PDF Oxu

İqtisadiyyat

  • 11

Azərbaycan ÜTT-yə üzv olması prosesini sürətləndirir

Azərbaycan ÜTT-yə üzv olması prosesini sürətləndirir
Azərbaycanın ÜTT-yə üzvolma istəyi 12 il bundan əvvəl gündəmə gəlib. Bu təşkilata üzvolma istəyini əks etdirən ərizə 23 iyun 1997-ci il tarixdə ÜTT Katibliyinə təqdim olunub. 16 iyul 1997- ci ildə isə ÜTT Katibliyində Azərbaycan üzrə İşçi Qrupu yaradılıb. 19 noyabr 1999-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 226s saylı Sərəncamı ilə Azərbaycan Respublikasının ÜTT-yə üzv olması prosesinin sürətləndirilməsi işləri üzrə təşkilatlararası Əlaqələndirmə Qrupu fəaliyyətə başlayıb. Bu istiqamətdə görülən işlər hər zaman diqqət mərkəzində olub, bu gün də bu yöndə dövlət səviyyəsində tədbirlər həyata keçirilir. Lakin Azərbaycanın bu quruma üzv olunması gecikdirilir.
İqtisadçı-ekspert Eyyub Hüseynovun sözlərinə görə Azərbaycanın ÜTT-yə üzvlüyünə hələ də qəbul olunmasının bir neçə səbəbi var. Birincisi Azərbaycan dövləti buna çox ehtiyatla yanaşır. Tələsik qərar qəbul etmək istəmir. Çünki qonşu Gürcüstanın, eləcə də Ermənistanın düşünmədən, tələsik bu quruma üzv olması bu ölkələrə nəinki xeyir gətirmədi, hətta müəyyən mənada ziyan da vurdu. Azərbaycan bu təşkilata hazır vəziyyətdə, yəni istənilən bütün tələblərə, qoyulan bütün şərtlərə cavab verə biləcək gücdə olduqdan sonra daxil olmaq istəyir. Bu da çox düzgün, hesablanmış bir siyasətdir. Azərbaycan aqrar bir ölkədir və bu sahənin inkişafında hələ də bəzi problemlər var. Çünki bu quruma daxil olduqdan sonra aqrar sektora, dövlətin subsidiyalarına kvota qoyulur. Kənd təsərrüfatındakı problemləri tamamilə aradan qaldırdıqdan, onu daha yüksək inkişaf mərhələsinə çatdırdıqdan sonra Azərbaycanın bu quruma üzvlük məsələsi, yəqin ki, qəti şəkildə, müsbət mənada öz həllini tapacaq. Bu istiqamətdə atılan addımlar, yeridilən siyasət uğurla, düşünülmüş bir şəkildə davam etdirilir.
Azərbaycanın ÜTT-yə daxil olmasının müddətinin daha da uzadılmasının tərəfdarı olduğunu bildirən ekspert bu təşkilatın fəaliyyətindəki nöqsanlardan da danışdı. Qeyd etdi ki, 4 ildən artıqdır ki, ÜTT-yə üzv olan Çin bütün dünya bazarını çirkləndirməklə məşğuldur. ÜTT-nin istehlakçıların hüququnu qoruyan siyasəti, demək olar ki, yoxdur.
Xatırladaq ki, Ümumdünya Ticarət Təşkilatı 1995-ci ildə yaradılmışdır. Təşkilatın Qərargahı İsveçrənin paytaxtı Cenevrədə yerləşir. Ən gənc beynəlxalq təşkilatlardan biri olan ÜTT-nin əsası 1947-ci ildə qoyulmuş Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT) davamçısıdır. Hazırda dünyanın 150 ölkəsi ÜTT-nin üzvüdür. Bundan başqa, 31 ölkə və bir neçə beynəlxalq təşkilat ÜTT-də müşahidəçi statusuna malikdir. Dünya ticarətinin 97%-ə qədəri ÜTT üzvlərinin payına düşür. ÜTT çoxtərəfli ticarət sazişləri əsasında ölkələrarası ticarət münasibətlərinin tənzimlənməsini həyata keçirir. ÜTT-nin normativ-hüquqi bazasını çoxtərəfli ticarət sazişləri təşkil edir. Bu sazişlər əmtəə və xidmətlərlə ticarəti, əqli mülkiyyət, ticarət siyasətinin icmalı və mübahisələrin həlli məsələlərini tənzimləyir. ÜTT-nin bəzi sazişlərinə qoşulmaq məcburi deyil.
ÜTT-nin əsas məqsədi beynəlxalq ticarətin maksimum dərəcədə liberallaşdırılması və onun möhkəm əsaslarının yaradılması və beləliklə də, iqtisadi inkişafın, eyni zamanda, insanların həyat səviyyəsinin yüksəldilməsidir. Bu təşkilatın əsas vəzifəsi çoxtərəfli ticarət danışıqlarının Uruqvay Raundu (1986-1994) nəticəsində formalaşmış Sazişlər Paketi əsasında üzv ölkələr arasında ticarət-iqtisadi münasibətlərin tənzimlənməsindən ibarətdir. Ticarətin tənzimlənməsində tarif metodlarına üstünlük verilir. Ticarətdə kəmiyyət məhdudiyyətlərinin aradan qaldırılmasına, ticarət siyasətinin aydın və şəffaf olmasına diqqət yetirilir. Bu təşkilata üzv ölkələrdə daxili bazarlar ancaq ÜTT qaydaları əsasında qorunur, azad rəqabət üçün əlverişli şərait yaradılır.
Bu təşkilata üzv olmaqda ölkələrin əsas məqsədi dünya iqtisadiyyatı sisteminə inteqrasiya prosesini sürətləndirmək, bu quruma üzv olan ölkələrin bir-birinə verdikləri güzəştlərdən faydalanmaqdır. Bundan başqa dünyanın əksər ölkələri ilə ÜTT tərəfindən qəbul edilmiş ümumi qaydalar əsasında ticarət əməliyyatları həyata keçirmək, ölkədə aparılan iqtisadi islahatlara beynəlxalq təşkilatlar və eləcə də ölkələr tərəfindən yardımın artırılmasına nail olmaq, ÜTT qaydalarını tətbiq etdikdən sonra daha çox həcmdə birbaşa xarici investisiyaları cəlb etməkdir.

Digər xəbərlər