İqtisadi inkişaf yüksək templə irəliləyir
Ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayonunun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən geniş iclasında ətraflı müzakirə olundu.
Tədbirdə çıxış edən Səbail rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov dövlət rəhbəri İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclası barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, bütün dünyanı bürümüş iqtisadi böhran hər bir ölkəyə öz təsirini göstərsə də, Azərbaycana bu təsir çox cüzi olmuşdur. 2009-cu ilin ilk altı ayı ərzində ölkəmizdə ümumi daxili məhsul 3,6 faiz artmış, qeyri-neft sektorunda inkişaf təxminən 4,1 faiz olmuşdur ki, bu da ölkə rəhbərinin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. Azərbaycanda 2009-cu ilin ilk altı ayı ərzində əldə olunmuş nailiyyətlər barədə ətraflı məlumat verən A.Əsgərov qeyd etdi ki, 2009-cu ilin birinci yarısı ərzində Səbail rayonunun sənaye müəssisələri üzrə 177,5 milyon manatlıq məhsul istehsal edilmiş, 6 ay ərzində istehlakçılara 178,3 milyon manatlıq məhsul göstərilmişdir.
A.Əsgərov rayonda iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcminin 163,5 milyon manat olduğunu, rabitə müəssisələri tərəfindən birinci yarımillikdə müəssisə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 336,0 milyon manatlıq rabitə xidmətlərinin göstərildiyini dedi: "2009-cu ilin yanvar-iyun ayları ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 700,1 milyon manat olub. Yönəldilmiş investisiyaların 653,3 milyon manatı və ya 93,3 faizi istehsal təyinatlı obyektlərə sərf edilibdir. Qeyri-dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi 164,5 milyon manat, dövlət mülkiyyətində olan tikinti müəssisələrinin yerinə yetirdikləri işlərin həcmi isə 8,5 milyon manat olub".
Natiq 2009-cu ilin ilk altı ayı ərzində rayonda əhaliyə göstərilən pullu xidmətlərin həcminin 21,3 milyon manat olduğunu dedi: "2009-cu ilin yanvar-may ayları üzrə Səbail rayonunda çalışan işçilərin sayı 88516 nəfər, orta aylıq əmək haqqının məbləği isə 636,9 manat olmuşdur ki, bu da keçən illə müqayisədə 24,4 manat və ya 4,0 faiz çoxdur. Hesabat dövründə rayonda 1302 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir".
A.Əsgərov 2009-cu ilin birinci yarısında Səbail rayonunda yerləşən mədəniyyət ocaqlarının və digər sosial obyektlərin təmir-yenidənqurulması işlərinin müvəffəqiyyətlə davam etdirildiyini vurğuladı. Onun sözlərinə görə, bu ilin birinci rübündə əsaslı təmir və bərpa işlərindən sonra Gənc Tamaşaçılar Teatrının, MTN-in Mədəniyyət Mərkəzinin, AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin, Mərkəzi Klinik xəstəxananın ambulatoriyasının, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Teleradio İstehsalat Birliyinin Teleqüllə kompleksinin açılışı olmuş, həmçinin, Azərbaycan prospektində, Daxili İşlər Nazirliyinin qarşısında yenidən qurulmuş yeraltı piyada keçidi istifadəyə verilibdir: "Qeyd olunan tədbirlərdə ölkə başçısı cənab İlham Əliyevin iştirakı respublikamızda mədəniyyət və mənəviyyat məsələlərinə, milli dəyərlərimizin öyrənilməsi və təbliğinə diqqət və qayğının səviyyəsini aydın göstərir. Rayon ərazisindəki mövcud mədəniyyət müəssisələrində aparılan təmir-bərpa işləri gənc nəslin tərbiyə işlərində bu müəssisələrin rolunun artırılmasına səbəb olur. M.Seyidzadə adına Mərkəzi şəhər və Uşaq Kitabxanasında "Kitabxana-kitab mağazası"nın, M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda "İnformasiya mərkəzi"nin yaradılması rayonun və eləcə də şəhərimizin mədəni həyatında mühüm bir hadisədir".
Şəhərin qocaman təhsil müəssisələrindən olan Beynəlxalq Təhsil Kompleksinin və 132 saylı orta məktəbin binalarının təmirinə başlanılıbdır.
Tədbirdə "Bibiheybətneft" NQÇİ-nin rəisi İlqar Həmzəyev, Səbail rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin sektor müdiri Nigar Ağayeva, "Mərkəz" Qaz İstismar İdarəsinin Səbail rayon filialı üzrə rəis müavini Teymur Əhmədov, 1 saylı şəhər poliklinikasının baş həkimi Kübra Cabbarova, rayon icra hakimiyyəti başçısı aparatı rayon təsərrüfatı şöbəsinin müdiri Elman Yəhyayev 2009-cu ilin birinci yarısında görülmüş işlərdən danışaraq payız-qış mövsümünə hazırlıqla bağlı nəzərdə tutulan planlar barədə məlumat verdilər.
Tədbirdə əldə olunmuş nailiyyətlərlə yanaşı, həm də həllini gözləyən problemlər, çatışmazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olundu.
Yığıncaqda Milli Məclisin İqtisadi Siyasət Daimi Komissiyasının sədri, millət vəkili Ziyad Səmədzadə və Səbail rayonundan millət vəkili seçilmiş Fuad Muradov iştirak etdilər.