PDF Oxu

İqtisadiyyat

  • 13

Sahibkarlığa Kömək Milli Fondu Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1 mln. manatadək güzəştli kredit verilib

Sahibkarlığa Kömək Milli Fondu Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 1 mln. manatadək güzəştli kredit verilib
"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi və iş adamlarının maarifləndirilməsi tədbirləri davam etdirilir. İqtisadi İnkişaf Nazirliyindən SİA-ya verilən məlumata görə, Sahibkarlığa Kömək Milli Fondu "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini avqustun 14-də Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlar üçün keçirib.
Əvvəlcə Şəki şəhərində milli memarlıq üslubunda inşa edilən 33 otaq və 4 kotecdən ibarət 80 nəfərlik turizm kompleksinin tikintisinə baxış keçirilib. Bu kompleksin tikintisinə 2008-ci ildə Sahibkarlığa Kömək Milli Fondundan müvəkkil kredit təşkilatı vasitəsilə 250 min manat güzəştli kredit ayrılıb.
Sonra tədbir iştirakçıları Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən və indiyədək Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etmiş 35-ə yaxın sahibkarın istehsal etdiyi məhsullar və xidmətlərin sərgisi ilə tanış olmublar. Kənd təsərrüfatı və emal sənayesi məhsullarının, tikinti materiallarının, qədim xalq sənəti nümunələrinin, eləcə də turizm xidmətlərinin nümayiş etdirildiyi sərgi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.
Sərgi ilə tanışlıqdan sonra "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbiri öz işinə başlayıb.
Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, İqtisadi İnkişaf Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və sahibkarlar çıxış edərək Azərbaycanda özəl bölmənin inkişafına dövlət dəstəyinin daha da gücləndirildiyini, bu sahəyə ölkə rəhbərliyi tərəfindən böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, regionlarda sahibkarlığın inkişafı istiqamətində görülən işlər barədə məlumat veriblər.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev sahibkarların biznes təşəbbüslərinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışmış, Aran, Dağlıq Şirvan, Gəncə-Qazax, Lənkəran, Şəki-Zaqatala və Yuxarı Qarabağ iqtisadi rayonları üzrə taxıl məhsullarının saxlanılması və təmizlənməsi üçün hər birinin tutumu 10 min ton olan, müasir standartlara cavab verən anbar komplekslərinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə sahibkarlardan təkliflərin qəbuluna başlandığını bildirib. Fondun rəhbəri bu barədə tədbir iştirakçılarına ətraflı məlumat verərək, iş adamlarını taxıl anbarlarının yaradılmasında fəal iştiraka dəvət edib. Tədbirdə regionda istehsal olunan məhsulların ixrac potensialı, həmçinin onların idxalı əvəzetmə imkanları, məhsulların satışı və xidmətlərin sferasının daha da genişləndirilməsi, sahibkarlar arasında işgüzar əlaqələrin inkişafı istiqamətində faydalı müzakirələr aparılıb.
Tədbir çərçivəsində 7 müvəkkil kredit təşkilatı vasitəsilə Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala və Şəki rayonlarında sənaye, kənd təsərrüfatı məhsulları və tikinti materiallarının istehsalı, eləcə də turizm sahələrində fəaliyyət göstərən 110 sahibkara 1 mln. manatadək güzəştli kredit verilib.
Bununla da, 2009-cu ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Mili Fondu tərəfindən müvəkkil kredit təşkilatları vasitəsilə verilmiş güzəştli kreditlərin həcmi 61,7milyon manat təşkil edib, güzəştli kreditlər almış sahibkarlıq subyektlərinin sayı isə 1070-i ötüb. Güzəştli kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi nəticəsində 4500-dən artıq yeni iş yerinin yaradılması gözlənilir.
"Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" tədbirində həmçinin, sahibkarlar üçün "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin verilməsi üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin hazırlanması və qiymətləndirilməsi" mövzusunda treninq də keçirilib. 350-dək sahibkarın iştirak etdiyi treninqdə investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi barədə geniş məlumat verilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Digər xəbərlər