PDF Oxu

İqtisadiyyat

  • 13

Ölkəmizin ərzaq təminatı yaxşılaşır

Ölkəmizin ərzaq təminatı yaxşılaşır
Son illər ölkəmizin siyasi-iqtisadi sahədə əldə etdiyi uğurlar nəticəsində Azərbaycan regionun lider ölkəsinə çevrilib. Məhz bunların nəticəsidir ki, dünyanın güc sahibinə malik olan dövlətlərin də respublikamımızla iqtisadi sahədə əməkdaşlıq etməyə marağını artıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti, Prezident İlham Əliyev uğurlu iqtisadi siyasət həyata keçirir.
Bütün dünya ölkələrinin iqtisadiyyatını iflic vəziyyətə salan beynəlxalq maliyyə böhranının ölkəmizin iqtisadiyyatına təsir etməməsi bunun bariz nümunəsidir. Eləcə də respublikamızın ərzaq böhranı ilə üzləşməməsi də Azərbaycanın iqtisadi uğurlarından xəbər verir. Sözsüz ki, bütün bu uğurların əsasında ümummilli liderimiz Heydər Əliyev ideyaları dayanır. Onun müəyyən etdiyi iqtisadi strategiya bu gün öz müsbət bəhrəsini verməkdədir. Ulu öndərimizin vurğuladığı kimi, iqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir. Ölkənin iqtisadi inkişafının əsas göstəricilərindən biri də ərzaq təminatı məsələsidir. Yəni hər hansı bir ölkə özünü ərzaqla təmin edirsə, bu həmin dövlətin iqtisadi qüdrətindən xəbər verir. Ölkə başçısı Cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilən "Regionların sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramının uğurlu icrası nəticəsində yeni sənaye müəəsisələrinin yaradılması, aqrar sektorun inkişafı ölkə rəhbərliyinin ərzaq təhlükəsizliyi və ərzaq təminatı sahəsində atdığı uğurlu, məqsədyönlü siyasətinin tərkib hissəsidir. Bundan əlavə 2009-2013-cü illəri əhatə edən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı", həmçinin, Prezidentin sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində ölkəmizin ərzaq təminatı məsələsi tam həllini tapmış olacaq.
Son illər ölkə rəhbərliyinin kənd təsərrüfatının inkişafı ilə bağlı gördüyü tədbirlər, eləcə də Dövlət Taxıl Fondunun yaradılması respublikamızın ərzaq təhlükəsizliyi sahəsində atılmış uğurlu addımlardandır. Heç şübhəsiz ki, bütün bunlar öz müsbət nəticəsini verməkdədir. Ərzaq təminatı sahəsində, heç şübhəsiz ki, taxıl və taxıl məhsulları əsas yer tutur. İldən -ilə Azərbaycanda taxıl məhsullarının həcminin artımı ölkə əhalisinin ərzaqla təminatının yaxşılaşmasına xidmət edir.
Ölkədə ərzaq təminatı ilə yanaşı, qida təhlükəsizliyi məsələsi də mühüm məsələlərdəndir. Çünki respublika əhalisinin keyfiyyətli ərzaqla, qida ilə təmin edilməsi vacib amillərdən hesab olunur. Sözsüz ki, dövlətimiz də bu istiqamətdə iş aparır. İstər dövlət qurumlarının - İqtisad İnkişaf Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, eləcə də aidiyyatı ictimai qurumların gördüyü tədbirlərə baxmayaraq, əksər işbazlar bəzi keyfiyyətsiz, yararlılıq müddəti keçmiş və eləcə də standartlara cavab verməyən qida məhsullarını istehlakçılara satırlar. Azad İstehlakçılar Birliyindən "Səs"ə verilən məlumatına görə, bununla bağlı onlara vətəndaşlar tərəfindən müraciətlər olunur. Belə hüquq pozmalarının qarşısının alınmasına baxmayaraq, təəssüf ki, belə hallara hələ də rast gəlinməkdədir. Ancaq dövlətimizin apardığı uğurlu iqtisadi siyasətin tərkib hissəsi olaraq, ölkəmizdə qida təhlükəsizliyi məsələsi ilə bağlı mövcud problemlər yaxın zamanlarda tam həllini tapmış olacaq.

Digər xəbərlər