PDF Oxu

İqtisadiyyat

  • 14

Qeyri-neft sektorunun artım tempi ümumi artım tempini üstələyib

Qeyri-neft sektorunun artım tempi ümumi artım tempini üstələyib
Məlumdur ki, ölkə başçısı İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin 6 ayı ərzində görülən işlər üzrə hesabatın yekunları barədə geniş iclas keçirildi. Ölkə başçısı geniş nitq ilə çıxış edərək, sonda yekun nitqi ilə müşavirəni ümumiləşdirdi. Müşavirədə bir çox məsələlərə toxunuldu. Millət vəkili Xanhüseyn Kazımlı bildirdi ki, maraqlı məsələ kimi müşavirədə dünyanı bürüyən maliyyə böhranına toxunuldu. Həmçinin, həm dünya, həm qonşu dövlətlər, həm də bilavasitə öləkəmiz səviyyəsində böhranın nəticələri qeyd olundu. X.Kazımlı vurğuladı ki, maliyyə böhranı nəticəsində dünya ölkələrinin 75 faizində artım tempi aşağı düşüb. İnkişaf etmiş ölkələrdə, Avropa ölkələrində bu artım 23-25 faiz təşkil edir. Həmin ölkələrlə müqayisədə Azərbaycan ən yüksək artım tempi olan ölkələr sırasına daxildir: "Azərbaycanda olan bu müsbət göstərici neft hasilatı ölkələrində nəzərə çarpmır. Neftin dünya bazarında qiymətinin kəskin surətdə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına o qədər də təsir etməyib. Çünki ölkəmizin valyuta ehtiyatları var, qeyri-neft sektorunda ÜDM-in 6 ay ərzində artım tempi 4,1, amma ümumi artım tempi 3,6 faiz təşkil edib. Yəni, qeyri-neft sektorunun artım tempi ümumi artım tempini üstələyib. Bu da, Azərbaycan iqtisadiyyatını bilavasitə neft sektorundan asılı olmadığını bir daha sübut etdi".
X.Kazımlı onu da vurğuladı ki, neft və karbohidrogen sənayenin aparıcı sahələridir. Ötən dövr ərzində ölkəmizdə uzaqgörənliklə elə bir strategiya qurulub ki, yaranmış valyuta ehtiyatları nəinki bir il ərzində, bundan sonra da müəyyən dövrlərdə Azərbaycanın belə böhranlardan sarsılmamasına imkan verir: "Digər tərəfdən də, qeyri-neft sektorunun digər sahələrinin inkişafı neftin qiymətinin aşağı düşməsi hesabına büdcəyə dəyən zərərin tamamilə ödənilməsi və tənzimlənməsinə şərait yaradır. Amma Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Azərbaycan maliyyə böhranı ilə əlaqədar olaraq, əsaslı çətinliklərlə üzləşməyib, onun iqtisadi, sosial həyatında heç bir sıxıntı olmayıb. Eyni zamanda, yaxın gələcəkdə dünya səviyyəsində böhranın aradan qaldırılması istiqamətində görülən tədbirlər göstərdi ki, böhran uzun müddət davam edə bilməz. Dünyanın inkişaf etmiş böyük dövlətləri maliyyə problemi ilə üzləşsələr də, Azərbaycan bu problemlərlə üzləşməyib. Dünya iqtisadiyyatı tərəqqiyə doğru addımlayarsa, ölkəmizin uğurları daha böyük olacaq. Təsəvvür edin ki, 6 ay ərzində 35 min iş yeri açılıb ki, bunun da 25 mini daimi iş yeridir. Əhalinin pul gəliri 19 faiz artıb. Orta əmək haqqının artımı 15-16 faiz təşkil edir. Bu, kiçik göstərici deyil. Ünvanlı sosial yardım istiqamətində işlər görülür. İqtisad və sosialyönümlü tikintilər, məktəblər, xəstəxanalar, uşaq bağçaları, idman komplekslərinin tikintisi, yolların çəkilməsi, şəhərlər və kəndlərarası yolların və yol qovşaqlarının işə düşməsi istiqamətində işlər davam etdirilməkdədir. Bundan başqa, turizmin inkişafında, eləcə də ekoloji cəhətdən əhaliyə göstərilən xidmət təqdirəlayiqdir. Bundan başqa ekoloji cəhətdən təmiz olan mineral gübrələrin tətbiqinə, yəni, tərkibi mikroelementlərlə təmin olunmuş üzvü gübrələrin istehsalına başlanması nəzərdə tutulub. Bununla da, təmiz və sağlam meyvə, tərəvəz və digər ərzaq məhsullarının əldə olunmasına nail olunacaq".
Millət vəkili müşavirədə ölkə başçısının Dağlıq Qarabağ probleminin həlli istiqamətində geniş nitqinə nəzər saldı. O, vurğuladı ki, Prezident bunula bağlı öz mövqeyini ortaya qoydu: "Ölkə başçısı bildirdi ki, ötən ilə hərbi texnikamızı nümayiş etdirmək istiqamətində tədbirlər gördük. İndi isə, hərbi gücümüzü, döyüş qabiliyyətimizi nümayiş etdirmək istiqamətində tədbirlər aparırıq. İtənilən halda ordumuz lazımi döyüş qabiliyyətinə malikdir. Bütün bunlar həm iqtisadiyyatımızın gücü, qüdrəti, həm də ulu öndərimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuş, düşünülmüş, uğurlu strategiyanın nəticəsidir. Bu da ölkə başçısı İlham Əliyev tərəfindən həyata keçirilir".
Millət vəkili Aydın Mirzəzadə qeyd etdi ki, ölkə başçısı ərzaq təhlükəsizliyi ilə bağlı fikirlərini bildirdi. Qeyd etdi ki, ərzaq təhlükəsizliyi ilə bağlı Azərbaycanın özünün təmin edilməsi istiqamətində səylər artırılmalıdır: "Respublikamızın kifayət qədər potensialı var. Hesablamalar göstərir ki, öz əhalisindən qat-qat çox insanı ərzaqla, kənd təsərrüfatı məhsulları ilə təmin edə bilər. Həmçinin, əldə olunan məhsulların bir hissəsini özümüzə sərf etməli, digər hissəsini digər ölkələrə satılmaqla xarici ticarətimizin strukturunu təkmilləşdirməliyik. Tək neft və neft məhsulu ixrac etməməliyik, həm də kənd təsərrüfatı, eləcə də, onunla bağlı sahələrin məhsullarını ixrac etməliyik. Bu da Azərbaycana xeyli dərəcədə xeyir gətirə bilər".
A.Mirzəzadə onu da bildirdi ki, Xəzər gəmiçiliyini inkişaf etdirmək lazımdır: "Dənizin o tayından Azərbaycana neft gətirilməsi ilə bağlı xeyli dərəcədə tankerlər istehsal edilməli və alınmalıdır. Bununla bağlı müşavirədə Xəzərin o tayından Azərbaycana neft gətirilməsi, onun da digər ölkələrə ixrac edilməsi istiqamətində işləri intensivləşdirmək üçün, gəmilərin, o cümlədən, hərbi xarakterli gəmilərin istehsalının təşkil edilməsi istiqamətində çox ciddi məsələ qaldırıldı. Bu məsələnin reallaşdırılması Azərbaycanın hərbi qüdrətinin möhkəmlənməsində, eləcə də Xəzərin o tayında olan ölkələrlə inteqrasiyanın gücləndirilməsində böyük rol oynayacaq".

Digər xəbərlər