Güzəştli ipoteka kreditlərinin verilməsinə başlandı
Azərbaycan İpoteka Fondunun Mətbuat Xidməti bildirib ki, Azərbaycan Respublikasının 2009-cu il Dövlət büdcəsində güzəştli ipoteka kreditləri üçün nəzərdə tutulmuş 14 mln manat vəsaitin bir hissəsi artıq fondun hesabına köçürülmüşdür. 18 iyun 2009-cu il tarixindən güzəştli ipoteka kreditlərinin verilməsi bərpa edilir. Artıq güzəştli ipoteka kreditini almaq istəyən vətəndaşlar qeyd olunan tarixdən müvəkkil kredit təşkilatlarına müraciət edə bilərlər.
Banklara kredit almaq üçün müraciət edənlərin çox olduğunu deyən Beynəlxalq Bankın nümayəndəsi Niyazi Kərimzadə, bu sahədə problemlərin, demək olar ki, olmadığının bildirib. Bəzən ipoteka şərtlərinin sərt olması haqqındakı xəbərlərə gəlincə isə Niyazi Kərimzadə qeyd etdi ki, əvvəlkindən fərqli olaraq bu dəfə kreditlərin verilməsində bir çox güzəştlər tətbiq olunub. Borcalanın ilkin qiymətləndirilməsi üçün heç bir sənədin təqdim olunması tələb olunmur. İlkin qiymətləndirmə zamanı yalnız müvafiq ərizənin doldurulması və müvafiq məlumatların təqdim edilməsi nəzərdə tutulur. İpoteka krediti vasitəsilə Azərbaycan Respublikasının hər bir yerində mənzil və ya ev almaq olar.
Niyazi Kərimzadənin sözlərinə görə ipoteka kreditləri üçün tələb olunan sənədlərin qəbulu da olduqca sadələşdirilib. Belə ki, kredit alanın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ailəsinin tərkibi haqqında arayış (birgə borcalanların), ailə üzvlərinin şəxsiyyətini tasdiq edən sənədlər (surəti), ipotekaya qoyulan yaşayış səhəsində qeydiyyatda olanlar haqqında arayış, yaşadığı ünvanda qeydiyyatı olması haqqında arayış, nigah (boşanma) haqqında sənədin surəti, əsas və əlavə iş yerlərindən arayış (birgə borcalanların), həyat yoldaşının (ər/arvad) və həddi-büluğa çatmış ailə üzvlərinin mənzilin, girov kimi ipotekaya yerləşdirilməsinə razılığı, daşınmaz əmlak üzrə sahiblik hüququnu təsdiq edən sənəd, mənzil və ya evin qiymətləndirmə aktı (dövlət reyestrindən çıxarış), ipoteka predmeti üzrə hansısa öhdəliklərin və məhdudiyyətlərin olmamasını təsdiq edən sənədlər tələb olunur.
Xatırladaq ki, ipoteka kreditlərinin verilməsi 18 müvəkkil bank tərəfindən həyata keçirilir. Kredit yalnız Azərbaycan Respublikasının vətəndaşlarına verilir. Kredit milli valyuta ilə verilir. Kreditin müddəti - 3 ildən 25 ilə qədərdir. Kredit məbləği - 50 000 manata qədər, illik isə 8 faizdir. Kreditin məbləği girov qoyulmuş daşınmaz əmlakın 85%-lik bazar qiymətini aşmamalıdır. Kredit üzrə əsas borc və faizlər hər ay, bərabər məbləğlə ödənilir. Kredit alanın yaşı kreditin son ödəmə gününə Azərbaycan Respublikasının qanunu ilə müəyyənləşdirilmiş pensiya yaşından çox olmamalıdır. Kredit daşınmaz əmlakın ipotekası ilə təmin olunur
Daşınmaz əmlakın qiymətləndirilməsi müstəqil qiymətlədirici tərəfindən heyata keçirilir. İpoteka sahibinin hüquqları qanuni qaydada dövlət qeydiyyatından keçməlidir.