Azərbaycanın ənənəvi olaraq Rusiya ilə iqtisadi və siyasi maraqları olub
Rusiya Federasiyasının Prezidenti Dimitri Medvedev iyunun 29-da Azərbaycanda işgüzar səfərdə olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyevlə Rusiya prezidentinin görüşündə hər iki dövlət üçün əhəmiyyət daşıyan siyasi və iqtisad məsələlər müzakirə olunub. Bir sıra dövlət əhəmiyyətli sənədlər imzalanıb.
Hər iki ölkə prezidentlərinin görüşlərinə münasibət bildirən politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycanın ənənəvi olaraq Rusiya ilə iqtisadi və siyasi maraqları olubdur. Bu maraqlar daha çox qarşılıqlı ticarət, iqtisadi maraqların müxtəlif formaları şəklində təzahür edib. Azərbaycan özü üçün lazım olan müxtəlif xarakterli məhsulların istər yüngül sənaye, istərsə də ağır sənaye məhsullarının bir çoxunu Rusiyadan idxal edib. Yalnız müstəqillik dövründə Azərbaycanın siyasi və iqtisadi əlaqələri olduqca geniş xarakter alıb. Xüsusilə, qonşu Türkiyə, İranla, eyni zamanda, bir sıra dövlətlərlə iqtisadi əlaqələri inkişaf edib. Bütün bunlarda Azərbaycanın daha geniş bazarlara üz tutmasına və oradan daha modern müasir texnoloji məhsullar almasına imkanlar açıb. Bununla yanaşı, Rusiya hər zaman Azərbaycan üçün nəhəng bazar olaraq, öz aktuallığını qoruyub saxlayır. Çünki Azərbaycan oradan bir sıra məhsullar, xüsusilə, tikinti materialları, müxtəlif maşın və texnikanı Rusiyadan idxal edir. Azərbaycanda istehsal olunan müxtəlif məhsullar Rusiyanın ayrı-ayrı maşınqayırma zavodlarına, elektron sənayesi sektoruna və digər tələb olunan sahələrə göndərilirdi. Yəni, Azərbaycan yaradılan kopelasiya sisteminin ən fəal üzvlərindən biri idi. Sovet hakimiyyəti süquta uğradıqdan sonra bu əlaqələr, demək olar ki, son dərəcə zəiflədi. Yalnız neft məhsulları sahəsində olan Azərbaycan məhsulları Rusiya bazarlarına çıxarılıb.
Rusiya Azərbaycandan neft maşınqayırması sahəsində müxtəlif məhsulları əvvəlki miqyasda olmasa da kiçik miqyasda almaqda davam edir. Son dövrlərdə isə Rusiya neft və qaz sahəsində Azərbaycanla əlaqələri inkişaf etdirmək marağındadır. Əvvəllər Azərbaycan nefti ya Rusiya tərəfindən alınırdı, ya bu ölkə üzərindən Bakı-Novorossiysk neft kəməri vasitəsilə xaricə ixrac edilirdi. Bundan başqa Rusiyanın respublikamızın kənd təsərrüfatı məhsullarına, xüsusilə, meyvə-tərəvəz məhsullarına marağı artıb. Əvvəllər bu məhsullar ayrı-ayrı şəxslər tərəfindən Rusiyaya aparılıb bazarlarda satılırdı.
Azərbaycan və Rusiya Prezidentlərinin növbəti görüşünün ölkəmiz üçün müsbət çox şey vəd etdiyini deyən politoloq Qabil Hüseynli, bildirdi ki, kommersiya baxımından Azərbaycan üçün müəyyən əlverişli məqamlar var. Rusiya Azərbaycan qazı üçün rəsmi olaraq qiymət təklif etməsə də, bunun yüksək məbləğ olacağı gözlənilir. Qazın nəqli üçün isə əlavə xərcə ehtiyac qalmır. Çünki sovetlər dövründə qalmış Hacıqabul-Mazdok qaz kəməri ilə Azərbaycan qazını Rusiyanın təbii qaz sisteminə qoşmaq mümkündür. Yəni, hazır borular vasitəsilə qaz nəql etmək mümkündür. Bu mənada Azərbaycan təbii qazının Rusiyaya satılmasından, sözsüz ki, kommersiya mənfəəti əldə edilə bilər.
Azərbaycan üçün isə əsas məsələ bu məsələlərin siyasi tərəfidir. Çünki Medvedev birinci dəfə Bakıya gələrkən Dağlıq Qarabağ probleminin həllində Azərbaycana kömək vəd etmişdi. Bu kömək konkret olaraq Bakı bəyannaməsinin 4-cü maddəsində belə ifadə olunurdu ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənməsi üçün Azərbaycana gərəkli siyasi dəstək verəcək. Rusiya prezidenti budəfəki səfəri zamanı çıxışında bu məsələlərə yenə də tam aydınlıq gətirmədi. Problemin həllini iki dövlətin özündən asılı olduğunu bildirdi. Amma bu faktdır ki, Ermənistana Rusiyanın təsiri olduqca böyükdür.
Bu problemin həllinin uzadılmasında da Rusiyanın siyasi iradəsi əhəmiyyətli rol oynayır. Yəni, Rusiya istəsə bu prosesə təkan verə bilər. Azərbaycan təbii qazının alınmasında da belə bir vəd verib. Azərbaycan da bu sövdələşməyə gedib. Hazırda isə Dağlıq Qarabağ ətrafı işğal olunmuş 5 rayonun azad edilməsi məsələsi gündəmdədir. Azərbaycan təbii qaz məsələsində Rusiyaya güzəşt edib, qarşılığında isə Dağlıq Qarabağ məsələsində Rusiya Azərbaycana jest edəcəkmi, bunu zaman göstərəcək. Azərbaycan təkcə kommersiya maraqları üçün qazı Rusiyaya vermir. Burada əsas siyasi maraqlar güdülür. Bu məsələlərdə Azərbaycanın siyasi maraqları təmin edilməzsə kommersiya maraqları elə bir əhəmiyyət kəsb etməz.
İsrail prezidenti Şimon Peresin Azərbaycana səfərinə toxunan Q.Hüseynli qeyd etdi ki, bi səfər də olduqca əhəmiyyətli səfərdir. Bu səfərdə də neft və qaz problemi var. Yəni, Azərbaycan təbii qazının, neftinin İsrailə ixracı məsələsi həll edilib. Bakı-Tibilisi-Ərzurum qaz kəmərindən bir qol ayrılaraq İsrailə çəkilməsi planlaşdırılır. Digər tərəfdən Bakı-Tibilisi-Ceyhan neft kəmərindən nəql edilən neftin müəyyən hissəsinin tankerlər vasitəsilə İsrailə göndərilməsi məsələsi də öz həllini tapıb.