“Xarici iqtisadi fəaliyyətdə vahid elektron pəncərənin inkişafı” mövzusunda seminar keçirilib
Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) Baş katibi Rəşad Rəsullu Asiya İnkişaf Bankı tərəfindən Sinqapurda təşkil edilən "Xarici iqtisadi fəaliyyətdə vahid elektron pəncərənin inkişafı" mövzusunda seminarda iştirak edib. ATİB-in İctimaiyyətlə Əlaqələr şöbəsindən "Səs" qəzetinə verilən məlumata görə, Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlığı (CAREC) proqramı çərçivəsində keçirilən seminara Azərbaycanın biznes ictimaiyyətinin nümayəndəsi kimi qatılan R.Rəsullu ilə yanaşı, tədbirdə Dövlət Gömrük Komitəsinin və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri də iştirak ediblər. Tədbirə, həmçinin, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Çin, Tacikistan, Özbəkistan nümayəndələri ilə yanaşı, Asiya İnkişaf Bankının, Ümumdünya Gömrük Təşkilatının, Alman Texniki Əməkdaşlıq Təşkilatının (GTZ), ABŞ Beynəlxalq İnkişafa Agentliyinin (USAİD) təmsilçiləri də qatılıblar.
Tədbir çərçivəsində Azərbaycan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Çin, Əfqanıstan, Qazaxıstan və Tacikistan üzrə müvafiq təqdimatlardan sonra Sinqapurun vahid elektron sistemi "TradeNet"in idarəçisi olan CrimsonLogic şirkətinə səfər edilərək onların praktik işi ilə tanışlıq həyatə keçirilib. Seminarda Asiya İnkişaf Bankının məsləhətçiləri tərəfindən hazırlanmış Azərbaycan, Qırğızıstan, Monqolustan və Özbəkistanda vahid pəncərənin inkişafı üzrə milli yol xəritələri təqdim edilib, həmçinin, CAREC proqramı ölkələri üçün regional vahid pəncərənin yaradılması üzrə yol xəritəsi nəzərdən keçirilib.
Seminarın sonuncu günündə isə iştirakçılar tərəfindən seminarın yekun protokolu müzakirə edilərək qəbul edilib. Seminarda aparılan müzakirələr göstərib ki, Azərbaycan xarici iqtisadi fəaliyyətdə vahid pəncərə sisteminin tətbiq edilməsində CAREC ölkələri arasında lider mövqelərdən birini tutur.
Qeyd edək ki, ATİB üzvlərindən daxil olan informasiyaları ümumiləşdirməklə belə bir nəticəyə gəlmək olar ki, bu sistem tətbiq edilməmişdən öncə bir yük maşınındakı malların gömrük rəsmiləşdirilməsi 4 gün vaxt aparırdısa, hazırda bunun üçün 3 saat tələb edilir. Bundan əlavə, daha əvvəl gömrük rəsmiləşdirilməsi üçün çoxsaylı sənədlər tələb edilirdi və onların həcmi 40 səhifəyə qədər olurdu. Hazırda isə yalnız 2 səhifəlik bir sənəd tələb edilir. Həmçinin, malların saxlanması çəkilən xərclər və müddət əhəmiyyətli dərəcədə azalıb.
ATİB hazırda mövcud olan "bir pəncərə" sistemlərinin daha da təkmilləşdirilməsi və onların əhatə dairəsinin genişləndirilməsi və sonda vahid elektron hökumətin yaradılması istiqamətində Azərbaycan hökumətinin səylərini dəstəkləyir və bu istiqamətdə hökumət orqanları və digər maraqlı tərəflərlə birlikdə çalışmağa hazır olduğunu bildirir.