Aqrar sektorun inkişafı prioritetə çevrilib
Ölkədə sahibkarlığın inkişafı, fermerlərin problemlərinin həll edilməsi məqsədilə tədbirlər davam edir. Aqrotexniki xidmətlərə tələbatın artdığı nəzərə alınaraq, kənd təsərrüfatı işlərinin qiymətləri də aşağı salınıb. Hazırda kənd təsərrüfatı məhsullarının becərilməsi, bitkilərə aqrotexniki qulluğun göstərilməsi, məhsulun vaxtında və itkisiz yığılması, mal-qara üçün yem ehtiyatının yaradılması sahəsində intensiv işlər aparılır. Belə bir məqamda aqrar sahədə çalışanlara dövlət dəstəyinin göstərilməsi iqtisadi siyasətin əsas prioritetlərindən biridir.
Hər il sahibkarlığın inkişafı üçün böyük məbləğdə dövlət vəsaiti ayrılır, güzəştli kreditlər, subsidiyalar verilir, onlara gübrə və kənd təsərrüfatında daha çox işlənən texnika ilə təmin olunurlar. Bunun nəticəsidir ki, cari ildə bütünlükdə kənd təsərrüfatı məhsulları istehsalı və ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından əhəmiyyətli irəliləyişlər əldə edilib.
Aqrar sahəni inkişafı qlobal böhran şəraitində əsas prioritetlərdən biridir. Azərbaycan hökuməti son bir neçə ildə kənd təsərrüfatının tərəqqisinə və ölkədə məhsul bolluğuna nail olmaq üçün ardıcıl tədbirlər həyata keçirir. Bunun nəticəsində artıq neçə aydır ki, ölkə bazarlarında məhsul bolluğu və qiymətlərin enməsi müşahidə olunur. Kənd təsərrüfatı naziri İsmət Abbasovun sözlərinə görə, bu il ölkədə rekord miqdarda taxıl yığılacaq.
2009-cu ildə dövlət büdcəsinin gəlirləri 2008-ci il üçün nəzərdə tutulan gəlirlərlə müqayisədə 16,1 faiz, xərcləri isə müvafiq olaraq 11,7 faiz çox proqnozlaşdırılıb.
Ekspertlərin fikrincə, qlobal maliyyə böhranının neqativ təsirlərini azaltmaq və eləcə də, ölkədə dayanaqlı iqtisadi inkişafı qorumaq üçün hökumətin həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir.
Böhran illərində dövlətin sahibkarların, xüsusən də, fermerlərin qayğısına qalması ölkənin qeyri-neft sektorunun inkişafını sürətləndirir. Azərbaycan dövləti öz imkanlarından istifadə edərək vətəndaşlarına yardım edir. Bununla da böhrandan yan keçməyə zəmin yaranır. Azərbaycanda biznesə dövlət yardımlarının əhəmiyyəti artıq ən yüksək rəsmi səviyyədə bəyan edilib. Bu səbəbdən də, dövlətin biznes və ya sahibkarlara həm birbaşa, həm də dolayı yardımları edilir.
Qlobal böhran nəticəsində maliyyə resurslarının qıtlığı problemini nəzərə alaraq ekspertlər dolayı yardım metodlarına üstünlük verməyi təklif edirlər. Çünki bu zaman, artıq, nağd maliyyə yardımlarına ciddi ehtiyac qalmır. Lakin qeyd olunur ki, bir sıra hallarda birbaşa yardımlara da ehtiyac var və bu da iqtisadi canlanmaya ünvanlanan tədbirlərin əsasını təşkil edir.
Təkcə bir faktı qeyd etmək yerinə düşərdi ki, 2009-cu ilin ilk yarısının nəticələri üzrə dünyanın aparıcı sənaye nəhənglərində əvvəlki illə müqayisədə məhsul istehsalının həcminin aşağı düşməsi müşahidə olunsa da, transformasiya prosesinin ikinci mərhələsini uğurla davam etdirən respublikamızda iqtisadiyyatın bütün sahələrində inkişaf meyilləri müşahidə olunub.
İlk 6 ayda mühüm makroiqtisadi göstəricilərdən olan ümumi daxili məhsul istehsalı 3,6 %-ə qədər artıb. Azərbaycan iqtisadiyyatının strukturunu və xüsusiyyətlərini əsas götürən və eləcə də, xarici ölkələrin təcrübəsini nəzərə alan hökumət qurumları, ölkədə davamlı və perspektivli layihələrin və dövlət proqramlarının həyata keçirilməsini təmin edirlər ki, bu da, öz növbəsində, ölkə iqtisadiyyatının böhrana məruz qalmamasını şərtləndirir.