PDF Oxu

İqtisadiyyat

  • 16

Uğurlu enerji siyasəti

Uğurlu enerji siyasəti

Son vaxtlar dünyada enerji mənbələri uğrunda mübarizə daha kəskin xarakter alıb. Neftlə yanaşı mavi yanacağın da dünya energetika sistemində rolunun artması, eyni zamanda, getdikcə bu enerji mənbələrinə tələbatın daha da artacağı haqda proqnozlar, dünya ölkələrini indidən tədbirlər görməyə vadar edir. Azərbaycan artıq dünya energetika sistemində əsas oyunçulardan birinə çevrilib və Xəzərin karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə öz mövqeyini xeyli gücləndirib. Dünyada təbii qaza olan tələbatın getdikcə artması səbəbindən Azərbaycan və Orta Asiyanın enerji resurslarının Avropaya daşınması məsələsi aktuallaşıb.

Əsası Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində hazırda ölkəmiz dünyada əsas enerji mənbələrinə sahib olan və enerji tranziti üçün ideal coğrafi şəraitə mailk olan dövlətə çevrilib.
Son illərdə Azərbaycan nefti və qazının Avropa bazarlarına ixracı idxalçı ölkələrin diqqətini bu regiona yönəldib. Uzun illərdir üzərində iş gedən "Nabucco" layihəsinin həyata keçirilməsi artıq daha çox aktuallaşıb. Xüsusilə, Rusiyanın Azərbaycandan yarım milyard kubmetr qaz alması ilə bağlı müqavilə Avropanı tərpənməyə vadar edib.
V.Ruttenstorfer Azərbaycan və İraqın ildə "Nabucco" kəməri ilə 7-8 milyard kub/metr qaz nəql edəcəyinə ümidvar olduğunu deyib. İrana gəldikdə, OMV rəhbəri bu ölkədə vəziyyət sabit olmadığından İranın bu layihədə iştirakının inandırıcı olmadığını bildirib: "İranda vəziyyət stabil deyil. Mən, hələlik, tunelin sonunda işıq görmürəm".
"Nabucco" layihəsi ilə bağlı hökumətlərarası saziş iyulun 13-də Ankarada imzalandı. Sazişi Türkiyə, Avstriya, Bolqarıstan, Macarıstan və Rumıniya imzalayıblar. Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan "Nabucco" kəmərinin inşası məqsədilə yaradılan "Nabucco Gas Pipeline İnternational GmbH." konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), "Transgaz" (Rumıniya), "Bulgargaz" (Bolqarıstan), "BOTAŞ" (Türkiyə) və RWE (Almaniya) şirkətləri qoşulub. Hər bir tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir.
Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən maliyyələşdiriləcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 mlrd. avrodan 7,9 mlrd. avroyadək (12,3 mlrd. ABŞ dolları) artırılıb. Qeyd edək ki, İran, Misir və İraq da "Nabucco"ya qoşulmaq istəyir. Hətta Misir və İraqın "Nabucco" kəmərini ildə 7 mlrd. kubmetr təbii qazla təmin etməsinə dair razılıq əldə olunub.
ARDNŞ-in proqnozlarına görə, Azərbaycanda 2015-ci ilədək aparılacaq kəşfiyyat işləri qaz ehtiyatlarının daha 1,440 trln. kubmetr və ya 72% artacağını proqnozlaşdırmağa imkan yaradır. Hazırda isə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2 trln. kubmetr təşkil edir.
Xəzər regionu ölkələri, o cümlədən, Azərbaycan, gələcəkdə isə Türkmənistan və Qazaxıstandan, hətta İran və Misirdən təbii qazın Avropa bazarlarına nəql edilməsi üçün nəzərdə tutulan bu boru xətti vasitəsilə ilkin mərhələdə ildə 250 milyon kubmetr qazın nəqli nəzərdə tutulub. Lakin sonrakı 15 il ərzində bu göstəricinin 11,5 mlrd. kubmetrə çatdırılması planlaşdırılır.
Artıq 2012-ci ilin sonunadək isə Adriatik dənizinin dibilə daha bir kəmərin inşası planlaşdırılır və bu xətt Yunanıstanla İtaliyanı birləşdirəcək. Nəticədə, Xəzər regionunda hasil olunan təbii qazın Mərkəzi Avropaya çatdırılması imkanı yaranacaq. Beləliklə, Avropanın qaz bazarı Azərbaycan və Orta Asiya üçün geniş perspektivlər vəd edir. Bakının qaz siyasətinin də əsas konturları buna yönəlib. Azərbaycan öz qazını təktərəfli istiqamətdə yox, çoxtərəfli istiqamətdə ixrac etməkdə maraqlıdır.
Azərbaycan öz qazını mövcud kəmərlərlə birbaşa dünya qiymətlərinə Avropa ölkələrinə satmaqla daha çox gəlir əldə edə bilər. Bazara rəqabət qabiliyyətli "mavi yanacaq"la çıxan ölkəmiz qazın İtaliyaya satışını da təşkil edəcək. Uzunluğu 690 km-dən artıq olan Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinin son ötürücülük gücü gələcəkdə kompressor stansiyalarının əlavə olunması ilə ildə 20 milyard kubmetr olacaq. Gələcəkdə onun gücü iki dəfə artırıla bilər.
Prezident İlham Əliyev Azərbaycanın qaz ehtiyatlarının neft ehtiyatlarından daha çox olduğunu bildirib. Dövlət başçısı çıxışlarında qeyd edir ki, Azərbaycan daha çox perspektiv yataqlara malikdir və ölkəmiz dünyaya uzun müddət və böyük həcmdə enerji ehtiyatları ixrac etmək qüdrətindədir.

Digər xəbərlər