Yeni neft-kimya kompleksi layihəsi üzrə işlərin növbəti mərhələsi uğurla davam etdirilir
"Azərikimya" Dövlət Şirkətindən bildiriblər ki, qurumun Azərbaycanın yeni yaradılacaq neft-kimya kompleksi və gübrə istehsalatı layihəsinin ekoloji hissəsi üzrə elan etdiyi "Ətraf mühitin təhlükəsizliyinə və sağlamlığa təsirin qiymətləndirilməsi" ilə bağlı növbəti beynəlxalq tenderə yekun vurulub. Dünyanın bir-neçə nüfuzlu şirkətinin iştirak etdiyi bu tenderin qalibi Böyük Britaniyanın ERM - Ətraf mühit resurslarının idarə edilməsi üzrə şirkəti olub. ERM şirkəti bütün dünyada ətraf mühitin qorunması və təhlükəsizliyi, ekoloji saflıq, yeni yaradılmaqda olan istehsalat müəssisələrinin ətarf mühitə, insan sağlamlığına təsir dərəcəsini tədqiq edən və qiymətləndirən tanınmış, yüksək təcrübəyə malik beynəlxalq bir qurumdur. ERM hesabatları dünyanın bu tip layihələri maliyyələşdirən birinci dərəcəli bankları tərəfindən qəbul olunan nüfuzlu şirkətlərdəndir. Son illər neft-kimya sahəsinin ekoloji məsələləri ilə bağlı bütün dünyada bir sıra mühüm layihələrin ekoloji əsaslandırılması və qiymətləndirilməsi üzrə beynəlxalq məsləhətçi şirkət kimi fəal iştirak etməkdədir. Dünyanın 40-dan artıq ölkəsində yerləşən 145 ofisi vasitəsilə neft-kimya və kimya sahəsində ən aparıcı şirkətlərin ətraf mühit və insan sağlamlığı sahəsində sifarişlərini yerinə yetirir.
"Azərikimya"nın elan etdiyi tenderin qalibi kimi ERM şirkəti ölkəmizdə yeni yaradılacaq neft-kimya kompleksi və gübrə istehsalatının ekoloji təmizliyi və insan sağlamlığına təsiri ilə bağlı tədqiqat apararaq müvafiq hesabat hazırlayacaqdır. Həmin hesabatda yeni kompleksin ətraf mühitə və insan sağlamlığına təsiri, onun ekoloji və sosial aspektləri öz əksini tapacaq.
Qeyd etmək vacibdir ki, dünyanın ən müasir texnologiyaları əsasında yaradılacaq yeni neft-kimya kompleksi Azərbaycanı çox yaxın bir zamanda regionda neft-kimya məhsullarının mühüm istehsalçısına çevirməklə yanaşı, ətraf mühitin və insan sağlamlığının qorunması sahəsində də ən yüksək beynəlxalq standartlara cavab verəcək. Ən müasir texnologiyalar əsasında yaradılacaq 19 zavoddan ibarət yeni kompleks geniş çeşiddə neft-kimya məhsulları və azot gübrələri istehsalı üzrə regionda ən iri müəssisə olacaq. Bu kompleks iqtisadiyyatın tikinti materiallarına, plastik boru və profillərə, boya, lak və həlledicilərə, kimyəvi reagentlərə, rezin məmulatına, müxtəlif təyinatlı sintetik materiallara, mebel ləvazimatına, məişət avadanlığına, eləcə də sənaye və məişət təyinatlı qablara tələbatını tam təmin etməyə imkan verəcək.
Bu möhtəşəm layihənin reallaşdırılması dünya bazarında "Azərikimya" Dövlət Şirkətinin mövqelərinin daha da möhkəmləndirəcək, Xəzər və Aralıq dənizləri ilə əhatə olunan böyük bir regionda Azərbaycanın neft-kimya və kimya sahəsində liderliyini uzun illər təmin edəcək.