Azərbaycan yalnız neft ölkəsi deyil
Müstəqilliyimizin bərpasından keçən az bir müddətdə Azərbaycan özünün inkişafı yolunda inamla irəliləməkdədir. Ümumilli liderimizin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamı indi Azərbaycanda özünün əyani sübutunu tapıb. Ölkə Prezidenti İlham Əliyevin ölkə iqtisadiyyatını inkişaf etdirmək üçün apardığı siyasət uğurla davam etməkdə, Azərbaycan inkişaf etmiş ölkələr sıralarına qoşulmaqdadır.
Postsovet ölkələri içində hamıdan çox problemi (ərazilərin işğalı, qaçqınlar ordusu və s.) olan bir respublikanın az bir müddətdə bu qədər sürətlə inkişaf edəcəyinin gözləmirdilər. Sovetlər İttifaqında ancaq əyalət şəhəri statusu olan Bakını indi təkcə müstəqil və güclü bir dövlətin paytaxtı kimi deyil, həm də dünyanın güclü siyasi, iqtisadi, mədəniyyət və idman mərkəzlərindən biri kimi tanıyırlar.
İqtisadiyyatını inkişaf etdirmək əzmində olan hər bir ölkənin hökuməti ilk növbədə milli sahibkarlığın, yerli istehsal sahələrinin inkişafına nail olmağı qarşısına məqsəd qoymalıdır. Azərbaycanda bu, son illər həyata keçirilən iqtisadi islahatlar sayəsində özünü göstərib.
Milli iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı daim dövlətin diqqət mərkəzində olub. Son 6 ildə dövlət başçısının özəl sektorun inkişafına xidmət göstərən fərman və sərəncamları da bunu bir daha təsdiqləyir. Ölkədə həyata keçirilən iqtisadi islahatlar artıq öz bəhrələrini verməkdədir.
Ən maraqlı məqam isə ondan ibarətdir ki, Azərbaycanda bir prezidentlik müddətində görülən işlər tariximizin heç bir dövründə görülməyib. Bunun nətisəcidir ki, indi Azərbaycan dünyanın ən sürətlə inkişaf edən, iqtisadi qüdrətini günbəgün artıran güclü dövlətə çevrilib.
Müstəqillik dönəminin ilk illərində Azərbaycana olan maraq yalnız neft sektoruna idi. Qeyri-neft sektorunun inkişafı isə bir növ arxa plana keçmişdi. Lakin ölkə rəhbərinin iradəsi ilə aparılan iqtisadi siyasət nəticəsində getdikcə digər sahələrə maraq artdı və bu sahələrə böyük xarici və daxili investisiyalar yönəldildi.
Ümumiyyətlə, 1993-cü ildən bu vaxta qədər xarici investorlar Azərbaycana 46 milyard dollar sərmayə qoyub. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri Azərbaycanın neft strategiyasının şah damarına çevrilib.
Neft-qaz istehsalının artması nəticəsində əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi Azərbaycan iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq üçün atılan mühüm addımlardandır.
Ölkədə aparılan iqtisadi islahatlar daxili imkanların artmasına səbəb olub. Bunun nəticəsidir ki, artıq daxili investisiyaların həcmi xarici investisiyaların həcmini üstələyib. Bu da özəl bölmənin sürətli inkişafından xəbər verir. Hazırda özəl sektorun ÜDM-də payı 85 faizdən çoxdur. Qeyri-neft sektorunun inkişafını diqqətdə saxlayan dövlətimiz hər il bu sahəyə 100 milyon dollar məbləğində güzəştli kredit ayırır. Bu vəsait bölgələrdə yeni iş yerlərinin açılmasına sərf olunur. Təsadüfi deyil ki, regionlarda yeni sənaye müəssisələri məhz özəl sektor tərəfindən yaradılır.
Ölkədə sahibkarlığın dinamik inkişaf etdiyini, özəl sektora daim diqqət göstəriləcəyini bildirən dövlət başçısı qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində mühüm işlərin görüləcəyini bəyan edir. Bu da Azərbaycanın iqtisadi inkişaf tempini daha da artıracaq. Prezidentin özəl bölmənin inkişaf etdirilməsinə stimul verən fərman və sərəncamları ölkədə sahibkarlığın inkişafına yeni bir töhfə kimi qiymətləndirilir.
Dövlət başçısı İlham Əliyev Dövlət İnvestisiya Şirkətinin yaradılmasının əhəmiyyətini hər zaman diqqətə çatdıraraq bildirir ki, məqsəd ölkə iqtisadiyyatının lazım olan sahələrinə investisiyaların cəlbini təmin etməkdir. Azərbaycanda həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, ölkəmiz yoxsulluq problemi yaşamır.
İşsizlik, yoxsulluq problemlərinin həlli dövlətin həyata keçirdiyi siyasətin prioritet istiqamətləridir. Həyata keçirilən soail siyasət nəticəsində ölkədə yoxsulluğun həddi 13 faizə endirilib, yaxın bir neçə ildə isə, yoxsulluğun tamamilə ləğv ediləcəyi şübhə doğurmur.
"Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasına başlanan gündən bugünədək mühüm sahələrdə uğurlar əldə edilib, 750 min yeni iş yeri yaradılıb ki, bunun da 550 mindən artığı daimidir. Yeni yaradılan iş yerləri regionlarda özəl sektorun, sahibkarlığın inkişafının nəticəsidir.
Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi strategiya özəl sektorda yeni dövrün başlandığını göstərir. Ölkə əhalisinin məşğulluğunun artırılmasında, yoxsulluğun ləğv edilməsində, bölgələrdə müasir infrastrukturun yaradılmasında mühüm rol oynayır.
Qeyd olunan faktlardan aydın görünür ki, sahibkarlığın inkişafı iqtisadiyyatın neft sektorundan aslılığını azaldır. Artıq Azərbaycan inkişaf etmiş ölkələrdə olduğu kimi qeyri-neft sektorunun inkişafı hesabına irəliyə getmək imkanı əldə edib. Bölgələrdə yeni iş yerlərinin açılması, əhalinin şəhərlərə axınının dayanması bunu sübüt edir.
Azərbaycan özünün təkcə neft ölkəsi olmadığını, bütün təbii sərvətlərə, iqtisadi, elmi, mədəni potensiala malik olduğunu dünyaya nümayiş etdirib. Fəxrlə qeyd etməyə dəyər ki, bu nümayiş ölkəmizin iqtisadi inkişafa görə dünya liderliyini ələ keçirməsi fonunda daha parlaq görünür.