Son illərdə dünyanın ən çox inkişafda olan ölkələrindən biri də Azərbaycandır. Ölkəmiz iqtisadi inkişaf tempinə görə dünyada liderdir. Azərbaycan iqtisadiyyatının dinamik inkişafında və əhalinin sosial şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasında 2004-cü il fevralın 11-də qəbul edilən "Azərbaycan Respublikası Regionlarının Sosial-İqtisadi İnkişafına dair Dövlət Proqramı" müstəsna əhəmiyyət kəsb edib.
Hökumətin sosial siyasətinin ən başlıca istiqamətlərindən olan yoxsulluğun azaldılması da bilavasitə regionların sosial-iqtisadi inkişafı üzrə proqramının icrası ilə bağlıdır.
Yoxsulluq 49 faizdən 13 faizə düşüb. Ölkə başçısının da bəyan etdiyi kimi "yoxsulluğun kəskin şəkildə azalması onu göstərir ki, Azərbaycanın təbii sərvətləri, bütün iqtisadi potensialı və dövlətin siyasəti məhz ən çətin vəziyyətdə yaşayan insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldilibdir".
İqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib ki, iqtisadiyyatımızın inkişafında neft amili mühüm rol oynasa da, Azərbaycan gələcəyini neftdən əldə olunan vəsaitlərin qeyri-neft sektorunun dirçəldilməsinə yönəldilməsində görür.
Başqa sözlə, neft Azərbaycan üçün məqsəd deyil, davamlı iqtisadi tərəqqinin təmin edilməsi, xalqın rifahının yaxşılaşdırılması, iqtisadiyyatın digər sahələrinin, xüsusilə də, sosial sahənin inkişafı üçün vasitədir.
Qeyd edək ki, son illərdə Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılması və sahibkarlığın inkişaf etdirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib.
Fiziki şəxslərin gəlirlərindən tutulan vergilərin dərəcələrinin maksimum həddinin 35 faizə, mənfəət vergisinin dərəcəsinin və sosial sığorta ayırmalarının 22 faiz səviyyəsinə endirilməsi, vergilərin ümumi sayının 9-dək azaldılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azad edilməsi, sahibkarlığın infrastruktur təminatının yaxşılaşdırılması, özəl bölməyə dövlət maliyyə dəstəyinin gücləndirilməsi və s. bu sahənin inkişafına geniş imkanlar yaradıb.
İqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, əvvəlki Dövlət Proqramına əsasən, 2004-2008-ci illər ərzində 6.991 sahibkarlıq subyektinə 323,4 milyon manat kredit verilib. Bundan başqa, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, bir sıra dövlət proqramlarının qəbul edilməsi də ölkədə sahibkarlığın inkişafında əhəmiyyətli rol oynayıb.
Azərbaycanda sahibkarlığın inkişafı və biznes mühitinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan və biznes mühitinin əlverişliliyi üzrə qiymətləndirməni özündə əks etdirən nüfuzlu "Doing Business-2009" hesabatında Azərbaycan biznes mühitinin təkmilləşdirilməsi sahəsində dünyada ən islahatçı ölkə elan edilib.
Prezident İlham Əliyev sahibkarlığa, özəl sektorun inkişafına diqqətin daha da artırılacağını əmin edərək ölkəmizin iş adamlarının dünya bazarına çıxmaq üçün rəqabət qabiliyyətli məhsul istehsal etmək iqtidarında olduğunu söyləyir: "Azəbaycanda istehsal edilən mallar artıq yüksək keyfiyyətə malikdir, ixrac olunur, o cümlədən, Avropa Birliyi bazarına ixrac edilir. Həm ölkə tələbatını ödəyir, həm də Azərbaycanda çox güclü ixrac potensialı yaranır ki, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün çox mühüm əhəmiyyət daşıyır".
Bununla yanaşı, dövlət başçısı sahibkarlara dövlətin dəstəyinin daha da gücləndirilməsini vacib sayır: "Sahibkarlıqla məşğul olmaq üçün ilkin kapital olmalıdır. Əgər ilkin kapital yoxdursa, sahibkarlıqla məşğul olmaq mümkün deyildir. Ona görə dövlət bu funksiyanı öz üzərinə götürür. İlk növbədə, sahibkarlara siyasi dəstək verilməlidir". Bu, onu göstərir ki, Prezident sahibkarların maliyyə təminatı üçün imkanları ilbəil artırmağa qərar verib.
Hökumətin əsas siyasəti qarşıdakı illərdə sosial və iqtisadi sahələrdə müxtəlif proqramların həyata keçirilməsinə yönəlib. İndiyədək əldə olunmuş uğurlar bu inkişaf tempinin qorunması üçün qarşıya yeni vəzifələr qoyur.
"Biz iqtisadi siyasətin aparılması ilə ölkəmizdə çox böyük və güclü iqtisadi zəmin yaradırıq. Azərbaycan çətin, böhranlı illərini arxada qoyub. Biz bundan sonra yalnız və yalnız inkişaf edəcəyik. Bu inkişafı hərtərəfli və çoxşaxəli etmək üçün mütləq və mütləq regionların sosial-iqtisadi inkişaf proqramı davam etdirilməlidir. Elə etməliyik ki, Azərbaycan xalqını narahat edən bütün məsələlər 2009-2013-cü illərdə öz həllini tapsın".
İşğaldan azad edilən bölgələrdə sosial-iqtisadi inkişafla bağlı xüsusi proqram hazırlanıb həyata keçiriləcək
Azərbaycanın bütün yaşayış məntəqələrinin qazlaşdırılması 2013-cü ilə kimi başa çatdırılacaq. Eləcə də əhalinin içməli su təminatı, suvarma sistemlərinin yaradılması, elektrik enerjisinin fasiləsiz verilməsi, yeni elektrik stansiyalarının tikilməsi, yolların təmiri, məktəb və xəstəxanaların əsaslı şəkildə təmir olunması bu sənədin əsas tərkib hissələrindən hesab olunur.
Bundan əlavə, 2013-cü ilədək vətəndaşların sosial xidmətlərdən əhatəli şəkildə istifadə etməsi üçün yeni səhiyyə müəssisələrinin, stasionar və diaqnostika mərkəzlərinin inşası, rabitə müəssisələrinin modernləşdirilməsi, məktəblərin ən yeni avadanlıqlarla təmin edilməsi, onların istilik təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu, onu deməyə əsas verir ki, qarşıdakı 5 ildə ən kiçik yaşayış məntəqələri də sosial və kommunal xidmət növləri ilə təmin ediləcək.
Prezident İlham Əliyev 2009-2013-cü illər ərzində proqramın əsas sahələrindən biri kimi sahibkarların maliyyə təminatının yaxşılaşdırılmasının, yeni müəssisələrin yaradılması üçün hökumətin güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsinin diqqət mərkəzində dayandığını qeyd edir. Belə ki, sahibkarlar üçün güzəştli vergi rejiminin yaradılması, ƏDV-nin azadılması və digər tədbirlər həyata keçiriləcək.
Yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi üçün sahibkarlara uzunmüddətli kreditlərin verilməsi də bu tədbirlər sırasındadır. Yeni Dövlət Proqramını səciyyələndirən əsas xüsusiyyətlərdən biri işğal olunmuş rayonlarda layihələrin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsi, kommunal və infrastruktur şəbəkələrinin yaradılması nəzərdə tutulur.
Həmin rayonlar işğaldan azad edildikdən sonra burada sosial-iqtisadi inkişafla bağlı xüsusi proqram hazırlanıb həyata keçiriləcək. Həmin proqramların əsas mahiyyəti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, məktəb, səhiyyə, xəstəxana və digər sosial obyektlərin tikintisi, vətəndaşların yeni iş yerləri ilə təmin edilməsindən ibarətdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi hökumət vətəndaşların sosial rifahının yaxşılaşması üçün lazım olan bütün vasitələri təmin edəcək. Bir neçə il ərzində isə, ölkəmiz ən inkişaf etmiş ölkələrlə bir sırada dayanacaq.
Bir çox investisiyalar səmərəsiz olduğunu sübut edib…
2027-ci ildə kəskin azalma mümkündür...