Əmlak Məsələləri Dövlət Komitəsi cari ilin ilk yarısının hesabatını açıqlayıb
Məlumat verildiyi kimi, dövlət əmlakının özəlləşdirilməsi və daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatı sahələrində dövlət idarəetməsinin daha da təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 19 may 2009-cu il tarixli Sərəncamı ilə Əmlak Məsələləri Dövlət Komitəsi yaradılıb.
Eyni zamanda, komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti təşkil edilib. Həmçinin, Fərmana əsasən komitənin tabeliyində Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi, habelə, İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi yaradılaraq 1 iyul 2009-cu ildən fəaliyyətə başlayıb.
"Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı" çərçivəsində dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi sahəsində əməli tədbirlər davam etdirilib.
Belə ki, bu ilin yanvar-iyul ayları ərzində 280-ə yaxın kiçik dövlət müəssisə və obyekti özəlləşdirilib. Bununla yanaşı, 2009-cu ildə dövlət mülkiyyətində olan, habelə, özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi 270-ə yaxın torpaq sahəsi özəlləşdirilib.
Səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı 30 hərrac keçirilib. Bu hərraclarda müxtəlif regionlarda yerləşən, iqtisadiyyatın ayrı-ayrı sahələrinə aid 30-a yaxın səhmdar cəmiyyətinin səhmləri özəlləşdirilib.
İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2009-cu ilin yanvar-iyul aylarında müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 30 milyon manat məbləğində investisiya qoyulub. Ümumilikdə, 1 avqust 2009-cu il tarixinədək keçirilmiş investisiya müsabiqələri üzrə özəlləşdirilmiş 82 müəssisəyə 430 milyon manat investisiya qoyulub və bu müəssisələrdə təqribən 12,5 mindən çox iş yeri açılıb.
Aparılan işlər nəticəsində ümumilikdə 260-a yaxın müəssisə və obyektin torpaq sahələrindən təyinatı üzrə istifadə edilməməsi və qeyri-qanuni tikinti işlərinin aparılması halları aşkar edilib.
Bu ilin yanvar-iyul aylarında 100 müəssisə və səhmdar cəmiyyətlərində dövlət əmlakının mövcudluğu, qorunub saxlanılması və ondan səmərəli istifadə olunması, habelə, dövlət büdcəsinə dividendlərin hesablanılması və ödənilməsi vəziyyəti araşdırılıb.
Nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərindən 330-a yaxın balans hesabatı və 361 inventarlaşdırma aktı qəbul edilib. Komitənin idarəetməsində olan dövlət müəssisələrindən isə 181 balans hesabatı və 190-a yaxın inventarlaşdırma aktı qəbul edilib.
Özəlləşdirmədən sonra alqı-satqı müqaviləsinin şərtlərinə əməl olunması və fəaliyyət profilinin saxlanılması ilə bağlı özəlləşdirilmiş 70-ə yaxın sosial təyinatlı obyektdə monitorinqlər aparılıb.
Məlumat bankına 16 minə yaxın dövlət müəssisələri, özəlləşdirilən müəssisə və obyektlərin, səhmdar cəmiyyətlərinin yerləşdiyi torpaq sahələri barədə məlumatlar daxil edilib.
Daşınmaz dövlət əmlakı və dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrindən qanunvericilik çərçivəsində istifadə edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilib. Bu müddətdə 490-a yaxın dövlət mülkiyyətində olan qeyri-yaşayış və torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib.
Eyni zamanda, icarə haqlarını ödəməyən 560-a yaxın icarəçiyə dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi ilə xəbərdarlıq məktubları göndərilib.
İcarə haqlarının nağd qaydada ödənilməsinin azaldılması və şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış avtomatlaşdırılmış ödəniş sistemi üzrə icarəçilər tərəfindən 2009-cu ildə 5000 ödəniş həyata keçirilib.
Görülən işlərin nəticəsində 2009-cu ilin yanvar-iyul aylarında dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 3 milyon manata yaxın vəsait köçürülüb ki, bu da yeddi aylıq proqnozun 110% yerinə yetirilməsi deməkdir.
Cari ilin 1 avqust vəziyyətinə 11 minə yaxın dövlət təsisatı malik olduğu 120 min daşınmaz əmlakları barədə məlumatlar dövlət əmlakının registrində qeydiyyata alınıb. 2009-cu ildə dövlət əmlakının registrinə 1600 müəssisə və təşkilatlardan daşınmaz dövlət əmlakı barəsində baş vermiş dəyişikliklər haqqında qeydiyyat vərəqələri daxil olub və məlumat bazasına işlənib.
Cari ildə 50 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb və hüquq sahiblərinə dövlət reyestrindən çıxarış verilib. Bunlardan 12200-ü fərdi yaşayış və bağ evi, 12000-i mənzil, 20,6 minə yaxını torpaq sahəsi 970-i qeyri-yaşayış binası, 910-a yaxını qeyri-yaşayış sahəsi, 200-ü əmlak kompleksi, 4-ü çoxmərtəbəli yaşayış binası, 200-ü çoxillik əkin sahələridir.
İl ərzində 48 mindən çox daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılmış və texniki pasport tərtib edilib. Bu müddətdə, 7 minə yaxın ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. Cari il ərzində hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 50 mindən çox müxtəlif məzmunlu arayışlar verilib.
Komitənin tabeliyində İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi yaradılıb. Komitənin fəaliyyətini geniş əks etdirən emdk.gov.az internet saytında "İnformasiya əldə etmək haqqında" Qanunda nəzərdə tutulan məlumatların yerləşdirilməsi, saytdan əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi ilə bağlı da lazımi işlər görülür.
Vətəndaşların ictimai etimadının artırılması, daxil olan müraciətlərin cavablandırılması işində operativliyin təmin edilməsi məqsədilə komitənin mərkəzi aparatında 193 nömrəli, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində 148 nömrəli və Hərracların Təşkili üzrə Auksion Mərkəzində 566-07-44 nömrəli telefon məlumat xidmətləri fəaliyyət göstərir. Komitənin telefon məlumat xidmətlərinə 2009-cu il ərzində 300-ə yaxın muraciət daxil olub.
Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına və "İnformasiya əldə etmək haqqında" Qanuna uyğun olaraq dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elan edilən hərraclar, keçiriləcək investisiya müsabiqələrinin elanları və onların nəticələri haqqında məlumatlar komitənin internet saytında yerləşdirilmiş və "Mülkiyyət" qəzetində dərc edilib.