“Beynəlxalq maliyyə böhranının ölkəmizə təsir etməməsi iqtisadi inkişafın göstəricisidir”
Ölkə rəhbərliyinin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq, dünya iqtisadiyyatına ciddi zərbə vuran beynəlxalq maliyyə böhranı Azərbaycan iqtisadiyyatına təsir göstərmədi. Beynəlxalq böhranının daha ciddi xarakter daşıdığı dövründə ölkəmizdə yeni sənaye müəssisələri açılıb, istifadəyə verildi ki, bu da respublika rəhbərliyinin düzgün, məqsədyönlü iqtisadi siyasətinin nəticəsidir. Artıq paytaxt Bakı ilə yanaşı, regionlarda da quruculuq-abadlıq işləri görülməkdədir. Qeyd etmək lazımdır ki, son illər ölkəmizdə yaradılan yeni istehsal, sənaye müəssisələrinin əksəriyyəti regionların payına düşür. Belə ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı II Dövlət Proqramının qəbul edilməsi və bu proqramların uğurla icra edilməsi nəticəsində bölgələrdə əhalinin məşğulluq probleminin öz müsbət həllini tapıb.
Ölkə iqtisadçılarının fikrincə, dünya bazarında son zamanlar neft məhsullarının qiymətinin bahalaşması Azərbaycan iqtisadiyyatına müsbət təsir göstərəcək. Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Eyyub Hüseynov qeyd etdi ki, dünya bazarında neftin 70 dol-dan baha qiymətə satılması ölkə iqtisadiyyatı üçün səmərəlidir: " Azərbaycan neft ölkəsidir və buna görə də dünya bazarında neftin baha qiymətə satılması respublika iqtsadiyyatı üçün faydalıdır. Məlumdur ki, bir müddət öncə neftin qiyməti 50 dol-dan aşağı olmuşdu. Təbii ki, bu, öz növbəsində, müəyyən mənada dövlət büdcəsinin gəlirlərinə təsir göstərirdi. Ancaq indi isə neft məhsullarının baha qiymətə satılması ölkəmizin neft gəlirlərinin artmasına səbəb olacaq və ümumdaxili məhsulun artımına da təsirsiz ötüşməyəcək. Bu da iqtisadi, sosial layihələrin həyata keçməsinə imkan yaradacaq ".2009-2013-cü illəri əhadə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına toxunan E. Hüseynov bildirdi ki, qeydolunan proqram uğurla icra edilməkdədir: "Şübhəsiz ki, regionların inkişafı ilə bağlı iki Dövlət Proqramının qəbul edilməsi Azərbaycan hökumətinin, ölkə rəhbərliyinin uğurlu iqtisadi siyasətinin nəticəsidir. Onu da qeyd edim ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramının icrasının nəticəsi olaraq, regionlarda yeni istehsal müəssisələrini yaradılıb, bölgələrdə yaşayan əhalinin məşğulluq problemi öz həllini tapıb və bunun da nəticəsində rayonlardan əhalinin paytaxta axınının qarşısı alınıb". İqtisadçı-ekspert onu da vurğuladı ki, respublika rəhbərliyinin regionların sosial-iqtisadi inkişafı və qeyri-neft sektorunun inkişafı yönümündə gördüyü tədbirlərdən biri də aqrar sektorun inkişaf etdirilməsidir. "Sevindirici haldır ki, aqrar sektor da son zamanlar öz inkişaf dövrünü yaşayır. Bu, məni həm iqtisadçı kimi, həm də Azad İstehlakçılar Birliyinin sədri kimi çox sevindirir. Çünki ölkə vətəndaşları, istehlakçılar keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin olunurlar. Yəni, qeyd etmək istəyirəm ki, kənd təsərrüfatı məhsulları nə qədər çox istehsal edilsə, bu, bütövlükdə, istehlakçıların xeyrinədir. Məlumdur ki, hökumət tərəfindən kənd təsərrufatı məhsullarının saxlanması üçün regionlarda soyuducular tikiləcək və bu, çox doğru addımdır"-deyə E.Hüseynov qeyd etdi.
Beynəlxalq maliyyə böhranı öz təsir qüvvəsini müəyyən mənada itirsə də, ekspertlərin fikrincə, bu böhran hələ davam edəcək. İqtisadçı-ekspert E. Hüseynov bildirdi ki, qeyd olunan böhran digər dünya ölkələrinin iqtisadiyyatını iflic etsə də, Azərbaycan iqtisadiyyatına ciddi təsir göstərmədi. Bu, iqtisadi inkişafın göstəricisidir: Əgər indiyə qədər böhran respublikamızın iqtisadiyyatına təsir göstərməyibsə, bu gündən sonra hər hansı bir təsir göstərəcəyinə inanmıram".
Son günlər yumurta və un məhsullarının qiymətində artım olmasına toxunan E. Hüseynov vurğuladı ki, bu, Ramazan ayı ilə əlaqədardır: "Süni qiymət artımı, yəni yumurta və un məhsullarının qiymətinin qalxması bizim araşdırmalarımıza görə, Ramazan ayı ilə əlaqədardır. Düşünürəm ki, bu süni qiymət artımı yaxın zamanlarda öz həllini tapacaq.