İqtisadi inkişaf əhalinin sosial müdafiəsini gücləndirib
Məlumdur ki, istənilən ölkədə arzu edilən inkişaf səviyyəsinə nail olmaq üçün, ilk növbədə regionların inkişafını təmin etmək lazımdır. Başqa sözlə desək, regionları inkişaf etdirmədən ümumi iqtisadi inkişafı təmin etmək qeyri-mümkündür. Məhz bu baxımdan da, istər ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə, istərsə də ölkə başçısı cənab İlham Əliyevin rəhbərlik etdiyi müasir dövrdə regionların inkişafı problemləri daim diqqət mərkəzində olmuş və ölkənin ümumi iqtisadi sıyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə məsələyə aydınlıq gətirərkən bildirdi ki, məhz bu səbəbdəndir ki, son illərdə birbaşa regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar ayrı-ayrı dövrlərdə müxtəlif proqram və normativ sənədlər qəbul edilmişdir:
- İlk öncə, qeyd etmək lazımdır ki, 1993-cü ildə ulu öndərimiz Heydər Əliyevin, xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan Respublikasının sosial-iqtisadi və siyasi baxımdan elə bir dövrünə təsadüf edirdi ki, həmin dövrdə ölkədə baş verən qarşıdurmaları aradan qaldırmaq, xaotikliyi tənzimləmək, iqtisadi tənəzzülü dayandırmaq, ölkədə siyasi-iqtisadi sabitliyə nail olmaq kimi məsələlər təcili həllini gözləyirdi. Xalqımız çox gözəl başa düşürdü ki, ölkənin həyatında, müstəqilliyin qorunub saxlanılmasında xüsusi əhəmiyyəti olan bütün bu problemləri yalnız bir nəfər - bütün həyatını Azərbaycan xalqının firavanlığına, Azərbaycan dövlətinin siaysi-iqtisadi cəhətdən daha da güclənməsinə sərf etmiş dahi Heydər Əliyev dühası həll edə bilərdi. Hər zaman olduğu kimi, ümummilli lider bu dəfə də xalqın istəyini nəzərə alaraq Azərbaycana rəhbərlik etməyə başladı. Həmin dövrdən etibarən ölkədə siyasi-iqtisadi stabillik təmin edildi, keçmiş SSRİ-nin dağılması, mənfur ermənlərin haqsız ərazi iddiaları və Azərbaycanda gedən hakimiyyət davası səbəbindən milli təsərrüfatın ayrı-ayrı sahələrində yaranmış tənəzzül prosesi dayandırıldı, tədricən ölkədə iqtisadi inkişafa nail olundu. Beləliklə, dinamik iqtisadi inkişafa istiqamətlənən layihə və proqramlar qəbul edildi, eləcə də paralel olaraq 1995-2000-ci illər ərzində müvafiq normativ-baza formalaşdırıldı. Artıq qəbul edilən sənədlər, ölkədə operativ və obyektiv surətdə həyata keçirilən özəlləşdirmə proqramları nəticəsində əldə olunan ümumi iqtisadi dirçəliş istər sosial-iqtisadi göstəricilərdə, istərsə də insanların yaşayış tərzində açıq-aydın hiss edilməkdə idi. Bütün bunlar həm də ölkənin maliyyə imkanlaraını genişləndirməklə əldə edilən uğurları daha da sürətləndirməyə imkan verirdi. Belə bir şəraitdə isə ayrı-ayrı regionların inkişafını nəzərdə tutan müvafiq proqramların qəbul edilməsi artıq zərurətə çevrilmişdi.
2003-cü ilin oktyabrında vətənə, dövlətə, xalqa sədaqət andı içərək Prezident səlhiyyətlərinin icrasına başlayan cənab İlham Əliyev qısa zaman kəsiyində xalqın dərin hörmətini qazanmış, eyni zamanda, əsası ümummilli liderimiz tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsinə hərtərəfli zəmin formalaşdırmışdır. Ölkəyə rəhbərlik etdiyi ilk illərdə regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün artıq zəruri imkanların əldə edildiyini, eləcə də regional tərəqqinin ölkənin davamlı iqtisadi inkişafının təmin edilməsi baxımından vacib olduğunu dəqiqliklə qiymətləndirən ölkə başçısı İlham Əliyev müvafiq dövlət proqramının hazırlanması istiqamətində lazımi tapşırıqlar verdi. Beləliklə də, tarazlı regional inkişafa nail olmaq istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2004-cü il 11 fevral tarixli fərmanı ilə "Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər üzrə) Dövlət Proqramı"nı təsdiq etmişdir.
Nəticədə Dövlət Proqramının uğurlu icrası ilə yanaşı, makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, bir sözlə, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl sosial-iqtisadi siyasət nəticəsində beş il ərzində Azərbaycanda özəl sektorun ümumi daxili məhsuldakı payı 85-87 faizə qədər yüksəlmiş, sənaye istehsalı 3,7 dəfə, investisiyalar 2,4 dəfə, strateji valyuta ehtiyatları 9,8 dəfə, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı 1,7 dəfə, bu sahəyə yönəldilən investisiyalar 6,2 dəfə, qeyri-neft məhsullarının ixracı 2,2 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 49 faizdən 2008-ci ildə 13,2 faizə enmişdir.
Qeyd etmək lazımdır ki, əldə edilən iqtisadi uğurlar sürətli inkişafı təmin etsə də, davamlı iqtisadi inkişafa nail olunması baxımından proqram və layihələrin davam etdirilməsi də zərurətə çevrilmişdir. Mövcud potensaldan daha səmərəli istifadə etməklə regionlarda sənayenin və kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək, hər zaman olduğu kimi, bu gün də Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın qəbul edilməsi də məhz qarşıda duran vəzifələrin vaxtında və müvəffəqiyyətlə icra edilməsinə xidmət edir. Aydındır ki, müəyyən edilmiş məqsədə nail olmaq üçün ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə qeyri-neft sektorunun sürətli inkişafına nail olunması, infrastruktur sahələrin inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması, ixracyönümlü məhsul istehsalının stimullaşdırılması, əhalinin kommunal xidmətlərlə təminatının və məşğulluq səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun azaldılması və s. vəzifələr müəyyənləşdirilməsi vacibdir. Təbii ki, qeyd olunanların hər biri davamlı iqtisadi inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, bir məsələni qeyd etmək lazımdır ki, 2009-2013-cü illəri əhatə edən Dövlət Proqramı bir çox müsbət xüsusiyyətlərilə əvvəlki proqramlardan xeyli fərqlənir. Belə ki, bu proqram əvvəlkilərdən fərqli olaraq daha geniş əhatəli və son dərəcə konkretdir. İstər tədbirlərin həyata keçiriləcəyi, istər onların icra müddəti və icraçıları, istərsə də maliyyələşmə mənbələri son dərəcə dəqiqliklə verilmişdir. Konkret inzibati əraziləri əhatə edən 2009-2013-cü illərə dair Dövlət Proqramını dəqiqlik baxımından, hətta ölkədə mövcud olan şəffaflıq və aşkarlığın bir nümunəsi də hesab etmək olar. Burada müsbət cəhətlərdən biri də ondan ibarətdir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda təkcə ayrı-ayrı inzibati ərazilər üzrə nəzərdə tutulan tədbirlər deyil, həm də ümumilikdə milli iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır.
Məlumdur ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, ilk növbədə, aqrar sektorun inkişafını tələb edir. Bir məsələni də yada salaq ki, yaxın keçmişdə, ölkə başçısının 25 avqust 2008-ci il tarixli sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikası əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nı təsdiqləmişdir. Cəmiyyəti narahat edən aktual problemlərin həllini nəzərdə tutan bu proqram davamlı inkişafın təmin edilməsi baxımından da xüsusi əhəmiyyətə malikdir.
Ümumiyyətlə, bu nəticəyə gəlmək olar ki, "Azərbaycan Respublikası regionlarının 2009- 2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" əhatəli və konkret olmaqla yanaşı, ölkənin davamlı iqtisadi inkişafnın strateji istiqamətlərini əhatə edir. Bu baxımdan da, Dövlət Proqramının icrası gələcəkdə həyata keçiriləcək digər proqram və layihələrin uğurla yerinə yetirilməsi üçün də zəngin potensial formalaşdıracaqdır.