PDF Oxu

İqtisadiyyat

  • 17

Ərzaq təminatı iqtisadi sabitliyin və sosial davamlılığının başlıca şərtidir

Ərzaq təminatı iqtisadi sabitliyin və sosial davamlılığının başlıca şərtidir
İnsanların normal həyat səviyyəsinin və hər bir ölkənin sosial-iqtisadi sabitliyinin əsas şərtlərindən biri məhz ərzaq təhlükəsizliyinin təminatıdır. Dünya əhalisinin bir hissəsi əsrlər boyu aclıqdan əziyyət çəkmişdir. Müasir dövrümüzdə isə hətta kifayət qədər təbii iqlim, torpaq və maddi resursların mövcud olmasına baxmayaraq, bəzi ölkələr bu təhlükənin astanasına gəlib çıxmışlar. Buna görə də ərzaq təhlükəsizliyi məsələsinin bəşəriyyət üçün nəinki sosial və iqtisadi xarakter daşıması, hətta beynəlxalq siyasətin ən vacib faktorlarından birinə çevrilməsi əbəs yerə deyil. Dünyanın müxtəlif ölkələrində vaxtaşırı ərzaq problemlərinə dair keçirilən konfranslar da bunu əyani sübut edir.
Millət vəkili Vahid Əhmədov bu məsələ ilə bağlı verdiyi açıqlamasında bildiridi ki, Azərbaycanın əlverişli iqlim şəraiti əhalinin ərzaq məhsullarının əsas mənbəyi olan bitkiçilik və heyvandarlıqla məşğul olmasına və bu sahələrin ahəngdar inkişaf etdirilməsinə geniş imkanlar açır. Torpaqlarımızın bərəkətli olması Tanrının bizlərə bəxş etdiyi ən böyük nemətdir. Elə bu səbəbdəndir ki, Azərbaycanda ümumi ərzaq çatışmazlığı ilə bağlı qlobal xarakterli problemlər olmamışdır. Amma Azərbaycanda vətəndaşların ərzaq təhlükəsizliyinin etibarlı təminatı hər zaman hakimiyyətin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqəti cəlb edir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra əsas diqqət yetirdiyi məsələlərdən biri ərzaq təhlükəsizliyinin yoluna qoyulması oldu. Bu məqsədlə ölkədə ərzaq istehsalı sahəsində, xüsusilə, aqrar bölmədə bir sıra köklü islahatlar aparıldı. Ulu öndər Heydər Əliyevə qədər hakimiyyətdə olan qüvvələrin yarıtmaz siyasətinin nəticəsi olaraq o vaxtlar yaranan taxıl böhranını, çörək dükanları qarşısındakı uzun növbələri Azərbaycan vətəndaşları yaxşı xatırlayırlar. Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində bu problem qısa zamanda aradan qaldırıldı. 1999-cu ildə qəbul edilmiş "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikasının Qanununun əsas məqsədi ölkəmizdə yeyinti məhsullarının keyfiyyətinin idarə edilməsi, istehsalı və bazarının təşkili ilə yanaşı, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin hüquqi əsaslarını müəyyənləşdirdi. 2001-ci ildə isə Heydər Əliyevin Sərəncamı ilə "Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı"nın təsdiq edilməsi nəticəsində aqrar sahənin inkişafı stimullaşdırdı, kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının əhəmiyyətli dərəcədə artmasına səbəb oldu. Bu gün mövcud şərait, dünyada cərəyan edən proseslər, əsasən də, enerji daşıyıcılarının qiymətlərinin sürətlə artması, daxili ərzaq bazarının idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələlərinə daha diqqətli və kompleks yanaşma tələb edir.
V.Əhmədov bildirdi ki, bu sahədə görülmüş tədbirlərin nəticəsidir ki, cari ilin ilk altı ayında bazar iqtisadiyyatı yolunu seçmiş Azərbaycanda sosial məsələlərin həllini daim diqqət mərkəzində saxlamağa imkan vermişdir. 2009-cu ilin ilk yarısında dövlət büdcəsində sosialyönümlü xərclər əhəmiyyətli dərəcədə artmış, yoxsulluğun və işsizliyin aradan qaldırılması istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur. V.Əhmədovun sözlərinə görə, Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Ərzaq təhlükəsizliyindən danışarkən ölkə Prezidenti İlham Əliyev qeyd etdi ki, "...Azərbaycanın tarixində ilk dəfə olaraq, biz özümüzü taxılla təmin edəcəyik. Bu il 3 milyon ton taxıl istehsal ediləcək, bu, böyük göstəricidir. Təkcə bir il ərzində Azərbaycanda 500 min ton əlavə taxıl istehsal olunacaqdır. 2,2 milyon ton buğda istehsalı bizim, demək olar ki, ərzaq təhlükəsizliyimizin əsas hissəsinin təmin edilməsinə xidmət göstərir. Nəyin hesabına biz buna nail ola bilmişik? Mütəmadi qaydada görülən işlər, konkret proqramlar, regional inkişaf proqramının, infrastruktur layihələrinin icrası, "Aqrolizinq"in yaradılması hesabına. Bu gün deyildi ki, "Aqrolizinq" xətti ilə nə qədər texnika, kombayn, traktorlar alınıb, digər lazımi məsələlər həll olunubdur."
Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial davamlılığının başlıca şərti olduğunu vurğulayan millət vəkili cəmiyyətin hər bir üzvünün əsas ərzaq məhsullarına tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsinin vacib olduğunu bildirdi. Qeyd etdi ki, daxili bazarın idxaldan asılılığının maksimum azaldılması və ərzaq ehtiyatlarının yaradılması məsələsi kompleks yanaşma tələb edir. Məhz bu məqsədə nail olmaq üçün Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı 2008-2015-ci illər ərzində müvafiq tədbirlərin həyata keçirilməsini özündə əks etdirir."

Digər xəbərlər