Aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramları müvəffəqiyyətlə həyata keçirilir
Son illər ölkəmizdə kənd təsərrüfatının inkişafı məqsədilə bir sıra mühüm tədbirlər həyata keçirilib, dövlət proqramları qəbul edilib. Kənd təsərrüfatı məhsulları istehsalçılarının problemlərinin həlli istiqamətində dövlət səviyyəsində görülən tədbirlər isə bu sahəyə göstərilən diqqət və qayğıdan xəbər verir. Aqrar sahəyə ayrılan subsidiyalar, davamlı vergi güzəştləri, dövlət himayəsi altında texniki modernləşmə, aqrolizinq xidməti, əkinçiliklə, heyvandarlıqla məşğul olan sahibkarlara nəzərdə tutulan güzəştli kreditlər və dövlət büdcəsi hesabına edilən ödəmələr bu tədbirlər sırasında xüsusi yer tutur.
Rəsmi məlumatlara görə, 2002-ci illə müqayisədə 2007-ci ildə kənd təsərrüfatının inkişafına qoyulan dövlət yatırımları təxminən, 50 milyon artaraq 70 milyon manat təşkil etmişdir. 2007-ci ildə vergi güzəştləri sayəsində kənd təsərrüfatında çalışan sahibkarlıq subyektləri 190 milyon manat vəsaitə qənaət etmiş olub. Aqrar sahəyə kredit qoyuluşu da xeyli artaraq 2007-ci ildə təxminən, 140 milyon manata çatıb. Ölkədə əkinçiliklə məşğul olan fermerlər üçün hər hektar sahəyə görə 40 manat, buğda və çəltik istehsalçılarına isə hektara görə 80 manat əvəzsiz ödəniş nəzərdə tutulub. Prezident İlham Əliyevin imzaladığı "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" sərəncama əsasən, kənd təsərrüfatı məhsulları istehsalçılarının məhsul istehsalı üçün istifadə etdikləri yanacağın, motor yağlarının və mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsini təmin etmək üçün 2008-ci ildə dövlət büdcəsindən 80 milyon manat, 2009-cu ildə isə 90 milyon manat vəsait ayrılıb.
Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilmiş məqsədyönlü tədbirlər dünyada baş verən qlobal böhran şəraitində iqtisadiyyatımızın digər sahələrində olduğu kimi, kənd təsərrüfatı və ərzaq məhsulları istehsalının da artımına imkan vermişdir. Kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əhəmiyyətli dəyişikliklər baş vermiş, əsasən dənli, dənli-paxlalıların, xüsusilə də buğdanın istehsalına diqqət artırılmış, əkilmiş sahələrin ümumi əkin sahəsinə görə xüsusi çəkisi artaraq, 2000-ci ildəki 51,7 faizdən 2008-ci ildə 81 faizə çatmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən yardımların, texnika və gübrə alınmasına güzəştlərin nəticəsində 2009-cu ildə taxıl əkinlərinin sahəsi daha 215 min 400 hektar genişləndirilərək 1 milyon 78 min 800 hektara çatdırılmış, o cümlədən buğdanın əkin sahəsi 206 min 700 hektar artırılaraq 810 min 700 hektar təşkil etmişdir.
Cari ilin ötn 6 ayı ərzində 976 min 474 hektar və ya ümumi sahənin 89 faizi biçilmiş və 2 milyon 557 min 33 ton məhsul yığılmışdır. Həmin tarixə buğda əkinlərinin 713 min 532 hektarı və ya 88 faizi biçilmiş və 1 milyon 918 min 673 ton məhsul istehsal edilmişdir. Bu il isə, qarğıdalı da daxil olmaqla, 2009-cu ildə taxıl istehsalının təxminən 3 milyon ton, o cümlədən, buğda istehsalının təxminən 2 milyon 200 min ton olacağı gözlənilir. Bu, ölkə tarixində taxılçılıq sahəsində ən yüksək nəticə olmaqla yanaşı, 2008-ci ilə nisbətən taxıl istehsalının təxminən 500 min ton artmasını və əhalinin ərzaq buğdasına olan tələbatının daxili istehsal hesabına tam ödənilməsini təmin edəcəkdir.
2009-cu il iyulun 1-nə olan məlumata görə, 66 min 200 hektar sahədə kartof, 79 min 900 hektar sahədə tərəvəz, 31 min 100 hektar sahədə bostan bitkiləri, 1200 hektar sahədə tütün və s. əkilmişdir. İndiyədək 260 min ton kartof, 271 min 300 ton tərəvəz, 69 min 300 ton meyvə, 12 min ton bostan məhsulları, 24 ton tütün, 259 ton yaşıl çay yarpağı yığılmışdır. Aqrar sahənin inkişafına yönəldilmiş dövlət proqramlarının müvəffəqiyyətlə həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən hərtərəfli əlverişli şərait yaradılmış, torpaq istifadəçilərinə mexanikləşdirilmiş istehsalat xidmətlərinin həcmi və növü genişləndirilmiş, kənd təsərrüfatı məhsulları istehsalçılarının traktor, kombayn, digər kənd təsərrüfatı maşın və avadanlıqları, toxum, gübrə və pestisidlərlə təminatı yaxşılaşdırılmışdır.
Respublikada ərzaq məhsullarının, xüsusilə, meyvə-tərəvəz və kartofun istehsal həcminin əhalinin tələbatından təxminən 2 dəfə artıq olması bu məhsulların tədarükü, saxlanması və satışının təşkilinin dövlət tərəfindən dəstəklənməsinə ehtiyac yaratmışdır. Bu, əhalinin ilboyu təzə meyvə-tərəvəzlə təmin olunması ilə yanaşı, qiymətlərin tənzimlənməsini həll edə bilər.
Cari ildə təxminən 3 milyon ton taxıl istehsalı, o cümlədən, təxminən 2 milyon 200 min tondan artıq ərzaq buğdası istehsalı gözlənilir. Ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən yaradılmış "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin daha da genişləndirilməsi və aqrar sahənin müasir texnikalarla müntəzəm təchizatı kənd təsərrüfatında dönüş yaratmışdır.
Torpaq mülkiyyətçilərinə məxsus maşın-traktor parkında "Aqrolizinq" ASC-nin 55 aqroservis filialı və 105 mexanikləşdirilmiş dəstəsi tərəfindən texniki xidmət, təmir və nizamlama işləri görülür, onlardan səmərəli istifadə üsulları öyrədilir, tövsiyələr verilir. Bunun nəticəsində respublikada maşın-traktor parkından istifadə xeyli yüksəlmişdir. Fəaliyyətə başladığı 2005-ci ildən "Aqrolizinq" ASC tərəfindən 745 ədəd taxılyığan kombayn, 2250 ədəd traktor, 132 ədəd ekskavator, 5690 ədəd müxtəlif təyinatlı kənd təsərrüfatı maşınları və qoşqular, 7 süd zavodu, 13 soyuducu kamera, 7 qarışıq yem zavodu, 7 adda 294 ton pestisid, 237 min ton mineral gübrə, 770 baş damazlıq heyvan, 7189 ton yüksək reproduksiyalı buğda toxumu və s. gətirilərək kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilmişdir. 2007-2009-cu illərdə Gəncə avtomobil zavodundan 1190 ədəd "Belarus" markalı traktor alınmışdır. Bu ilin sonunadək daha 192 ədəd traktor alınacaqdır.
İyulun 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2009-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclasında ölkəmizdə kənd təsərrüfatı sahəsindəki uğurlardan danışarkən bildirmişdir ki, "Təkcə bir il ərzində Azərbaycanda 500 min ton əlavə taxıl istehsal olunacaqdır. 2,2 milyon ton buğda istehsalı bizim, demək olar ki, ərzaq təhlükəsizliyimizin əsas hissəsinin təmin edilməsinə xidmət göstərir. Nəyin hesabına biz buna nail ola bilmişik? Mütəmadi qaydada görülən işlər, konkret proqramlar, regional inkişaf proqramının, infrastruktur layihələrinin icrası, "Aqrolizinq"in yaradılması hesabına. Bu gün deyildi ki, "Aqrolizinq" xətti ilə nə qədər texnika, kombayn, traktorlar alınıb, digər lazımi məsələlər həll olunubdur. Əgər biz "Aqrolizinq"i yaratmasaydıq, fermerlər hansı pulun hesabına o texnikanı ala bilərdilər? Bu gün Azərbaycanda istehsal olunan traktorlar iş yerlərinin açılmasına, yeni sənaye sahəsinin yaranmasına xidmət göstərir. Beləliklə, Azərbaycan sənayesi üçün yeni sahə yaradılır.