Sahibkarlığın inkişafı əsas prioritetə çevrilib
Azərbaycanın sürətli inkişafında, hələlik, böyük paya olan neft-qaz sektorundan əldə edilən külli midraqda gəlirlər, hökumətə iqtisadiyyatın digər sahələrini də güclü inkişaf etdirmək üçün yeni proqramlar hazırlamağa imkan yaradır. Azərbaycan Prezidenti İlham Əliyev ölkənin ümumi inkişafına çalışdığını dəfələlərlə bəyan edib və regionlarda yeni istehsal müəssisələrinin yaradılmasını prioritet elan edib. Hazırda qeyri-neft sektoru sürətlə inkişaf etdirilir. Buna zəmin yaradan amaillərdən biri də sahibkarlığa göstərilən böyük diqqət, o cümlədən, verilən güzəştli kreditlər, "vahid pəncərə" sisteminin tətbiqi, bəzi sahələrdə vergilərin azaldılması kimi tədbirlərdir.
Son 6 ildə ölkədə böyük sosial-iqtisadi layihələr həyata keçirilir. Məhz bunların nəticəsində son 6 ildə ölkəmizdə 750 min yeni iş yeri açılıb, yüzlərlə yeni müəssisə fəaliyyətə başalayıb. Sevindirici haldır ki, bunların 80 %-i bölgələrin payına düşür. 2009-ci ilin ilk yarımilinin nəticələrinə görə, özəl sektorun iqtisadiyyatda payı 85 faizə çatıb. Özəl sektor isə, məlum olduğu kimi, əsasən, qeyri-neft sektoru çərçivəsində fəaliyyət göstərir.
Ölkə rəhbərinin, hökumətin həyata keçirdiyi ən uğurlu layihələrdən biri olan "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın tətbiqində əsas məqsəd bölgələrdə yerli xammal və ehtiyat mənbələrindən istifadə etməklə yeni iş yerlərinin açılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsidir.
Geniş miqyasda tətbiq olunan islahatlar nəticəsində keyfiyyətcə yeni mərhələyə başlayan, dinamik və davamlı sosial -iqtisadi inkişaf özəl bölmədə daha çox hiss olunur. Prezident İlham Əliyevin bildirdiyi kimi ölkədə əmtəə istehsalı həcminin yüksəldilməsində məqsəd odur ki, Azərbaycanın idxaldan asılılığı maksimum dərəcədə azaldılsın, gündəlik tələbat malları öz ölkəmizdə istehsal olunsun.
Özəl bölmənin inkişafı üçün müəyyənləşdirilən tədbirlər öz bəhrəsini verir. Hazırda aqrar sektorun, sənaye, ticarət, mehmanxana və iaşə xidməti sürətlə inkişaf edir. Məşğullq strategiyasının tətbiqi və "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı"nın həyata keçirilməsi ilə iqtisadi inkişafda xüsusi xidmətləri olan özəl bölməyə maraq artır.
İşsizliyin və yoxsulluq səviyyəsinin minimum həddə çatdırılmasını qarşıya məqsəd qoyan dövlət başçısı, ilk növbədə, qeyri-neft sektoruna diqqətin artırılmasını tələb edir. Bölgələrdə iri və orta səviyyəli istehsal yönümlü müəssisələrin açılması xeyli yeni iş yerinin yaranmasını şərtləndirir.
2006-2015-ci illər üçün nəzərdə tutulan "Yoxsulluğun azaldılması və davamlı inkişaf proqramı"na uyğun tədbirlərin keçirilməsi sayəsində yoxsulluq səviyyəsi 13 faizə endirilib. Bu, birmənalı olaraq, ölkədə aparılan məqsədyönlü siyasətin uğurlu nəticəsidir.
"Azərbaycana böyük ixrac qabiliyyətli iri sənaye kompleksləri lazımdır" mesajını verən Prezident İlham Əliyev xarici bazarlarda Azərbaycan markası ilə təmsil oluna biləcək mallar istehsal edən iri müəssisələrin yaradılmasını əsas vəzifə kimi qarşıya qoyur. Bununla da məşğulluq siyasətinin həyata keçirilməsi üçün əlavə imkanlar yaranır.
Bu gün ölkəmizə yerli resurslar və xammal hesabına işləyə biləcək iri komplekslər, emal müəssisələri lazımdır, bu istiqamətdə işlər davam etdirilir. Dövlətin bu sahəyə göstərdiyi diqqət, ölkədə yaradılmış əlverişli mühit sahibkarlıq subyektlərinin dinamikasında öz əksini tapır.
Sahibkarlığın inkişafına mane olan neqativ hallar aradan qaldırılır. Yerli sənaye məhsullarının dünya bazarında rəqabət qabiliyyətinin yüksəldilməsi üçün beynəlxalq standartlara uyğun yeni texnologiyalara üstünlük verilir, sahibkarlığın dövlət tərəfindən tənzimlənən mexanizmləri təkmilləşdirilir, müasir təcrübəyə əsaslanan yeni metodların tətbiqinə diqqət artırılır.
Makroiqtisadi siyasətin və sahibkarlığın inkişafına yönəldilmiş əhəmiyyətli tədbirlərin artırılması işsizlərin sosial müdafiəsinin gücləndirilməsini təmin edir. Qarşıdakı illər üçün nəzərdə tutulan məşğulluq strategiyasının həyata keçirilməsi ilə yoxsulluğun səviyyəsi daha kiçik rəqəmlərlə ifadə olunacaq.
Bütün bölgələrdə əmək yarmakalarının keçirilməsində də məqsəd işsizlərin sayının azaldılmasıdır. 2009-2013-ci illəri əhatə edəcək "Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı" da məhz bu məqsədlərə xidmət edəcək. Bu və ya digər bu kimi dövlət proqlamları çərçivəsində həyata keçiriləcək genişmiqyaslı tədbirlər nəticəsində yaxın illərdə Azərbaycanda bir nəfər də olsun işsiz və ya yoxsul qalmayacaq.
Prezident İlham Əliyev üçün əsas prioritet də budur. Beləliklə, Azərbaycanda sürətli inkişafın yeni mərhələsi başlayır. Bu mərhələdə artıq ölkəmiz dünyanın ən inkişaf etmiş ölkələri ilə bir sırada dayanacaq.