Azərbaycanın kompleks inkişaf proqramı
Son illər regionların sosial-iqtisadi inkişafını sürətləndirməyə yönəldilmiş layihələrin maliyyə təminatı artırılıb. Həyata keçirilən proqramlar regionlarda əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə və əlverişli biznes mühitinin yaranmasına yönəldilib. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, qısa müddətdə ölkəmizdə istehsal olunan məhsulların keyfiyyətinin artması, müxtəlifliyin təmin olunması və bu məhsulların ən yüksək dünya standartlarına cavab verməsidir. Artıq ölkəmizin qeyri- neft sektorunun məhsullarının xarici ölkələrə ixracı başlanılıb və bu tendensiya getdikcə daha da artacaq.
"Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, bölgələrdə sahibkarlığın, özəl sektorun yüksəlməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində kompleks tədbirlər görülüb, iqtisadi potensialın səmərəli istifadəsinə nail olunub.
Bölgələrdə sahibkarlığın, iş adamlarının fəaliyyəti üçün əlverişli mühit formalaşdırılaraq yeni inkişaf və emal müəssisələri yaradılıb, ənənəvi məşğulluq sahələri bərpa olunub. Bir sözlə, indi ölkəmiz bütün istiqamətlərdə inkişaf edərək, yüksəliş dövrünü yaşayır.
Yeni və müasir tipli məktəblər, xəstəxanalar və müalicə-diaqnostika mərkəzləri tikilir, elektrik stansiyaları qurulur, su kəmərləri çəkilir, yollar, körpülər salınır, Avropa standartlarına cavab verən binalar ucaldılır.
Prezident İlham Əliyevin əsaslandırdığı kimi: "Bütün bunların nəticəsində Azərbaycan xalqı yaxşı yaşayacaq, dövlətimiz daha da möhkəmlənəcəkdir. Ölkəmizin hər bir vətəndaşı müsbət dəyişiklikləri öz həyatında açıqca hiss edəcəkdir."
Dövlət başçısı hər bir çıxışında vurğulayır ki, 2006-cı ildə çox möhtəşəm və tarixi hadisə baş verib. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi bizim tarixi qələbəmizdir və ulu öndər Heydər Əliyevin neft strategiyasının təntənəsidir. Bu layihə həm ölkəmiz üçün, həm də dünya üçün çox böyük əhəmiyyətə malikdir.
1994-cü ildə xarici neft şirkətləri ilə bağlanan əməkdaşlıq nəticəsində ölkəyə külli miqdarda sərmayə qoyulub və bu, indi də davam etməkdədir. Ölkə başçısı neft sahəsində şəffaflığın gözlənilməsi məsələsinə də ciddiliklə yanaşır, Azərbaycan neftinin dünya bazarına çatdırılmasının əhəmiyyətini qeyd edir və bildirir ki, bu, ölkəmizin beynəlxalq aləmdə tanınmasını təmin edir və əhəmiyyətini artırır.
Ölkə başçısı İlham Əliyev özünəməxsus məharətlə dövlətə rəhbərlik fəaliyyətinin bütün məqamlarını nizamlayır, onlar arasında qırılmaz tellər yaradır, məntiqi ardıcıllığa nail olur. Bununla da ölkəmizdə idarəçiliyin özünəməxsus mükəmməl sistemini formalaşdırır, bu sistemin xalqın mənafeyinə uyğun fəaliyyətini təmin edir.
Siyasətin əsas məqsədini iqtisadiyyatın inkişafı ilə bağlayan dövlətimizin başçısı İlham Əliyev xüsusi olaraq vurğulayır: "Biz bütün imkanlarımızı səfərbər etməliyik ki, güclü dövlət yaradaq. Çünki iqtisadiyyat hər bir dövlətin təməl sistemidir. Güclü iqtisadiyyatı olan ölkə isə siyasi cəhətdən müstəqil olur və öz maraqlarını daha da uğurla müdafiə edə bilir."
İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 6 ildə apardığı daxili və xarici siyasətin bütün sahələrə gətirdiyi tərəqqi, xalqımızın milli maraq və mənafelərinin təmin olunmasında uğurlu fəaliyyəti ilə diqqət çəkir.
Ən mühüm məsələlərdən biri budur ki, ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş layihə və proqramların icrası əsasən başa çatdırılıb, ölkəmizin Qərb dünyasına inteqrasiyası möhkəmlənib.
Qloballaşma prosesində, mədəniyyətlərarası dialoqda əldə edilən uğurlar, demokratik dəyərlərin ölkə həyatına möhkəm daxil olması, ölkənin inkişafını müəyyən edən digər amillər məhz Prezident İlham Əliyevin son 6 ildə göstərdiyi fəaliyyətin tərkib hissəsidir.