PDF Oxu

İqtisadiyyat

  • 14

İpoteka kreditlərinin əsas məqsədi:

İpoteka kreditlərinin əsas məqsədi:
Hazırkı qlobal maliyyə böhranı şəraitində Azərbaycanın tikinti bazarını canlandırmaq üçün ipoteka kreditlərinin verilməsi çox mühüm əhəmiyyətə malikdir. Azərbaycan İpoteka Fondu 18 iyun 2009-cu il tarixindən güzəştli ipoteka kreditlərinin verilməsini bərpa edib. Bu sistemin tətbiqi haqda müxtəlif rəylər və təkliflər var. Fond rəsmiləri kredit şərtlərinin çox güzəştli olduğunu bildirir, ekspertlər isə, daha da yüngülləşdirilməsini təklif edirlər. Fəxri Kazımov: "Güzəştli ipoteka kreditləri sosial xarakterlidir və çox əlverişlidir" Azərbaycan İpoteka Fondunun (AİF) icraçı direktoru Fəxri Kazımov SİA-ya bildirib ki, 2009-cu ilin büdcəsindən ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 14 milyon manatın ayrılması nəzərdə tutulub. Bu vəsaitin fond tərəfindən tam şəkildə güzəştli ipoteka kreditlərinin yenidən maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur. "Güzəştli kateqoriyaya aid olan vətəndaşlar bu kreditlərdən faydalanmaq üçün müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər. Güzəştli kreditlərlə bağlı şərtlər dəyişdirilmədən saxlanılıb" F.Kazımov bildirib. İcraçı direktor əlavə edib ki, ölkədə hazırda AİF-in xətti ilə təklif edilən ipoteka kreditləri üzrə şərtlər çox əlverişlidir: "Təkcə güzəştli deyil, hətta adi ipoteka kreditləri üzrə təklif olunan şərtlərin özü də məqbuldur və sosial xarakter daşıyır". Onun sözlərinə görə, MDB ölkələri arasında bu sahədə ən güzəştli şərtlər Azərbaycandadır. Belə ki, hazırda bizdə adi ipoteka kreditlərinin illik faiz dərəcəsi maksimum 8-dir. Bu rəqəm Rusiyada 12 faiz, Qazaxıstanda 13-14 faiz, Ukraynada isə 15-16 faizdir. Bu ölkələrdə güzəştli ipoteka kreditləri illik 10 faiz dairəsi ilə verilir. Buna baxmayaraq, Azərbaycanda ipoteka kreditlərinin alınması üçün müraciətlər, hələ ki, kütləvi hal almayıb. İpoteka kreditləri üçün müraciətlərin sayının az olduğunu Azərbaycan İpoteka Fondunun seçdiyi müvəkkil banklar da təsdiqləyir. Bank mütəxəssisləri bildirirlər ki, əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasının əsas səbəbi, iqtisadi böhranla əlaqədar əhalinin ipoteka kreditləşməsinə başlanacağına inanmamasıdır. Elə bu səbəbdən də dövlət vəsaiti hesabına kreditlə mənzil almaq istəyənlər lazımi sənədləri toplamaqda gecikirlər. Kreditləşməyə qədərki xərclər sırasında sığorta xidməti haqlarının məbləği yüksək olması da, prosesə mənfi təsir göstərir. Çünki borcalanın həm əmək qabiliyyəti, həm onun özünün həyatı, həm də aldığı mənzil sığortalanmalıdır. İpoteka kreditlərinin əsas şərtləri nədən ibarətdir? Qeyd edək ki, İpoteka Fondunun qaydalarına görə, müştərinin ipoteka krediti üçün ödədiyi aylıq məbləğ onun gəlirlərinin 70 faizindən artıq olmamalıdır. Yeni qaydalara görə, müştərinin imkanları qiymətləndiriləndə, onun gəlirlərindən ailə üzvlərinin saxlanması üçün tələb olunan məbləğ- adambaşına 84 manat və digər xərclər üçün 30 manat çıxılır. Bildirək ki, mövcud qaydalara görə, ipoteka kreditlərindən istifadə edən şəxslər təkcə kreditə görə faizlər yox, həm də kreditin alınması prosesində göstərilən xidmətlərə üçün əlavə pul ödəməlidir. Bu xərclərə əsasən, borcalanın özünün və onun almaq istədiyi mənzilin sığortalanması, ipoteka predmetinin qiymətləndirilməsi, qeydiyyat sənədlərinin alınması üçün nəzərdə tutulan xərclər daxildir. İlkin hesablamalara görə, təkcə ipoteka kreditinin rəsmiləşdirilməsi prosesinə, ümumilikdə, 110-160 manata yaxın pul tələb olunur. Notariusda alqı-satqı müqaviləsinin təsdiqlənməsi üçün Bakıda 110, digər şəhər və rayonlarda isə 44 manat rüsum ödənməlidir. İpoteka müqaviləsinin təsdiqi üçün ödənilən rüsumun məbləği isə kreditin məbləğindən asılıdır və 4 manat 40 qəpiklə- 27 manat 50 qəpik arasında dəyişir. Bundan başqa, notariusun depozit hesabından nağd pulu çıxarmaq üçün məbləğin 0,15 faizi qədər komisyon haqqı ödəmək lazımdır. Alınacaq əmlakın qiymətləndirilməsi üçün isə qiymətləndirmə şirkəti ilə razılaşmadan asılı olaraq, 10 manatdan 150 manatadək xidməthaqqı ödənməlidir. Sosial ipoteka 4 faizlə 30 il müddətinə verilir. Bu növ kreditlərin maksimal həddi 35 min manatdır. Güzəştlər əsasında sosial ipotekadan şəhid ailəsinin üzvləri (əri/arvadı, övladları), Milli Qəhrəmanlar (özü, əri/arvadı, övladları), məcburi köçkün və ya ona bərabər tutulan şəxslər, 3 ildən az olmayan müddətdə dövlət qulluqçusu işləyən şəxslər, elmlər namizədi və ya doktoru elmi dərəcəsi olan şəxslər, 3 ildən az olmayan müddətdə hərbi xidmətdə olmuş hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçularından başqa) istifadə etmək hüququ var. Güzəştli şərtlərlə kredit alanların yaşı 35-dən yuxarı olmamalıdır. Vüsal Qasımlı: "İpoteka kreditlərinin bərpası Azərbaycanda tikinti bazarının timsalında real sektora müsbət impuls verəcək" Məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüsal Qasımlı postsovet məkanında faiz dərəcəsi və müddəti nöqteyi-nəzərindən Azərbaycanda sosial ipoteka kreditlərinin əlverişli şərtlərlə verilməsini müsbət hal hesab edib. Eyni zamanda Vüsal Qasımlı ipoteka kreditləşməsinə əlçatarlığın artırılması, habelə, səmərəlilik və şəffaflığın gücləndirilməsi məqsədilə təkliflər paketilə çıxış edib. V.Qasımlının sözlərinə görə, sosial ipoteka proqramı üçün dövlət büdcəsindən ayrılacaq 14 ekspert təklif edir ki, həm büdcə, həm də digər mənbələr hesabına ipoteka kreditləri portfelini artırmağa ehtiyac var: "Bu baxımdan 29 may 2009-cu il tarixdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən İpoteka Fondunun təmin edilmiş istiqrazlarının 55 milyon manatlıq emissiyası əhəmiyyətlidir. İpoteka kağızları bir tərəfdən ipoteka kreditləşməsi üçün vəsait cəlb etməklə yanaşı, həm də qiymətli kağızlar bazarının canlanması deməkdir". İpoteka krediti üçün tələb olunan sərt girov şərtlərinin yumşaldılması üçün V.Qasımlı "mənzil sertifikatı" ideyasını irəli sürür: "Mənzil sertifikatı tikinti şirkətləri tərəfindən buraxılan qiymətli kağızlardır. Beləliklə, tikinti sertifikatların satışından alınan vəsait hesabına maliyyələşir. Sertifikat öz sahiblərinə tikilən binaların onların mülkiyyətinə verilməsi hüququnu təsbit edir. Əgər mənzil sertifikatları buraxılsa, bu yolla ipoteka kreditləşməsində girov mexanizmi daha da sadələşəcək". V.Qasımlı onu da bildirib ki, ipoteka kreditlərinin bərpası Azərbaycanda tikinti bazarının timsalında real sektora, ipoteka kağızlarının timsalında qiymətli kağızlar bazarına, habelə, bank, sığorta və qiymətləndirmə xidmətləri infrastrukturuna müsbət impuls verəcək. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Səs"ə verilən məlumata görə, cari ilin may ayı ərzində Bakı şəhəri üzrə tikintisi davam etdirilən yeni tikilililərin sayı keçən aydakı 454 ədədə qarşı 455 ədəd olub. Şəhər üzrə satış üçün təklif olunmuş mənzillərin orta qiyməti, aprel ayı ilə müqayisədə may ayı ərzində daha 1.7% azalaraq 987 $/kv.metrdən 970 $/kv.metrə enib. May ayında da ilkin bazar üzrə əvvəlki ayla müqayisədə qiymət artımı qeydə alınmayıb. Beləliklə də, ipoteka kreditləşməsinin ölkədə tikinti sektorunun inkişafı üçün real dəstək olduğu məlum olur. Bu sahədə yaranan imkanlardan istifadə edən hökumət, ilk növbədə, əhalinin mənzillə təminatı problemini həll etmək üçün çalışır.

Digər xəbərlər