Maliyyə-kredit-bank sistemi yüksəliş dövrü keçirir
Bu ilin ötən ayları ərzində ölkəmizin sosial-iqtisadi inkişafı ötən ildən başlayan qlobal maliyyə-iqtisadi böhranın dünya iqtisadiyyatında yaratdığı mənfi fəsadlar, xüsusilə, qlobal ticarət dövriyyəsinin kəskin şəkildə aşağı düşməsi, bank və qeyri-bank kreditləşməsinin azalması yönündə baş verib. Dünyada hökm sürən maliyyə böhranına baxmayaraq, Azərbaycanda bank sistemində də dinamik inkişaf nəzərə çarpır. Bu, özünü kredit bazarında daha aydın göstərir. Belə ki, cari ilin iyun ayında kreditlər artaraq 6 milyard 463 milyon manata çatıb. Bu isə may ayına nisbətən kreditlərin həcminin daha 107 milyon manat artması deməkdir.
Dövlət başçısının göstərişləri əsasında görülən tədbirlər və əvvəlki illərdə yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlılığı qorunub saxlanılıb, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxıb.
Bu fikrin əsaslandırılması kimi bəzi statistik rəqəmlərə diqqət yetirək. Cari ilin iyul ayının 1-i vəziyyətinə ölkə iqtisadiyyatına kredit qoyuluşlarının həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz və ya 297,3 milyon manat artaraq 6,5 milyard manata çatıb. Kredit qoyuluşunun 39,5 faizi dövlət, 57,8 faizi özəl banklar, 2,7 faizi isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilmişdir. Verilən kreditlərin 67,2 faizini uzunmüddətli kreditlər təşkil etmişdir.
Ölkənin qiymətli kağızlar bazarında da canlanma müşahidə edilir. Bu ilin ilk yarısında 1,2 milyard manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınmışdır.Qiymətli kağızlar bazarının ümumi emissiyasının 46,7 faizini dövlət istiqrazları, 37,6 faizini Mərkəzi Bankın notları, 11,2 faizini səhmlər, 4,5 faizini isə korporativ istiqrazlar təşkil edib.
Bu dövr ərzində 263,5 milyon manatlıq dövlət istiqrazları, 218,4 milyon manatlıq Mərkəzi Bankın notları, 256,3 milyon manatlıq veksellər Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib.
Ölkənin iqtisadi inkişafını dövlət büdcəsinin icrasında da aydın görmək mümkündür. Belə ki, bu ilin birinci yarısında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artaraq, 4,9 milyon manata, xərcləri isə 8,4 faiz artaraq, 4,9 milyon manata, xərcləri isə 8,4 faiz artaraq, 4,4 milyard manata çatmış, büdcənin icrasında yaranmış 424 milyon manatlıq profisit ümumi daxili məhsulun 3 faizini təşkil edib.
Vergi gəlirlərinin 45,4 faizi əlavə dəyər vergisindən, 24,1 faizi hüquqi şəxslərin mənfəət vergisindən, 13,5 faizi fiziki şəxslərin gəlir vergisindən, 5,5 faizi aksiz vergisindən, 5,2 faizi isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.
Büdcə gəlirlərinin 2 milyard manatı iqtisadiyyata investisiya qoyuluşuna, 541 milyon manatı əhalinin sosial müdafiəsi və sosial təminatına, 675,4 milyon manatı isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib. Xərclərin 30,9 faizini əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
Bu il iyulun 1-nə olan məlumatlara görə, əhalinin banklardakı əmanətləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,4 faiz artaraq 1934,2 milyon manat təşkil edib. Əmanətlərin 696,5 milyon manatı milli, 1237,7 milyon manatı isə xarici valyuta şəklində qoyulub. Özəl banklarda yerləşdirilmiş əmanətlərin həcmi 1436 milyon manata, onun əmanət qoyuluşlarının həcmində payı isə 74,2 faizə çatıb.
Dünyada yaşanan maliyyə böhranına baxmayaraq, bu ilin 6 ayında bütün əsas investisiya layihələrinin və proqramların həyata keçirilməsi davam etdirilmiş, bu məqsədlə dövlət büdcəsindən 1 milyard 675 milyon manat vəsait yönəldilib.
Həmin vəsaitlərdən sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 124 milyon manat, o cümlədən, təhsil müəssisələrinə 29 milyon manat, səhiyyə müəssisələrinə 32 milyon manat vəsait sərf edilib.
Bu ilin ötən dövrü ərzində icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün yaşayış qəsəbələrinin tikintisi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması, Oğuz-Qəbələ-Bakı su kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin həyata keçirilməsi üçün 153 milyon manat vəsait sərf edilib.
Görülmüş işlər və əldə edilən müsbət nəticələr Azərbaycan iqtisadiyyatının bundan sonrakı inkişafına müsbət təsir edəcəyi, iqtisadi, enerji, ərzaq təhlükəsizliyinin təmin olunmasına yönəlmiş dövlət proqramlarının uğurla reallaşacağı barədə əminliklə fikir söyləməyə əsas verir.