PDF Oxu

İqtisadiyyat

  • 14

İnformasiya cəmiyyəti quruculuğu ölkənin bütün sahələrini əhatə edən prosesdir

İnformasiya cəmiyyəti quruculuğu ölkənin bütün sahələrini əhatə edən prosesdir
Artıq Azərbaycan şirkətləri həm regionun İKT bazarında, həm də qlobal bazarda iştirak edir. Eyni zamanda, ölkəmizin coğrafi mövqeyi imkan yaradır ki, Azərbaycan region üçün istehsal və ixrac, informasiya resursları və tranziti mərkəzi kimi formalaşa bilsin. Qeyd etmək lazımdır ki, 2007-ci ildə Azərbaycanda İKT bazarının həcmi 900 milyon ABŞ dollarından artıq olmuş, 2008-ci ildə isə 990,5 milyon manat (1,2 milyard ABŞ dolları) təşkil etmişdir. Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun nazirliyin yaradılmasından 5 il ötdüyünü və ötən 5 il ərzində görülən işlər barədə geniş açıqlamasında bir çox məsələlərə aydınlıq gətirib.
Ə.Abbasov Azərbaycanda ulu öndərimiz Heydər Əliyevin uğurlu neft strategiyasının bəhrəsinin, bütün sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları sahəsində də özünü göstərdiyini bildirib: "Azərbaycanda qeyri-neft sektorunun inkişafı Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Ölkəmizdə qeyri-neft sektorunun inkişafına əsaslı sürətdə beş il öncə başlanılmış və bu inkişafın nəticəsi olaraq, son illər bu sahədə artım tempi təqribən 10-12 faiz olmaqla, ümumdünya iqtisadi artım tempini təqribən iki dəfə qabaqlayır. Prezident İlham Əliyev tərəfindən müstəqil Azərbaycan dövlətinin sürətli və davamlı inkişafı üçün irimiqyaslı işlər, dövlət proqramları və islahatlar həyata keçirilib.
Təsadüfi deyil ki, qloballaşan dünyanın ən müasir informasiya-kommunikasiya texnologiyalarının Azərbaycanda tətbiqi bu siyasi kursda prioritet məsələlərdəndir. Azərbaycanın İKT sahəsində regionun aparıcı ölkəsinə çevrilməsi üçün məqsədyönlü dövlət siyasəti həyata keçirilir. Son 5 ildə Azərbaycanda İKT və poçt sahəsində orta artım 32,1 faiz təşkil etmişdir. İKT Azərbaycanda enerji sənayesindən sonra ən dinamik inkişaf tempinə malik olan sahədir və qeyri-neft sektorunda tikinti sahəsindən sonra ikinci vergi ödəyicisidir.
Nazir 2003-2008-ci illər ərzində 987 846 nömrə tutumlu yeni ATS-lərin istifadəyə verildiyini və ümumiistifadəli sabit telefon şəbəkəsinin tutumunun 1505841 nömrəyə çatdırıldığını bildirib. Qeyd edib ki, respublika telefon şəbəkəsində elektron ATS-lərin xüsusi çəkisi 2009-cu ilin əvvəlində 83,1 faiz, o cümlədən, Bakı şəhərində 85,5 faiz, respublikanın digər bölgələrində isə 80,7 faiz təşkil etmişdir. Artıq respublikanın 23 şəhər və rayonunun, o cümlədən, bütövlükdə Naxçıvan Muxtar Respublikasının telefon şəbəkələri yenidən qurularaq tam elektronlaşdırılmışdır. 2003-2008-ci illər ərzində sabit şəbəkə telefonlarından istifadə edən abunəçilərin sayı 394 862 nəfər artaraq 1 318 662 nəfərə, mobil şəbəkə abunəçilərinin sayı 4 842 900 nəfər artaraq 5 900 000 nəfərə çatdırılmışdır. Hər 100 nəfər əhaliyə düşən mobil abunəçilərin sayı 68-ə yüksəlmişdir. Bu illər ərzində hər 100 ailəyə düşən sabit şəbəkə telefonlarının sayı 49,0 ədəddən 65,8 ədədə qədər artırılmışdır. Ölkə daxilində rabitənin keyfiyyətinin artırılması məqsədilə 2004-2008-ci illərdə 1243 km uzunluğunda fiber-optik kabel magistralları və xətləri tikilərək istifadəyə verilmiş, TAE fiber-optik kabel magistralının Azərbaycan seqmentlərinə birbaşa qoşulan telekommunikasiya qovşaqlarının sayı 33-dən 50-yə çatdırılmışdır.
Ə.Abbasov bildirib ki, 2009-2012-ci illəri əhatə edən növbəti Dövlət Proqramı da uğurla həyata keçiriləcək: "Məlum olduğu kimi, informasiya cəmiyyəti quruculuğu ölkənin bütün sahələrini əhatə edən bir prosesdir. Bu məqsədlə indiki proqramda müxtəlif sahələr üzrə İKT-nin tətbiqi, onların əhatə dairəsinin genişləndirilməsi ilə bağlı layihələrə üstünlük verilmişdir. Proqram müxtəlif qurumlardan alınmış təkliflər əsasında və əvvəlki mərhələnin nəticələri, cəmiyyətin tələbatı, dünya təcrübəsi, həmçinin, ölkəmizin sosial-iqtisadi inkişafı qiymətləndirilməklə formalaşdırılıb. Dövlət Proqramı sahələrarası xarakter daşıyır və ümumən cəmiyyətin inkişafına xidmət edir. Onu da qeyd edim ki, Regional İnnovasiya Zonası ölkəmizin İKT sektorunun inkişafına təkan verəcək amillərdən sayılır".

Digər xəbərlər