PDF Oxu

İqtisadiyyat

  • 10

Azərbaycanda qlobal böhranın müsbət təsirləri

Azərbaycanda qlobal böhranın müsbət təsirləri
Qlobal iqtisadi böhran dünya ölkələrinin əksəriyyətində ciddi problemlər yaradıb. Böhrandan zərər çəkən ölkələrdə iş yerləri kütləvi ixtisara salınıb, istehsal xeyli aşağı düşüb, əhalinin alıcılıq qabiliyyəti azalıb. Azərbaycana da qlobal böhranın müəyyən təsirləri olsa da, bu, özünü yuxarıda qeyd etdiklərimiz formada göstərməyib. Böhran ölkəmizdə daha çox qiymətlərin ucuzlaşması və əhalinin alıcılıq qabiliyyətinin artması ilə müşayiət olunub ki, bunun da mənfi təsir olduğunu söyləmək olmaz.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, ölkənin istehlak bazarında son 6 ayda ərzaq məhsulları 20%-dək ucuzlaşıb. Yaxın günlərdə qiymətlərin, əsasən, sabit və nisbətən azalmaya meyilli olacağı proqnozlaşdırılır.
Payız mövsümünün sonunadək bazar-dükanda qiymətlərin daha da ucuzlaşacağı gözlənilir. Mütəxəssislər qiymətlə bağlı verilən proqnozların özünü doğrultduğunu deyir və mövcud şəraitdə ərzağın ucuzlaşmasını təbii hal hesab edirlər.
Onu da qeyd edək ki, son vaxtlar qlobal iqtisadi böhranın təsiri ilə əlaqədar olaraq idxal olunan məhsulların ucuzlaşması ərzaq bazarında qiymətin enməsinə təsir edən əsas amil kimi göstərilir. Bununla bağlı ekspertlər antiböhran tədbiri kimi dövlət tərəfindən tənzimlənən qiymətlərin aşağı salınmasını təklif ediblər.
Azərbaycanda da müəyyən sahələrdə qiymətlər ucuzlaşsa, təbii ki, ölkə iqtisadiyyatının rəqabətə davamlılığı artacaq. Digər tərəfdən isə, bu, əhalinin yaşayış səviyyəsinə təsir göstərəcək.
Proqnozlara görə, ilin sonunadək iqtisadiyyatın rəqabət qabiliyyəti güclənəcək, məhsul və xidmətlərin maya dəyəri aşağı düşəcək ki, bu da ölkədə daha çox məhsul və xidmət istehsalına gətirib çıxaracaq.
Ekspertlər qeyd edirlər ki, hazırda dünyada baş verən böhran Azərbaycan kimi ölkələr üçün imkanlar yaradıb. Azərbaycan kimi nefti, dövlət ehtiyatları olan ölkələrə böhran böyük imkanlar açıb. ABŞ-da və Avropa ölkələrində yaranmış vəziyyət bəzi ölkələr üçün səmərəli olub.
Ekspertlərin fikrincə, 20 milyard dollarlıq starteji valyuta ehtiyatları olan Azərbaycan durumdan istifadə etməlidir. ABŞ-da, Avropa ölkələrində qiymətli kağızların qiyməti kəskin azalıb. ABŞ-nın dövlət fondlarının qiymətinin azalması sürətlənib və həmin dövlət fondlarının alınmasına vəsaitin yönəldilməsi səmərəlidir.
Dövlət başçısı ölkənin iqtisadi potensialından istifadə edərək, həm dövlət büdcəsindən maliyyələşən qurumlarda işləyən vətəndaşlarımızın maaşlarını, təqaüdlərini, sosial ödəmələrini artırır ki, bu da alıcılıq qabiliyyətinin artmasına müsbət təsir göstərir.
"Əhalimizin öz real həyatında ölkədəki inkişafın təsirlərini hiss etməlidir. Ona görə də, hesab edirəm ki, rəqabət mühitini biz liberal bazar iqtisadiyyatına uyğunlaşdırmalıyıq" deyə İlham Əliyev qeyd edib.
Çox sevindirici bir haldır ki, son bir neçə il ərzində ölkədə yoxsulluq 49%-dən 13 %-ə düşüb. Son illər aparılan siyasət, iqtisadi-siyasət, həm də regionların iqtisadi inkişafı ilə bağlı qəbul olunan bir sıra proqramlar, ölkənin ayrı-ayrı sahələri ilə bağlı iqtisadi dövlət proqramları kifayət qədər əsas verdi ki, aparılan islahatlar həm struktur, həm də institusional islahatlar buna gətirib çıxardı və ölkədə yoxsulluq azaldı.
Qeyd edək ki, ötən 6 ildə həyata keçirilmiş bu tipli proqramlar nəticəsində ölkədə 28 minə yaxın yeni müəssisə yaradılıb, 770 min yeni iş yeri açılıb. Bu müddətdə ümumi daxili məhsulun real həcmi 2,7 dəfə, qeyri-neft sektorunda məhsul istehsalı 2 dəfə artıb, iqtisadiyyatın bütün sahələrində dinamik artım müşahidə edilib, o cümlədən, sənaye istehsalı 2,5 dəfə, kənd təsərrüfatının ümumi məhsulu 25,2 faiz, əhalinin gəlirləri 4 dəfə artıb.
Ölkədə adambaşına düşən gəlir 5500 dol-a çatıb. Uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində büdcə xərcləri 12 dəfədən çox artıb. Valyuta ehtiyatı 18 mlrd dol-dan artıqdır.
İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında da özünü göstərir. Son 5 ildə minimum əməkhaqqı 9 dəfə, minimum pensiya təxminən 5 dəfə artıb. Minlərlə ailənin ünvanlı sosial yardım alması güclü sosial siyasətin həyata keçirildiyini, iqtisadi imkanların aztəminatlı təbəqənin yaşayışının yaxşılaşdırılmasına yönəldildiyini təsdiqləyən əsas amillərdəndir.
Son 10 ildə ölkə iqtisadiyyatına 42 mlrd dol investisiya qoyulub ki, bunun da 30 mlrd-dan çoxu son 5 ilin payına düşür. Onu da qeyd edək ki, daxili investisiyaların da həcmi artıb.
Bir məqamı da qeyd etmək yerinə düşər ki, mütəmadi olaraq beynəlxalq və yerli sorğu mərkəzləri ölkədə sosial-iqtisadi inkişafı, əhalinin həyata keçirilən siyasətə münasibətini öyrənmək üçün sorğular təşkil edirlər. Respondentlərin böyük əksəriyyəti sosial-iqtisadi inkişafı yüksək dəyərləndirərək, aparılan siyasətin gələcəyinə böyük inam bəslədiklərini bildirirlər. Bu günlərdə "Gallup"un keçirdiyi sorğuda da respondentlərin 77 faizi mövcud hakimiyyəti dəstəklədiyini bildirib.
Beynəlxalq ekspertlər də daim neftlə zəngin ölkələrdə durumu təhlil edərkən, bu fikri vurğulayırlar ki, həmin dövlətlərdə əhalinin sosial vəziyyəti ilə bağlı ciddi problemlər olsa da, Azərbaycan hakimiyyətinin düşünülmüş və məqsədyönlü siyasəti ölkənin belə bir problemi yaşamasına imkan vermir.

Digər xəbərlər