Nabucco iqtisadi tərəflərilə yanaşı, siyasi maraqları ilə də diqqət çəkir
Azərbaycan və Qazaxıstan qazının Avropaya nəqlini həyata keçirəcək Nabucco layihəsini iqtisadi tərəflərilə yanaşı, siyasi maraqları ilə də diqqət çəkir. Qərb bu layihəni gerçəkləşdirməyə tələssə də Rusiya hər vəclə layihənin reallaşmasına mane olmağa çalışır. Bəs Azərbaycanın Nabucco layihəsinin gerçəkləşməsində siyasi və iqtisadi maraqları nələrdir. Bütün bunlarla bağlı suallarımıza politoloq Elşad Mirbəşroğlu aydınlıq gətirir.
Qərbin Qafqazda enerji layihələrinin həyata keçirilməsindən maraqlı tərəf olduğunu deyən politoloq E.Mirbəşiroğlu, qeyd etdi ki, bu enerji layihəsi iqtisadi tərəfi ilə yanaşı, əsasən, siyasi tərəfləri ilə də diqqəti çəkir. Bu layihələri həyata keçirmək, onlara nəzarət etmək regionda güclənmək məqsədi güdür. Eyni zamanda, Nabucconun siyasi tərəfi ondan ibarətdir ki, layihə Qərbi Avropanı Rusiyanın enerji asılılığından qurtarmasına xidmət edəcək. Ona görə də, Qərb istənilən vasitə ilə layihənin gerçəkləşməsinə çalışır. Yalnız bu layihənin gerçəkləşdirilməsində bəzi dəqiqləşdirilməmiş məqamlar var idi. Əsas məqam ondan ibarətdir ki, kifayət qədər maliyyə vəsaiti tələb edən layihənin həyata keçirilməsi üçün xammalın, enerji daşıyıcısının tapılması və bu kəmərin qazla doldurulması məsələsidir. İlkin nəzərdə tutulub ki, bu layihə təxminən 29-31 mlrd kub m qaz ötürmək gücünə malikdir. Hələlik isə Azərbaycan qazını da mütəxəssislər hesablayıblar və belə bir nəticəyə gəliblər ki, 5 mlrd kub m qaz əldə edə biləcəklər. Məhz bu amil də layihənin gerçəkləşməsini şübhə altına alacaq əsas məqamdır. Çünki o borular kifayət qədər həcmlidir. Borularda qazın hərəkəti üçün lazımi təyziq lazımdır. 5 mlrd kub m təbii qaz isə bunun üçün o qədər də səmərəli deyil. Burada, eyni zamanda, əsas məqsəd Rusiyanın enerji asılılığından, belə demək mümkündürsə, enerji şantajından qurtarmaq məqsədi güdülür. Rusiya ildə Avropaya 150 mlrd kub m qaz ixrac edir. Təbii ki, 150 mlrd 30 mlrd-la müqayisəolunmaz dərəcədə çoxdur. Bu da ondan xəbər verir ki, Qərb qismən Rusiyanın enerji asılılığından yaxa qurtarmaq istəyir, tam məqsədinə çata bilmir.
Rusiya nə qədər ki, Qərbə enerji satır, demək istənilən məqamda ona siyasi təsir də göstərə bilər. Eyni zamanda, sərbəst xarici siyasət yeridir, Qərb isə bunun qarşısında susur. Buna misal olaraq ötən ilin avqust ayında baş vermiş Rusiya-Gürcüstan hadisələrini yada salmaq kifayətdir. Rusiya bu hadisələr zamanı Gürcüstanın ərazisinə hərbi müdaxilə etdi və bütün bu hadisələr zamanı özünü çox sərbəst aparırdı. Qərb isə bu məsələlərlə bağlı bir sıra sanksiyalar nəzərdə tutsa da, heç birini tətbiq etməyə müyəssər olmadı, reallaşdıra bilmədi. Bu da, ondan irəli gəlir ki, Qərb enerji bazarı Rusiyadan çox asılıdır. Məsələnin əsas siyasi tərəfi budur. Qərb düşünür ki, gələcəkdə Rusiyadan enerji asılılığını tam və yaxud da qismən aradan qaldıra bilsə, Rusiya üçün nəzərdə tutulmuş siyasi təzyiq vasitələrinə əl ata bilər. Rusiya da bütün bunları nəzərə alaraq enerji layihəsinin gerçəkləşməsinə qarşı çıxır. Çünki bu enerji layihəsi reallaşsa Rusiya, ilk nəvbədə, özünün enerji bazarının bir hissəsini əldən verəcək və əvvəlki kimi Qərb üzərində siyasi təyziq vasitələrinə malik olmayacaq. Nabucco layihəsinin gerçəkləşməməsinin digər bir tərəfi də o idi ki, Türkiyə tranzit ölkə kimi müəyyən faiz istəyirdi. Sonradan bununla bağlı müəyyən razılaşma əldə olundu. Bir sözlə, Nabucco layihəsinin ləngiməsini şərtləndirən məqamların bir çoxu bunlardır.
Bu layihənin ölkəmizə siyasi və iqtisadi təsirindən danışan Elşad Mirbəşiroğlu dedi ki, layihə gerçəkləşərsə Azərbaycan qazı üçün yeni bazar yaranacaq. Bu iqtisadi cəhətdən Azərbaycan üçün olduqca sərfəlidir. Eyni zamanda, çox böyük siyasi tərəfləri də var. Birincisi, bu layihəni reallaşdıranlar, yəni istehlakçı tərəflər layihənin gerçəkləşməsində Azərbaycanın böyük rolunu görürlər. Azərbaycan da bundan özünün bəzi problemlərinin həlli məqsədilə istifadə də bilər. Bizim də ən böyük problemimiz erməni işğalının nəticələrinin aradan qaldırılmasıdır, yəni, ölkənin ərazi bütövlüyünü təmin etməkdir. Azərbaycan da bu layihədə aparıcı fiqur olmasından maksimum yararlanar, özünün siyasi maraqlarını ortaya qoya bilər və bu maraqların təmin olunmasını tələb edə bilər. Həmçinin, Rusiyaya qarşı da bu tələbləri irəli sürə bilər. Çünki bizim üçün əsas odur ki, istər Risuya, istərsə də Qərb istənilən vasitə ilə Ermənistana əsaslı təsir göstərsin və bizim ərazi bütövlüyümüz təmin olunsun, işğal olunmuş torpaqlarımız azad olunsun. Bu layihə reallaşandan sonra Qərb çalışacaq ki, Azərbaycan üçün nəsə müsbət istiqamətdə iş görsün.
Rusiya da, eyni zamanda, maraqlıdır ki, Azərbaycan qazı Nabuccoya yox, məhz Rusiyaya axsın. Rusiya məcburdur ki, Dağlıq Qarabağ probleminin həlli yolunda, xüsusilə də, Qarabağətrafı rayonların qaytarılması istiqamətində əməli addımlar atsın. Çünki bu dövlətlərin başqa yolu yoxdur. Biri digərini enerji asılılığında saxlayır, digəri isə bu asılılıqdan azad olmaq istəyir. Ona görə də, Azərbaycan bu günləri həlledici bir fiqura çevrilib.
Aprel ayında ölkə prezidenti İlham Əliyev Moskvada səfədə olarkən layihə ilə bağlı öz fikrini söylədi və bildirdi ki, Azərbaycan Nabucco layihəsində istehsalçı tərəflərdən biridir. Azərbaycan öz maraqlarından çıxış edərək addım atacaq. Prezident İlham Əliyev kifayət qədər peşəkarlığa malik olan bir diplomatdır. O, bu sözləri ilə bir çox məqamları nəzərdə tuturdu. Sözsüz ki, burada Azərbaycanın həm kommersiya maraqları, həm də ərazi bütövlüyü ilə bağlı Azərbaycanın haqlı tələbləri nəzərdə tutulur. Ermənistanın bu layihədə iştirakının mümkün olmayacağını bildirən E.Mirbəşiroğlu qeyd etdi ki, nə qədər ki, Azərbaycanın 20 faiz torpaqları işğal altındadır, Ermənistanın bu layihədə iştirakı tamamilə əsassızdır, qeyri-realdır. Ermənistan bu layihədə tranzit ölkə kimi iştirak edə bilərdi. İndiki məqamda isə bu, qeyri-mümkündür.