Ölkəmiz sürətli inkişaf, tərəqqi dövrünü yaşayır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasi, sosial-iqtisadi kurs ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə çox böyük inamla və qətiyyətlə davam etdirilir. Masallı rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayonda görülən işlər barədə məlumat verərək növbəti Dövlət Proqramının da uğurla başa çatacağını bildirdi:
- Bu gün Azərbaycan iqtisadi artım sürətinə görə dünyada liderliyini qoruyub saxlayır. Ölkəmizin kompleks inkişafının təmin edilməsi, qlobal əhəmiyyətli layihələrin gerçəkləşdirilməsi məhz ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. 2003-cü ildə keçirilən seçkilərdə xalqımız prinsipial mövqe və siyasi mütəşəkkillik nümayiş etdirərək Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyevi Prezident seçdi. Ötən müddət ərzində Azərbaycan cəmiyyətinin bütün sahələrində dinamik inkişaf təmin edilmiş, müstəqil dövlətimizin beynəlxalq münasibətlər sistemində mövqeləri daha da möhkəmlənmişdir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə başlanmış sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə iqtisadi inkişaf daha da sürətlənmiş və keyfiyyətcə yeni məzmun kəsb etmişdir. Sosial-iqtisadi sahələrdə əldə edilmiş dinamik inkişafı müxtəlif istiqamətlər üzrə davam etdirmək məqsədilə ölkə başçısı tərəfindən mühüm dövlət proqramları qəbul edilmişdir. Prezident İlham Əliyevin 24 noyabr 2003-cü il tarixli "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" Fərmanı və 11 fevral 2004-cü ildə təsdiq etdiyi "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008)" sosial-iqtisadi inkişafı daha da sürətləndirmək, regionların tarazlı inkişafına nail olmaq, sahibkarlıq mühitini genişləndirmək, əhalinin faydalı məşğulluğunu təmin etmək kimi mühüm məsələlərə yönəlmişdir.
Ölkə başçısı regionların üstün inkişaf prioritetlərini müəyyən edərək Dövlət Proqramında konkret vəzifələr irəli sürmüşdür. Bu sənədin qəbul edilməsindən keçən dövr ərzində bölgələrdə yeni-yeni istehsal müəssisələri yaradıldı, informasiya texnologiyaları tətbiq olundu, müasir xidmət obyektləri inşa edildi. Regionların təbii resurslarından və bölgələrdə cəmləşmiş əmək ehtiyatlarından səmərəli istifadə edilməsi nəticəsində sahibkarlıq fəaliyyəti genişləndi, yeni iş yerləri açıldı. Aqrar sektorun inkişafı, xidmət və digər infrastruktur obyektlərinin əhalinin istifadəsinə verilməsi mühüm nəticələrlə diqqəti cəlb etdi.
Ölkənin bütün regionlarında gedən sosial-iqtisadi inkişafı Masallı rayonunun da timsalında görmək mümkündür. 2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Masallı rayonunun inkişafında mühüm rol oynamışdır. Ötən il rayonda 7 min 200 yeni iş yeri yaradılmışdır. 2008-ci ildə rayonda ümumi daxili məhsulun həcmi 11 faiz artmışdır. Əsas kapitala yönəldilən investisiyalar təxminən 2 dəfə artmışdır. Rayonda infrastrukturun, təhsil, idman və səhiyyənin inkişafına da xüsusi diqqət göstərilir. Son 5 ildə rayondakı 86 məktəbdən 76-da əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Bunların bir çoxu Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilmişdir. Regionların 2009-2013-cü illər üçün rayonun sosial-iqtisadi inkişafı ilə bağlı yeni tədbirlər planı hazırlanıb və görüləcək işlər proqnozlaşdırılıb. Dövlət Proqramının əsas məqsədlərindən biri də işsizliyin və yoxsulluğun azaldılmasıdır.
Paytaxtdan 235 kilometr uzaqda yerləşən Masallı rayonu böyük iqtisadi potensiala malikdir. Möhtərəm Prezidentimiz İlham Əliyev Olimpiya İdman Kompleksinin təntənəli açılış mərasimində demişdir: "Hər bir bölgənin problemi diqqət mərkəzindədir, o cümlədən, Masallıda da inkişaf üçün lazımi tədbirlər görülür. Ümid edirəm ki, Masallıda gedən quruculuq-abadlıq işlərinin nəticələri yaxın zamanlarda özünü göstərəcəkdir. Rayonun çox böyük potensialı var və ümidvaram ki, bu potensialdan tam istifadə edəcəyik".
Ötən il qazanılmış nailiyyətlər, əldə olunmuş yüksək nəticələr ölkə Prezidentinin tapşırıq, göstəriş və tövsiyələrinin uğurla icra olunduğunu təsdiq edir. 2007-ci ildə rayon üzrə ümumi daxili məhsul istehsalı və göstərilən xidmətlərin həcmi əvvəlki illə müqayisədə 30,6 faiz artaraq 233,2 milyon manata çatmışdır. Sənaye məhsulunun həcmi 33,8 faiz yüksəlmiş və 22 milyon manat olmuşdur. Əhaliyə göstərilən pullu xidmətlər 32,1 faiz, adambaşına düşən pul gəliri 20 faiz, orta aylıq əmək haqqı 41,4 faiz artmışdır. 2009-cu ilin 5 ayı ərzində rayonda 1009 yeni iş yeri açılmış, bunun 600-i daimi, qalanı isə qalanı mövsümi iş yerləri olmuşdur. Son 4 ildə Masallıda 11604 iş yeri yaradılmışdır ki, bunun da 5080-i daimi iş yerləridir. Aqrar sahə rayonun iqtisadiyyatında aparıcı rol oynayır. "Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 23 yanvar 2007-ci il tarixli sərəncamı bol və keyfiyyətli məhsul istehsal etməyə stimul yaratmışdır. İl ərzində kənd təsərrüfatı məhsulları istehsal edən 5112 nəfər mülkiyyətçiyə büdcə vəsaiti hesabına 246 min manat yardım verilmişdir. Cari ildə 1 buğda yetişdirən sahibkarlara 5 plastik kartlarla 157 min manat vəsait ödənilmişdir. Aqrar sahədə çalışanlara kömək məqsədilə 2 "Aqrotexservis" xidməti yaradılmışdır. Məhsul istehsalçıları kənd təsərrüfatı texnikası və güzəştli qiymətlərlə mineral gübrə ilə təmin edilirlər. Göstərilən qayğının nəticəsidir ki, keçən il rayonda 20,2 min ton taxıl və dənli- paxlalı bitkilər, 67,4 min ton tərəvəz, 17,6 min ton kartof, 12,1 min ton bostan məhsulları, 4,5 min ton ət, 44 min ton süd və digər heyvandarlıq məhsulları istehsal olunmuşdur. Fermerlər Bakı şəhərində keçirilən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarına 200 tondan çox məhsul göndərmişlər. Rayonun sosial-iqtisadi inkişafında sahibkarların rolu getdikcə artır. Keçən il daxili məhsulun 90 faizdən çoxunu qeyri-dövlət sektoru istehsal etmişdir. İqtisadiyyatın müxtəlif sahələrində 31186 torpaq payçısı, 4500 fiziki və 930 hüquqi şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, sağlam rəqabət mühitinin formalaşdırılması rayon rəhbərliyinin daim diqqət mərkəzindədir. Dövlət Proqramında nəzərdə tutulmuş vəzifələrin həyata keçirilməsinə yüksək diqqət və qayğı göstərilir. Şəhər, qəsəbə və kəndlərdə yeni məktəblər, səhiyyə ocaqları, çoxlu sosial yönümlü obyektlər tikilir, yollar təmir olunur, körpülər salınır, park və xiyabanlar abadlaşdırılır. Şəhərdə ümummilli lider Heydər Əliyev adına xatirə parkı və ulu öndərin xatirə muzeyi müasir üslubda, zövqlə tikilmiş, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan park inşa edilmişdir.
Ümumiyyətlə, onu da vurğulamaq istərdim ki, bu gün Masallı inkişafdan tərəqqiyyə doğru addımlamaqdadır.
Nurəddin Məlikov, Masallı rayon təhsil şöbəsinin müdiri:
- Ümummilli liderimiz Heydər Əliyev demişdir:"Təhsil millətimizin, dövlətimizin gələcəyi üçün ən vacib bir sahədir". XX əsrin ikinci yarısında ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyəti Azərbaycan xalqının tarixi üçün belə bir örnək olmuşdur. Tariximizin bütöv bir dövrü 1969-cu ildən respublikamıza rəhbərlik etmiş Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müəllimlik peşəsini "ən şərəfli peşə" adlandıraraq - "həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda, qəhrəmanlıq göstərən insanlardır" - deyən, ömrü boyu müəllim adına böyük hörmət və ehtiramla yanaşan ulu öndərimiz Azərbaycan müəllimlərinin 1998-ci ilin sentyabrında keçirilmiş XI qurultayındakı nitqində demişdir: "Mən indəyə qədər heç bir sinifdə müəllimlik etməmişəm. Ancaq bununla bərabər bütün həyatım boyu məktəb, təhsil sistemi ilə bağlı olmuşam, ...1969-cu ildə respublikanın rəhbəri seçiləndən sonra Azərbaycanda məktəbin, təhsilin inkişaf etdirilməsini öz fəaliyyətimin əsas hissəsi hesab etmişəm, bununla ciddi məşğul olmuşam".
Ümummilli liderimizin respublikaya rəhbərlik etdiyi dövrdə ali təhsil müəssisələrində yeni-yeni kafedralar, tədqiqat laboratoriyaları, fakültə və ən zəruri ixtisaslar üzrə kadr hazırlığı bazası yaradılmışdı. 1969-cu ildə respublikamızda 12 ali məktəb və bu təhsil müəssisələrində 105 fakültə, 450 kafedra fəaliyyət göstərirdisə, 1982-ci ildə bu göstəricilər müvafiq olaraq 17 ali məktəb, 136 fakültə və 530 kafedraya çatmışdı. Göründüyü kimi, bu illər ərzində respublikamızda beş yeni ali məktəb açılmış, ali təhsil alanların sayı 70 min nəfərdən 100 minə çatmışdı.
Ulu öndərimiz Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində təhsil siyasəti də inamla davam etdirilməkdədir. Ölkəmizdə 2003-cü ildə 191, 2004-də 153, 2005-ci ildə 337, 2006-cı ildə 197, 2007-ci ildə 200, 2008-ci ildə 161 yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Bununla yanaşı hər il onlarla köhnə məktəb binası əsaslı təmir edilmiş, mövcud məktəblər üçün yeni tədris korpusları tikilmiş, bütün bu yeni təhsil ocaqları ən müasir mebel və tədris avadanlıqları ilə təchiz edilmişdir. 2008-2012-ci illərdə ölkəmizdə daha 450 yeni məktəb binasının tikilib istifadəyə verilməsi nəzərdə tutulur. Son illər istifadəyə verilmiş yeni məktəb binalarından 226-sı Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmişdir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond ulu öndərin irsini və ideyalarını təbliğ etməklə yanaşı, ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində də böyük işlər görür. Fondun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində məktəb tikintisi ilə yanaşı, məktəblərin müasir avadanlıq və informasiya - kommunikasiya vasitələri ilə təmin edilməsi, xüsusilə, internat məktəblərinə və uşaq evlərinə qayğı göstərilməsi sahəsində görülən işləri respublika ictimaiyyəti çox böyük rəğbətlə qarşılayır. Son beş ildə ölkəmizdə təhsil işçilərinin nominal orta aylıq əmək haqqı 2003-cü ildəki 42,3 manatdan 2008-ci ildə 220 manata qədər yüksəlmişdir. Təhsilin maliyyələşdirilməsinə və investisiya qoyuluşuna ayrılan məbləğ 5,8-dən 220-yə qədər artmış, tələbələrin təqaüdü 10, aspirantların təqaüdü isə 4,5 dəfə artırılmışdır.
Masallı rayonunda da təhsilin inkişafına xüsusi qayğı göstərilir. 1980-2000-ci illərdə Masallıda cəmi 8 məktəb tikilmişdirsə, son 3 ildə 10 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.
Bu gün Azərbaycanımızın, o cümlədən, Masallının çiçəklənən, abad, yaraşıqlı bir diyara çevrilməsi üçün hamılıqla bütün qüvvələrimizi səfərbər edirik.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...