Qlobal böhran şəraitində uğurlu iqtisadi siyasət modeli
Azərbaycan müstəqillik qazandıqdan sonra qarşılaşdığı ən böyük problemlərdən biri də işsizlik problemi idi. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkə əhalisi kütləvi işsizlik girdabında qalmışdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar bu problemin həlli üçün baza yaratdı. 2003-cü ildən sonra isə, bu problemin birdəfəlik həlli üçün genişmiqyaslı proqramlar hazırlandı və bu istiqamətdə ciddi addımlar atıldı.
"Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı"nı qəbul etməklə əhalinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun azadılmasını günün aktual prinsipi hesab edən dövlət başçısı İlham Əliyev hər zaman bildirir: "Biz elə etməliyik ki, Azərbaycanın iqtisadiyyatı daha çox qeyri-neft sahəsindən asılı olsun. Ona görə növbəti illərdə qeyri-neft sektorunun inkişafına diqqət göstərilməlidir və Azərbaycanda çox güclü sahibkarlar sinfi yaranmalıdır."
Azərbaycan zəngin təbii sərvətlərə, böyük potensiala malik bir ölkə olduğundan əhalisinin məşğulluq problemi ilə üzləşməsi, əslində, qanunauyğun deyil. Bu problemi həll etmək mümkündür. Bir şərtlə ki, bu ölkənin başında zəngin biliyə və geniş təcrübəyə malik bir şəxs dayansın.
Azərbaycanın bu cəhətdən bəxti gətirib. Məhz hazırkı dövlət başçısı İlham Əliyevin rəhbərliyi dövründə- son 5 ildə bu problem öz həllini tapıb. Bu müddətdə 750 mindən artıq yeni iş yeri açılıb ki, bunun da 550 mini daimidir.
Prezident İlham Əliyevin bildirdiyi kimi, tələbata uyğun artan istehsalın həcminin yüksəldilməsində məqsəd odur ki, Azərbaycanın idxaldan asılılığı maksimum dərəcədə azaldılsın, gündəlik tələbat malları ölkəmizdə istehsal olunsun.
Məşğulluq strategiyasının və regionların sosial-iqtisadi inkişafının tətbiqi hazırda özəl sektorun inkişafına öz müsbət təsirini göstərərək iqtisadi xidmətini xeyli artırmışdır. ÜDM-də payı artaraq 84 faizə çatan özəl bölmənin inkişafı üçün müəyyənləşdirilən tədbirlər öz bəhrəsini verir.
"Azərbaycan Respublikasında Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı"nı (2007-2010-cu illər) qəbul etməklə işsizliyin və yoxsulluq səviyyəsinin minimum həddə çatdırılmasını qarşıya məqsəd qoyan dövlət başçısı, ilk növbədə, qeyri- neft sektoruna diqqətin artırılmasını tələb edir.
Azərbaycanın təsdiqlənmiş hidrokarbon neft istehsalı proqnozlarına və neft istehsalı planlarına əsasən neft istehsalı 2011-ci ildə ən yüksək həddinə çatacaq.
Hazırda neftdən əldə olunan gəlirlər qeyri-neft sektoruna yönəldilir. Aydındır ki, iqtisadiyyatın bütün sahələrinə yol açan qeyri-neft sektoru dedikdə, təkcə kənd təsərrüfatı və emal müəssisələri nəzərdə tutulmur. Mövcud ictimai- siyasi sabitlik şəraitində davam etdirilən inkişaf tempi digər sahələrdə də müşahidə olunur.
Biznes mühitinin yaxşılaşdırılması istiqamətində islahatlar davam etdirilir, qarşıya yeni tələblər qoyulur. Özəl sektorda mövcud imkanlardan daha səmərəli, dolğun istifadəyə yönəldilmiş əlavə tədbirlərin tətbiqi bu baxımdan vacibdir.
2009-2013-cü illərdə görüləcək işlərin daha mükəmməl və genişmiqyaslı olacağını dəfələrlə qeyd edən dövlət başçısının əsas məqsədi budur ki, insanların sosial həyat şəraiti daha da yaxşılaşdırılsın, iqtisadi kapital insan kapitalı ilə əvəz olunsun, iqtisadiyyatın neft amilindən asılılığı minimuma endirilsin. Səmərəli məşğulluğun və əmək məhsuldarlığının artımına nail olmaq üçün müvafiq tədbirlərin həyata keçirilməsi, bu baxımdan vacibdir.
Makroiqtisadi siyasətin və sahibkarlığın inkişafına yönəldilmiş əhəmiyyətli tədbirlərin artırılması işsizlərin sosial müdafiəsinin gücləndirilməsini təmin edir. Qarşıdakı illər üçün nəzərdə tutulan məşğulluq strategiyasının həyata keçirilməsi ilə yoxsulluğun səviyyəsi daha kiçik rəqəmlərlə ifadə olunacaq.
Bütün bölgələrdə əmək yarmarkalarının keçirilməsində də məqsəd işsizlərin sayının azaldılmasıdır. Geniş imkanlar yaradan məşğulluq siyasətinin tətbiqi ilə Azərbaycanda bir nəfər də olsun işsiz, yoxsul qalmayacaq. İnamla demək olar ki, 2009-2013-cü illər üçün nəzərdə tutulan Dövlət Proqramı qarşıya qoyulan məqsədlərin tam həllinə zəmin yaradacaq. Prezident İlham Əiyevin dediyi kimi, yaxın illərdə Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək.