PDF Oxu

İqtisadiyyat

  • 18

Yoxsulluğun azalması iqtisadi inkişafın təhfəsidir

Yoxsulluğun azalması iqtisadi inkişafın təhfəsidir
Təkcə ölkə Prezidentinin çıxışlarında və KİV-ə müsahibələrində, həmçinin, Dövlət Statistika Komitəsinin hesabatlarında deyil, Dünya Bankının, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının, digər maliyyə və statistika qurumlarının araşdırmalarında da Azərbaycanın kasıb ölkə olmadığı əsaslandırılmış şəkildə diqqətə çatdırılır. Dünyada hökm sürən iqtisadi böhranın bir çox ölkələrdə yoxsulluq səviyyəsinin artmasına səbəb olduğunu nəzərə alsaq, Azərbaycanda yoxsulluğun azalmasını təqdirəlayiq hal kimi qiymətləndirən beynəlxalq təşkilatların və ekspertlərin rəylərinin doğru olduğunu görə bilərik.
Dünya təcrübəsinə görə yoxsulluğun ölçülməsi üçün konkret meyarlar var. Məsələn, Dünya Bankının ölçülərinə əsasən, o ölkə kasıb ölkə adlanır ki, orada hər adama düşən ümumi daxili məhsulun (YDM) həcmi 800 ABŞ dollarından aşağı olsun.
Bu göstəricinin ölkəmizdə 2000 dollar təşkil etdiyini nəzərə alsaq, Azərbaycanın yoxsulluqdan hələ 2003-cü ildə yaxa qurtardığını aydın görərik. Beləliklə, həmin ildən ölkəmizin adı kasıb ölkələr siyahısından çıxarılaraq, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına daxil edilib.
Yoxsulluğun azaldılması, əhalinin aztəminatlı hissəsinin güzəranının yaxşılaşdırılması Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi gündən göstərdiyi fəaliyyətin ana xəttini təşkil edir.
Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə 2003-cü ildə qəbul edilmiş Dövlət Proqramı uğurla icra olunmaqdadır. Azərbaycan neftinin Qərb bazarlarına çıxarılması ilə ölkəyə daxil olan vəsaitlərin artması hesabına qeyri-neft sektorunun inkişafı, indiyədək 750 mindən çox yeni iş yerinin açılması, büdcə təşkilatlarında çalışanların əmək haqlarının, eləcə də pensiya və müavinətlərin artırılması və digər faktorlar ölkədə yoxsul təbəqənin nəzərəçarpacaq dərəcədə azalmasına imkan verib.
2009-ci ilin birinci yarısında ölkədə yaranmış durumu nəzərdən keçirdikdə, qlobal böhrana baxmayaraq sosial və iqtisadi inkişafın daha sürətlə davam etdiyini söyləmək olar. Azərbaycan iqtisadiyyatı dünyada analoqu olmayan sürətlə inkişaf edir.
İlin birinci yarısında ümumi daxili məhsulun artımı 3.6 faiz təşkil edib. Faktiki olaraq 3 ildə ölkə iqtisadiyyatı 2 dəfə artıb. Bu inkişafın nəticəsidir ki, birinci yarım ildə əhalinin pul gəlirləri artıb. Bunlar insanların həyat səviyyəsinin dinamik şəkildə yüksəldiyini təsdiq edir.
Bütün bunlar dövlətimizin başçısında, eyni zamanda, əhalidə razılıq hissi doğurur. Son bir ildə inflyasiyanın xeyli endirilməsi artıq Prezident səviyyəsində həyata keçirilən tədbirlər nəticəsində mümkün olub.
İnflyasiyanın əsas göstəricisi istehlak bazarında qiymətlərin qalxmasıdır. Azərbaycanda isə, nəinki qiymətlər qalxmır, əksinə, xeyli enib. Bu da əhalinin alııcılıq qabiliyyətinin artmasına səbəb olub.
Qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirinin minimuma endirilməsi üçün Prezident İlham Əliyev hökumətin əlaqədar strukturları qarşısında ciddi tapşırıqlar qoyub. "Bütün diqqət böhranı yaradan və onu gücləndirən subyektiv səbəblərin aradan qaldırılmasına yönəldilməlidir. Burada həm iqtisadi, həm də inzibati tədbirlər gücləndirilməlidir.
Büdcə xərclərinə nəzarətə də ciddi diqqət yetirilməlidir. Biz növbəti mərhələdə əsas diqqətimizi makroiqtisadi sabitliyin qorunub saxlanmasına və antiböhran tədbirlərinin güclənməsinə yönəltməliyik,"- deyən dövlətimizin başçısının bu tapşırığı əhali arasında razılıqla qarşılanır.
Prezident tapşırığının icrası üçün hökumətin əlaqədar strukturlarının fəaliyyətə keçdikləri açıq hiss olunur. Kənd təsərrüfatı yarmarkalarının təşkili, icra strukturlarının bazarlara nəzarəti, süni qiymət artımının qarşısının alınmasına göstərilən səylər müsbət nəticəsini verməkdədir.
Azərbaycanın dövlət büdcəsi 15 milyard dollardır. Hər halda, bu vəsaitin çox hissəsinin əhalinin sosial rifahının yüksəldiləcəyinə sərf ediləcəyi şəksizdir. Prezident İlham Əliyev əbəs yerə demir ki, mənim üçün ən vacib məsələ xalqın həyat səviyyəsidir. Belədə, biz gələn illlərdə də ölkədə insanların güzəranının yaxşılaşacağının, yoxsulluğun azaldılacağının şahidi olacağıq.

Digər xəbərlər