağsu rayonu Çiyni kəndində 200 yerlik orta məktəb binalarını, Goranboy rayonu Rəhimli kəndində 142 şagird yerlik, Qarqucaq kəndində 236 şagird yerlik, Yolqullar kəndində 142 şagird yerlik, Qusar rayonu Qalacıq kəndində 320 şagird yerlik, Aşağı Ləyər kəndində 320 yerlik, Suvacal kəndində 200 şagird yerlik orta məktəb binalarını, Zaqatala rayonu Göyəm Bələdiyyəsi ərazisində yerləşən 500 yerlik liseyi misal göstərmək olar. Qusar rayonunda 340 şagird yerlik məktəb binasının inşası davm etdirilir. Ucqar rayonlarda yerləşən məktəb yolları əsaslı şəkildə təmir olunmuşdur.
ARDNŞ ölkəmizin sosial inkişafında mühüm rol oynamaqla yanaşı, öz işçilərinin də sosial problemlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır. Artıq neçə ildir ki, "ARDNŞ-nin idarə və müəssisələrində çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması məqsədilə 2007-2010-cu illər üçün Sosial İnkişaf Proqramı" nın icrası istiqamətində mühüm tədbirlər görülür. 2008-ci ildə Şirkətin idarə və müəssisələrinin sifarişi əsasında 529 mənzilli 7 yaşayış binası tikilərək neftçilərin istifadəsinə verilib. Şirkətin mənzil fonduna daxil olan yaşayış binalarının təmirinə ciddi fikir verilir, binaların həyətləri abadlaşdırılır. Neftçilərin mənzillə təmin edilməsi məqsədilə Şirkətin idarə və müəssisələrinin sifarişi əsasında yeni yaşayış binalarının tikintisi bu il də davam etdirilir. Yeni tikilmiş yaşayış binalarında ARDNŞ üzrə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların siyahısına uyğun olaraq, bu il ümumilikdə 179 mənzilin bölgüsü aparılmış, daha 275 mənzilin isə bölgüsü aparılmaqdadır. Hazırda ARDNŞ üzrə mənzil uçotunda olanların mənzillə təmin olunmaları istiqamətində alternativ kompleks tədbirlər planı hazırlanaraq həyata keçirilməyə başlanılmışdır. Bundan başqa, istehsalat sahələrində çalışan işçilərin isti yeməklə təmin edilmələri üçün 16 sahədə yeni yeməkxana binası tikilmiş, 35 sahədə yeməkxanalar əsaslı təmir olunmuş və hər biri müasir avadanlıqlarla təchiz olunaraq istifadəyə verilmişdir. Bu istiqamətdə işlər davam etdirilir. "28 May" NQÇİ-nin 3 və 4 nömrəli Dərin Dəniz Özüllərində yaşayış blokları əsaslı təmir edilmiş, təzə məişət avadanlıqları ilə təmin edilərək neftçillərin istifadəsinə verilmişdir. Digər özüllərdə təmir işləri davam etdirilir. 4 və 11 saylı özüllərdə çalışan işçilərin içməli su ilə təmin edilməsi məqsədi ilə özüldə bioloji təmizləyici qurğu quraşdırılmış. Bu qurğudan digər özüllərdə və Çilov adasında da quraşdırılması nəzərdə tutulmuşdur. Bundan başqa, Çilov adasında 54 çarpayılıq yeni yataqxana binası tikilmiş, 85 yerlik yataqxana binası isə müasir standartlara uyğun əsaslı təmir olunaraq bütün məişət avadanlıqları ilə təmin olunmuşdur. Hazırda yeni yataqxananın inşası gedir. Həmçinin, adada müasir standartlara cavab verən və lazımi məişət avadanlıqları ilə təchiz edilmiş tibb məntəqəsi də neftçilərin istifadəsinə verilmiş, qəsəbədə abadlıq işləri aparılmış, orta məktəb, yeməkxana tibb məntəqəsi, poçt əsaslı təmir olunmuşdur. Bununla yanaşı, ötən müddət ərzində Şirkətin tabeçiliyində olan 4 idarə üçün müasir standartlara cavab verən yeni inzibati bina tikilmiş, 9 idarənun inzibati binası əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmişdir. Hazırda 4 idarədə əsaslı təmir işləri davam etdirilir.
Neft daşlarının 60 illiyi qeyd ediləcək
Məlum olduğu kimi, qarşıdan "Neft Daşları" yatağının işlənməsinin 60 illik yubileyi yaxınlaşır. Hələ 3 il əvvəl "Neft Daşları"ndakı bütün sosial infrastruktur obyektlərinin əsaslı təmir edilməsi istiqamətində işlərə başlanılib. Bu il həmin işlərin uğurla başa çatdırılması nəzərdə tutulur. Bundan başqa, açıq dənizdə yerləşən uzaq sahələrə 8-10 neftçinin yaşaması üçün yeni rahat evlər quraşdırılır. "Neft Daşları"ndakı parkın abadlaşdırılması, Heydər Əliyev muzeyinin tikinti işləri başa çatdırılmaq üzrədir. Burada ikimərtəbəli Çay evi avqustun sonlarına kimi təhvil veriləcək. Park kompleksində abidələrin də tikintisi işləri görülür. Ulu öndərin heykəli, 1947-ci ildə dənizdə həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi üçün abidə və "Neft Daşları"nda işləmiş Qarabağ müharibəsində həlak olmuş neftçilərin xatirəsinə abidə kompleksləri parkda yer alıb. Yubiley münasibətilə idarə tərəfindən "Neft Daşları" NQÇİ-nin inzibati binasının təmir işləri həyata keçirilib. ARDNŞ-nin yubileyə hazırlıq işləri üzrə yaradılmış komissiyası bütün layihələrin icrasını nəzarətdə saxlayır.